Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət başçısının çıxışında səslənən mesajlar yalnız cari vəziyyətin təhlili deyil, həm də qarşıdakı illərdə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, kəndlərin sosial-iqtisadi inkişafına və qeyri-neft sektorunun gücləndirilməsinə hesablanmış strateji baxışın ifadəsi idi.
Prezident İlham Əliyev vurğuladı ki, kənd təsərrüfatına göstərilən diqqətin əsası hələ 2004-cü ildə qoyulmuş regional inkişaf proqramları ilə formalaşmışdır. Dövlət başçısı ilk dəfə Prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən birinin regionların inkişafı olduğunu xatırladaraq bildirdi ki, həmin proqramların mühüm tərkib hissəsini kənd təsərrüfatının inkişafı təşkil edirdi. 2004-cü ildə qəbul edilən ilk beşillik regional inkişaf proqramı ölkənin sosial və iqtisadi həyatında mühüm dönüş yaratdı, bölgələrdə yeni infrastruktur layihələrinin həyata keçirilməsinə geniş imkanlar açdı.
Məhz bu proqramlar nəticəsində Azərbaycanın regionları tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının qeyd etdiyi kimi, bir zamanlar qazsız, işıqsız, yararsız yollar və su çatışmazlığı ilə üzləşən kəndlər bu gün müasir infrastrukturla təmin olunmuş yaşayış məntəqələrinə çevrilib. Hazırda ölkədə qazlaşma səviyyəsinin 96 faizə çatdırılması, elektrik enerjisi sahəsində tam təminatın yaradılması və hətta ixrac potensialının formalaşdırılması dövlət siyasətinin uğurlu nəticəsidir. Magistral yolların, kənd yollarının tikilməsi, Taxtakörpü, Şəmkirçay və digər strateji su anbarlarının inşası kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, aqrar sahənin inkişafında dövlət proqramlarının xüsusi rolu olub. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələr üzrə qəbul edilən proqramlar kənd təsərrüfatına yeni nəfəs verib. Xüsusilə pambıqçılıq sahəsində əldə olunan nəticələr diqqətəlayiqdir. Bir vaxtlar istehsalın 20 min tona qədər gerilədiyi bu sahədə aparılan islahatlar nəticəsində hazırda istehsal 360 min tondan artıqdır. Məhsuldarlığın hər hektardan 1 tondan 3,6 tona çatdırılması aqrar siyasətin səmərəliliyinin göstəricisidir.
Baramaçılığın bərpası da dövlət dəstəyinin mühüm nəticələrindən biridir. Demək olar ki, tamamilə sıradan çıxmış bu sahə yenidən dirçəldilib, ipəkçilik sənayesi inkişaf etməyə başlayıb. Bu isə kənd yerlərində məşğulluğun artırılması və əhalinin gəlirlərinin yüksəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatında subsidiyaların mühüm rolunu xüsusi vurğuladı. Azərbaycan dünyada genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmləri tətbiq edən nadir ölkələrdən biridir. Gübrə və yanacaq subsidiyaları, güzəştli kreditlər, fermerlərə metodik dəstək aqrar sahənin inkişafını stimullaşdıran əsas amillərdir. Bununla yanaşı, dövlət başçısı bu mexanizmlərin daha çevik və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsinin vacibliyini də qeyd etdi.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri isə kənd təsərrüfatı sahəsində son illərdə müşahidə olunan durğunluqla bağlı idi. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, mövcud dinamika onu qane etmir və məhz buna görə yeni Dövlət Proqramının hazırlanması tapşırılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə yeni inkişaf mərhələsini müəyyənləşdirəcək strateji sənəd olacaq.
Dövlət başçısı çıxışında qlobal çağırışlara da toxundu. Müharibələr, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri ərzaq təhlükəsizliyini dünyanın əsas problemlərindən birinə çevirib. Bu şəraitdə hər bir dövlət kimi Azərbaycan da daxili istehsal imkanlarını genişləndirməli, idxaldan asılılığı minimuma endirməlidir.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınması idi. Dövlət başçısı bildirdi ki, məqsəd kəndlərdən şəhərlərə axını artırmaq deyil, əksinə şəhərlərdən kəndlərə qayıdış prosesini stimullaşdırmaqdır. Bunun üçün kəndlə şəhər arasındakı sosial və iqtisadi fərqlər minimuma endirilməlidir. Regionlarda müasir xəstəxanaların, məktəblərin, xidmət sektorunun yaradılması məhz bu məqsədə xidmət edir.
Müşavirədə kənd təsərrüfatı məhsulları üzrə özünü təminetmə göstəricilərinin açıqlanması da mühüm mesaj idi. Prezident İlham Əliyev bəzi sahələrdə yüksək nəticələrin əldə olunduğunu bildirsə də, xüsusilə buğda istehsalında vəziyyətin qənaətbəxş olmadığını vurğuladı. Hazırda Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsi cəmi 55 faizdir və idxalın həcmi yüksək olaraq qalır. Dövlət başçısı bunun qəbuledilməz olduğunu bildirərək istehsalın artırılması üçün əlavə tədbirlərin görüləcəyini bəyan etdi.
Bununla yanaşı, tərəvəzçilik, meyvəçilik, bostançılıq və fındıqçılıq sahələrində Azərbaycan artıq ixracatçı ölkəyə çevrilib. Xüsusilə qoz-fındıq istehsalında Azərbaycanın dünya üzrə qabaqcıl yerlərdən birini tutması aqrar sahənin ixrac potensialını göstərir.
Prezident İlham Əliyev aqroparkların yaradılmasının kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını qeyd etdi. Müasir texnologiyaların tətbiqi, torpaqların elektron xəritələrinin hazırlanması, süni intellekt və peyk texnologiyalarından istifadə gələcək inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Dövlət başçısı vurğuladı ki, hər bir torpaq sahəsinin “pasportu” hazırlanmalı, hansı ərazidə hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyi dəqiq müəyyən edilməlidir.
Çıxışda su təminatı məsələsinə xüsusi yer ayrıldı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri, yeni anbarların tikintisi və kanalların yenidən qurulması ölkənin aqrar potensialını daha da gücləndirəcək. Şirvan və Qarabağ kanallarının bərpası yüz minlərlə hektar torpağın su ilə təmin olunmasına imkan verəcək.
Prezident İlham Əliyev intensiv bağçılıq və istixana təsərrüfatlarının genişləndirilməsinin də prioritet olduğunu bildirdi. Qarşıya qoyulan məqsədlərdən biri 20 min hektar yeni intensiv bağların salınması və istixana sahələrinin genişləndirilməsidir. Bu isə həm daxili bazarın təmin olunmasına, həm də ixrac imkanlarının artırılmasına xidmət edəcək.
Müşavirədə ən mühüm məqamlardan biri dövlət və özəl sektor əməkdaşlığı ilə bağlı oldu. Prezident İlham Əliyev həm yerli, həm də xarici investorları aqrar sahəyə sərmayə qoymağa çağırdı. Dövlət başçısı qeyd etdi ki, 2026–2030-cu illəri əhatə edən proqramın icrası üçün dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı artıq yalnız aqrar siyasət məsələsi deyil, milli təhlükəsizlik, ərzaq təminatı, regional inkişaf və sosial rifah məsələsidir. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın aqrar sektorunun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji yol xəritəsi kimi qiymətləndirilə bilər.
Şahin Seyidzadə
Milli Məclisin deputatı