Mənsur
Əl çəkiblər. Təkliyinə dağılıb. Dilsiz danışır. Susub. Üşüyür. Sarıldıqca tənhalığına titrəyir. Ayaqsızdı. Ağzı kimi də ayaqları da dilsizdi. "Get” demirdilər. Kədər yükü çiynində, büdrəyirdi.
Üzərinə dikilən hər gözdə bir ümid rüzgarı əsdirir. Lakin həmişə uçrum yamacına əllərini uzanaqlıdır. Bəlkə ölüm azad etdi.
Ağac dibindən sovrulmuş yarpaq kimi küləyin səmtinə axır. Neçə dəfə öləcək. Yaşamağa öyrəşmədi. Özünü ölümə hazırladı. Hərdən də keçmişinə yüklənib uşaqlığına qaçdı. Orda yaşadı. Tez qayıdırdı. Xoşbəxtliyin arxa küçəsində dayanıb. Bəlkə bir gün axtardılar deyə.
Qaçır. Təngnəfəs, aldadıcı ilğıma qaçır. Aldanır. Harada olduğunu, hara getdiyini, niyə getdiyini bilmədən ağlayaraq ayaq tələsdirir.
Yaşlarına islanır. Ağlayır. Hərdən daşa ilişirmiş kimi səndələyir. Güc tapıb zorla dayanır. Soyuqdan buz tutmuş böyüklüyünə üşüyür. Gərək uşaq qalardı.
Boş prospektlər, göydələnlər, elektrik lampaları bir-bir sürətlə arxada qalır. Kimsələr yoxdu. Hər şey alatoran içərisindədir. Heç nə görmür. Yenə də yoxuş. Qəhqəqhə qarışıq göz yaşlarına diksinir.
- Adam bu qədər arsız olar? Bu qədər çirkabın içərisində necə gülürsən axı? – öz-özünə donquldandı.
Yoxuşun dərin suları cənginə alır. Sahil görünmür. Lövbər salacaq limanı da yoxdur. Sahillərdə qışqırıq atıb azadlığına qanad çırpıran qağayı da olmaq istəyirdi. Bütün bunlar onu boğurdu.
Təkcə o idimi? Həyat göz yaşı fırtınasından ibarət deyildimi? Fəslin payızında yarpaqlar tökülməlidir axı.
- Ölmək lazımdır. Yox... bəlkə... kaş ki... Əşşi...
Düşünürdü ki, özündən fərqli olaraq, çoxaları həyatı ən kiçik hüceyrəsinə qədər düşünmək hisslərindən məhrumdular. Onun isə belə düşüncələri və zadəgan təkliyi vardı. Göz bulanışı bəlkə də köhnə vərdişdi.
- Hə, belədir – deyib özünə təskinlik verir.
- Belə olmaz! – özünə etiraz edir. Uşaqlığını belə anımsamayacaq qədər yorulmuşdu.
Haradansa, lap uzaqlardan qoyun səs gəldi. Çox mənasızdı. Şəhərin ortasında qoyun nə gəzir? Amma bu səs qırışları naxış əmələ gətirmiş üzünə seziləcək təbəssüm qondurur. Bu onun uşaqlığı idi. Yenə gəlmişdi. Tez getdi. Ağlamayacaq.
- Kişi adama ağlamaq yaraşmaz. Kişi də insandı axı!
Doluxsunur. Göz əritmək istəyir. Edir də. Ağlayır. Banklar və ödəyə bilməyəcəyi yüklü borclar böyük arzular arxasınca gəldiyi şəhəri duzlu suya çevirdilər.
Kimsəzlik, sükut, deyilməli tonlarla söz... Gözlərinin mavi nəmişliyinə susub.
Kimsəsizlik adlı bir işkəncə cəlladı itirib gələcəyi. Nəfəsi halsızlığına susacaq qədər ürəklidir. Yaşamaq adına nə vardısa, imtina etməyə hazırdı. Ümid kisəsində bərəkət olsun deyə heç nəyi qalmayıb.
Bəlkə "stop” demək üçün gizləndiyi yerdən çıxsın? Kim idi axı onunla "gizlənqaç” oynayan? Bu onun xəyallarına məxməri bir baxış yükləyirdi. Lisanı bəlirsiz bir sancıya qovrulardı o an. Başqa vaxta – uşaqlığına, kimsəli günlərinə qayıtmaq istəyirdi. Bunun mümkünsüz olduğunu düşündükcə, tonlarla ürəyində gəzdirdiyi düşüncələrin mənasını itirirdi.
Dişləri arasında iki kəliməlik söz sıxıb saxlayıb:
- Ölmək istəyirəm!
Yoxuşun yorğunluğuna ancaq ölüm dinclik gətirə bilərdi.
Təkliyinə pıçıldayır:
- Bu qədər çirkabın içərisində yaşamaq olmur axı!
Qarşısında ağız boşluğunun bacardığı qədər qışqıra biləcəyi uçurum var. Hava boşluğunda sürətlə qarşısından ötüb keçdiyi "Bank” sözü asfalt üzərində qırmızı mayeyə çevrildi.