"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat
Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli
Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması
Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd
Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən
təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə
axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları
nəticəsində bu gün fevralın 28 – də dənizin "Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.
Tapılan meyitin, "Azneft"
İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin
estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat
veriləcək.