Birinci Avropa Oyunlarına danimarkalıların maraqları böyükdür

Səfər Sadiqi: "Onlar Avropa Oyunlarını yüksək qiymətləndirir və bu məqsədlə Bakıya gəlmək arzusunda olduqlarını bildirirlər” "Avropa Oyunları ilk dəfədir ki, keçirilir və yarış Avropa üçün bir yenilikdir. Ümidvaram ki, Avropa Oyunları gözəl bir nəticə verəcək və davamlı olacaq”. Bu fikirləri "OLAYLAR”-a Danimarkadakı "Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi səsləndirib. Bildirib ki, Azərbaycanın təbliğində 2012-ci ildə Bakıda keçirilən "Eurovizon” musiqi yarışması böyük rol oynadı: "İnanıram ki, Avropa Oyunları da Azərbaycanın təbliğində mühüm rol oynayacaq. Torpaqlarının işğal olunmasına baxmayaraq bu problemin sülh yolu ilə həll edilməsinə çalışmağımız və sülhsevər xalq olduğumuz bir daha avropalılara çatdırılacaq. Eyni zamanda Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olmasını dünya xalqları əyani şəkildə görəcəklər”. Səfər Sadiqi deyib ki, Birinci Avropa Oyunlarına gələcək idmançılar və turistlər Azərbaycanın inkişafını, güclü iqtisadiyyata malik olmasını, Bakımızın gün-gündən gözəlləşməsini öz gözləri ilə görəcəklər”. Səfər Sadiqi rəhbərlik etdiyi qurumun Birinci Avropa Oyunları ilə bağlı Danimarkada təbliğat işləri həyata keçirdiyini də diqqətə çatdırıb: " Cəmiyyətimiz tərəfindən Avropa Oyunları geniş təbliğ olunur. Bu oyunlara danimarkalıların maraqları böyükdür. Onlar Avropa Oyunlarını yüksək qiymətləndirir və bu məqsədlə Bakıya gəlmək arzusunda olduqlarını bildirirlər. Danimarkalılarla Azərbaycanda keçiriləcək Avropa Oyunlari barədə daniışanda onların cavabı belə olur:"Hazırda Oyunlar üçün bilet əldə etməyə çalışıram. Həm Oyunlara baxmaq, həm də Bakını görmək istəyirəm”. Cəmiyyət sədri qeyd edib ki, adətən belə yarışmalar, tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır və bir körpü rolunu oynayır: "Avropa Oyunları da belə yarışmalardan olacaq".