“Milli Şuradan çıxmağıma heyfislənmirəm” – Razi Nurullayev

Milli Şuradan çıxmağıma heyfislənmirəm. Yanlış məlumat yaydıqlarına, işlərini-güclərini xırda ədavət, dedi-qodu və şər-böhtana sərf etdiklərinə acıyıram”. "Sabahinfo"nun məlumatına görə, Yeni Demokratiya Hərəkatının rəhbəri, AXCP sədrinin sabiq müavini Razi Nurullayev belə deyib. R.Nurullayev özü haqqında yalan məlumat yayan bəzi müxalifyönlü mətbuat orqanlarını "xırdaçılıq”da ittiham edib. O qeyd edib ki, bəzi müxalifət nümayəndələri hakimiyyətlə mübarizə aparmaq əvəzinə biri-birilə çəkişirlər: "Hazırda gündəliyimdə nə Milli Şura var, nə də başqa kəslər. Əgər doğru-dürüst müxalifətçilik edəcəksinizsə buyurun, yox əgər yenə də özünüzü müxalifətdə saxlamaq üçün mübarizə edəcəksinizsə, o zaman bunun axırı yoxdur. Çünki, yeni insanlar, yeni siyasi simalar astanadadır. Onların gördüyü işlər və xalqla təması, zatən hər yeri aydınladacaq. Qaranlıq yer qalmayacaq və heç kəsin də nə müxalifət adı altında, nə də lider adı altında gizlənmək imkanı olmayacaq”.