ABŞ Hərbi Dəniz Qüvvələri şüşədən möhkəm yeni şəffaf material yaradıb.
"Spinel” adlanan materialdan smartfon, noutbuk və kamera obyektivlərinin
ekranlarının qoruyucusu kimi istifadə etmək olar. Son on ildə üzərində
işin aparıldığı material sintetik gil tozundan hazırlanıb və
gülləkeçirməz xüsusiyyətlərə malikdir. ABŞ hərbi dəniz tədqiqatları
laboratoriyasının (NRL) aparıcı tədqiqatçısı Cas Sangerin sözlərinə
görə, əslində "Spinel” mineraldır, yəni maqnezium alüminatıdır. Onun
üstünlüyü şüşədən qat-qat möhkəm, davamlı və bərk olmasındadır. Bu,
aqressiv mühitdə qorumanı daha yaxşı təmin edir. Bu səbəbdən material
torpağın və yağış eroziyasının təsirinə davamlıdır. "Spinel”i praktik
olaraq istənilən formaya salmaq olar və adi gülləkeçirməz şüşədən fərqli
olaraq işıq şüalarını infraqırmızı diapazondan buraxır. Bu isə o
deməkdir ki, yeni material kamera obyektivlərində, məsələn, pilotsuz
uçan aparatların kameralarında, eləcə də smartfon ekranlarında və
qoruyucu şlem maskalarında istifadəyə yararlıdır. "Spinel” "3D” çapda
geniş istifadə olunan bişirmə üsulu ilə hazırlanıb. Bu üsul kristal
hissəciklərin bir-birinə sıx birləşməsini təmin edir. Yeni materialdan
müdafiə sənayesində lazer silahından mühafizə, eləcə də hərbi texnika
üçün şəffaf zireh kimi istifadə etmək nəzərdə tutulur. "Spinel” həmçinin
kosmik peyklərdə ötürücülərin qorumasını təmin edə bilər. Texnologiya
"Spinel”in lazımi sayda buraxmağa hazır olan istehsalçı üçün
lisenziyalaşdırılıb. Hazırda "NRL” texnologiyanı ABŞ-ın digər müdafiə
müəssisələri ilə bölüşməyi planlaşdırır, - "Hi-News” yazır