Deyirəm bu işbazlar bizi lap çətin duruma salıb. Söhbət heç də qlobal problemlərdən, dünya siyasətindən, erməni-müsəlman davasından, Türkiyə-Rusiya münasibətindən və son olaraq ABŞ-da keçirilən prezident seçkilərindən getmir. Bu gün söhbət açacağımız mövzu çiyələklə bağlıdır. Nədənsə illər keçdikdə bu çiyələyin ölçüləri astronomik həddə böyüyür. Sürətli inkişaf məhsulun həm görünüşünü, həm formasını, həm də dadını dəyişib. O gün bazarda piştaxtaya yaxınlaşıb çiyələk almaq istəyəndə sözün həqiqi mənasında bu meyvəni tanımadım. Dedim bəlkə hər gün 12 saat kompüter qarşısında oturduğuma görə gözlərimdə problem əmələ gəlib?! Dərhal həkimə müraciət etmək qərarına gəldim. Ancaq indiki məvaciblə həkimlərin əlinə düşmək şalvarı satmağa bərabər olduğu üçün elə anındaca bu qərarından vaz keçdim. Satıcı ilə söhbət zamanı məlum oldu ki, satışa çıxarılan sözün həqiqi mənasında çiyələkdir. Ancaq bu çiyələyə necə deyərlər, əməlli-başlı barmaq olunub. İşbazlar yüksək çəki ilə çox pul qazanmaq istəyini məhz bu meyvə üzərində tətbiq edib və uğurlu nəticə hasil ediblər. Elmi dildə Geni Modifikasiya Olunmuş Məhsul kimi bildiyimiz meyvələr arasına çiyələyi də daxil ediblər.
Məsələ nədir? Elmdən də məlum olduğu kimi, normal çiyələyin çəkisi 10-20 qram arasında dəyişir. Növündən asılı olaraq ən maksimal, sanballı çiyələk 20-30 qramdan artıq olmur. Bu gün isə bazara çıxarılan çiyələklər sanki şaftalını xatırladır. Onların çəkisi 50-60 qram təşkil edir. Uzun sözün qisası bu çiyələk o çiyələk deyil. Yuxarıda qeyd etdim ki, bu işbazlar bizi işə salıb. İş isə odur ki, indi gəl sən evdəki uşağa başa sal ki, bu meyvə çiyələkdir. Ardı-arası kəsilməyən suallar qarşısında adam aciz qalır. İlk sual isə axı bu çiyələk o birilərindən böyükdür?? Bu niyə belədir?? Axı bunun rəngi bozarıb??? Deyirəm bəlkə bu yazını oxuyan işbazlar bəlkə bir az qeyrətə gələ.....
Sadaladığım başımıza gələn işlərdən birincisi və ən əsasıdır. Gələk ikinci məsələyə. Aydındır ki, çiyələk fərqli meyvədir. Yəni bu meyvənin tərkibində olan elementlər insan sağlamlığı üçün mühüm rol oynayır. Hətta bu meyvənin yarpaqları belə min bir dərdin dərmanıdır. Tibbi ekspertlər deyir ki, çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob əleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir. Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir. Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər. Bundan əlavə çiyələk qara ciyər üçün də çox xeyirlidir. Qanazlığı zamanı bu giləmeyvənin qəbul edilməsi qanın tərkibini yaxşılaşdırır. Müalicəyə çətinliklə tabe olunan ekzema xəstəliyi (dəri xəstəliyi) zamanı çiyələk yaxşı kömək edir. Çiyələk mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir. Digər meyvə və giləmeyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz. Bu halda mədədə qıcqırma prosesləri başlayır. Çiyələyi qida qəbulları arası yemək lazımdır. Çiyələk hər zaman eşq, romantik münasibətlərlə assosiasiya olunur. Bu da səbəbsiz deyil. Sübut olunub ki, giləmeyvənin tərkibində olan sink mikroelementi həm kişi, həm də qadınlarda seksual meyli artırır. Çiyələk təbii antioksidant olaraq qocalma proseslərini ləngidir. Çiyələk əsasında hazırlanan müxtəlif üz maskaları qırışları hamarlayır, üz dərisini daha cavan və parlaq edir. Bundan əlavə çiyələk maskaları çillər və piqment ləkələri, civzələr ilə mübarizədə çox yaxşı effekt verir. Bu kimi bir çox qiymətli xüsusiyyətlərinə baxmayaraq bəzi insanlara çiyələk zərər gətirə bilər. İlk növbədə bu allergiyadan əziyyət çəkən insanlara aiddir. Güclü allergik xüsusiyyətlərinə malik olduğuna görə bu giləmeyvə hamilə və uşaq əmizdirən qadınlar və balaca uşaqlar üçün əks göstərişdir. Həmçinin mədə xorası və qastrit xəstəliyi olan insanlara da çiyələkdən imtina etmək lazımdır. Çiyələyi ilin soyuq fəsillərində almaq və yemək məsləhət görülmür. Digər meyvə və giləmeyvələr kimi təbii yolla yetişdirilən çiyələyə üstünlük vermək lazımdır. Giləmeyvəni seçdikdə onun xarici görünüşünə fikir verin. Çiyələk orta ölçüdə (çox böyük olmamalıdır!), tünd-qırmızı rəngdə olmalıdır. Bundan əlavə çiyələyin ətri təbii olmalıdır.
Sadalanan bu faktlar onu deməyə əsas verir ki, ölkəmizdə də becərilən çiyələk yaradan tərəfindən məhz insanlar üçün nazil edilən meyvələr arasında xüsusi yer tutur. Təəssüfedici hal isə ondan ibarədir ki, bütün bunlara baxmayaraq bu gün piştaxtalarda harınlamış və standartlardan çıxmış çiyələklər satılır. Aidiyyəti qurumlar isə bunu görmür. Bəlkə də bu qurumlarda çalışanlar belə bu meyvələrdən qidalanır. Çarəsizlikdən....