Romada "İtaliya-Azərbaycan Dostluq” Dərnəyi yaradılıb. Bu barədə qurumun
yaradıcılarından biri türkiyəli jurnalist Dündar Keşaplı məlumat verib.
O, dərnəyi azərbaycanlı həmkarı Rəşad Qurbanovla birlikdə təsis
etdiklərini bildirib. Dündar Keşaplı qeyd edib ki, dərnək
mədəniyyətlərarası əlaqələrə zərbə vurmaq istəyənlərə etiraz əlaməti
olaraq yaradılıb. 25 ildir, İtaliyada yaşayan və Türkiyə mediasında
beynəlxalq layihələri ilə tanınan Dündar Keşaplı əsas məqsədlərinin,
azərbaycanlı həmkarları ilə birlikdə İtaliya və Azərbaycan arasında
əlaqələrinin inkişaf etdirilməsinə təkan vermək olduğunu vurğulayıb.
Qurum mədəniyyət, sənət, dəb, kino və idman sahələrində fəaliyyət
göstərəcək. Dərnəyə iki ölkə arasında rəsmi dairələrdən dəstək
veriləcəyi gözlənilir. Təşkilat sədri Dündar Keşaplı dərnəyin mayın 6-da
Bakıda təqdim ediləcəyini bildirib.