Son zamanlar müxtəlif tikinti şirkətləri xüsusən Bakıda və Abşeron rayonunda vətəndaşlara uzun müddətə, aşağı illik effektiv faizlə və ucuz qiymətə manatla daxili ipoteka kreditləri ilə mənzillər təklif edir. Bəziləri ödəmələri birbaşa, bəziləri isə bank vasitəsilə qəbul edir. Amma bununla belə vətəndaşların xeyli hissəsində sonda fırıldaqçılıq, dələduzluqla üz-üzə qala biləcəyi və mənzillərlə yanaşı, ödədikləri vəsaitlərin də əldən gedəcəyi ilə bağlı qorxu var. Bu qorxu xüsusən əvvəlcədən krediti ödənilərək satın alınan, lakin hələ hazır olmayan mənzillər, binalar üçün daha çoxdur.

Bununla bağlı Milli.Az-ın suallarını cavablandıran daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçıRəşad Əliyev deyib ki, son zamanlar tikinti sektorunun inkişaf etdiyi təəssüratının yaranması aldadıcı olmamalıdır. Ona görə də müəyyən risklər var:

"Ümumiyyətlə, dünyanın istənilən ölkəsində həm iqtisadiyyatda, həm də daşınmaz əmlak bazarında böhran olan vaxt ən birinci zərbə tikinti sektoruna dəyir. Əgər biz Azərbaycan iqtisadiyyatına diqqət etsək, sanki ən çox inkişaf edən elə tikinti sektorudur. Amma bu mənzil tikintisi sahəsinin arxasında real inkişaf görünmür. Bununla yanaşı, görürük ki, tikinti şirkətləri geninə-boluna reklamlar verirlər. Böhrandan qabaq belə bir fikir var idi ki, tikinti sektoru zəifləyəcək, hətta çökəcək, amma bu baş vermədi. Çünki yaşayış mənzillərini tikən şirkətlər yeni satış üsulları seçdilər. Şirkətlər 5-10 illiyə, bəziləri isə bankları cəlb etməklə mənzilləri daha uzun müddətə kreditlə satmağa başladılar. Təbii ki, bu təqdirəlayiq addım idi. Yəni bu yolla şirkətlər böhrandan çıxış yolu tapmış oldular.


Bəs kreditlə mənzil almaq istəyən şəxs sonda çətin vəziyyətə düşməmək üçün ilk növbədə nələrə diqqət yetirməlidir? Ekspert bu suala belə cavab verib: "Hələ tikilməmiş binadan ev alan və aybaay kredit ödəyən vətəndaş ilk növbədə tikinti şirkətinin nüfuzuna diqqət yetirməlidir. Yəni vətəndaş həmin şirkət haqqında məlumat toplamalı, onun əvvəllər harada və necə binalar tikdiyini və satdığını araşdırmalıdır. İkincisi, hansı şirkət ki kredit əməliyyatlarını bank vasitəsilə aparır, bu müsbət haldır. Üçüncüsü isə, tikintisinə başlanılmayan, bünövrəsi atılmayan binadan mənzil almaq ümumiyyətlə tövsiyə olunmur. Vətəndaşın mənzil aldığı binanın nə qədər çox mərtəbəsi tikilibsə, orada risk bir o qədər az olur. Çünki əgər binanın yarıdan çoxu tikilibsə, məntiqlə fikirləşmək olar ki, onun tikilib başa çatması şansı çoxdur. Yox, əgər bina hələ "kotlovandadır"sa, yəni yalnız quyusu qazılıbsa, burada risk faizi yüksəkdir.
Bununla belə, bəzi şirkətlər bir binanı digər binanın pulu ilə tikdiyindən, yəni yeni binanın sifarişinin pulu ilə köhnə binanı tikib təhvil verdiyindən, bəzən yeni binaların tikintisində problemlərlə üzləşməli olurlar. Faktiki belə hadisələr çox olub. Yəni "Əlinin papağını Vəlinin başına" prinsipi ilə hərəkət ediblər, axırda da papaq əllərində qalıblar. Ona görə də vətəndaşlar maksimum diqqətli olmalıdırlar".