Nəriman Həsənzadə "Nuru Paşa” (2009) poemasını
tarixi mövzuda yazmışdır. Əsər on beş sərbəst şeir parçasından ibarətdir. Poema
bədii cəhətdən bitkin əsər olsa da, vahid sujet xətti yoxdur. Əsər XX əsrin əvvəllərində
Nuru Paşanın Azərbaycana gəlişindən və xilaskarlıq missiyasından bəhs edir. Bu
gəlişin səbəbləri tarixi və müasir zaman müstəvisində təqdim olunur. Azərbaycanlıların
soyqırıma məruz qalması detalı ilə iki türk dövlətinin tarixən keçdiyi inkişaf
yoluna şairin münasibətini görmək olur.
Publisistik tonun aparıcı olduğu poemada şair təcrübəsi,
peşəkarlıq mətnin dilinin obrazlı olmasına əngəl törətmir. Buna nümunə əsasında
baxaq: "Ağsuda su qurudumu? Göyçayda çay soğuldumu?”- misralarında əsas qırğın
hədəflərindən olan Şamaxının yaxınlığında yerləşən şəhərlərin adı çəkilib.
Lakin şair bunu sadəcə coğrafi uyarlığa görə etməyib. Həmin şəhərlərin adındakı
"su” (Ağsu) və "çay” (Göyçay) sözləri bədii gözəllik yaratmaqla bərabər, şairə
imkan verir ki, ifadə etmək istədiyi fikri daha mübaliğəli şəkildə versin. Yəni
suyun və çayın qurudulması məcazi məna ilə yanaşı, həqiqi məna da kəsb edir.
Nəriman Həsənzadə böyük tarixi şəxsiyyətə həsr
etdiyi bu poemasında gerçəkliklərlə yanaşı şair ilhamına da önəm vermişdir. Şair
hiss etdiyi, duyduğu türk ruhunu əsərinə də hopdurmuşdur. Əsər belə başlayır
ki, "Nuru paşa at belində, Türkiyədən, Karsadan gəlir”. Müəllif bu gəlişin səbəbini,
"Erməninin xəyanəti – rusdan gəlir, farsdan gəlir. Bakı qətl meydanıdı”-
misralarında göstərir. XX əsrin əvvəllərində ölkəmizdə axıdılan günahsız
qanların qarşısını almağa gələnin kim olduğu dəqiqliyi ilə tanıdılır;
"Alovların qucağına nazirin qardaşı gəlir”. Bu ifadə boşuna işlədilməyib, qardaş
köməyinə yetmək üçün nazir öz qardaşını Azərbaycana göndərir.
Şair qəhrəmanını
öz həqiqi epitetləri ilə oxucusuna təqdim edir: "Fatehlərin varisidir, Turanlı
Şahzadəm mənim”. Bu misralar nə qədər pafoslu görünsə də, bir o qədər də həqiqətin
ifadəsidir. Məlumdur ki, türk sultanlarına "fateh” ləqəbi verilib. "Turanlı
şahzadə” ifadəsi isə türkün coğrafi arealınının göstəricisidir. Turanlı şahzadə
üçün Turanın istənilən bir nöqtəsində köməyə ehtiyac duyularsa, oraya yardımçı
olmaq əsas amaldır.
Əsərin yazılmasında əsas məqsəd Paşanın niyə köməyə
gəlməyə məcbur olduğunu göstərməkdir. Ona görə də, şair Azərbaycanın o zamankı mövcud
durumunu belə canlandırır: "Ermənilər pusqudaydı top-tüfənglə. Gəncəlilər - yol
üstündə duz-çörəklə”. Yəni onun gəlişinin səbəbi Azərbaycanın xilaskarı
missiyasını yerinə yetirməkdir. Ermənilər top-tüfənglə pusquda olsalar da,
yerli əhali xilaskarını duz-çörəklə qarşılamağa hazır idi. Şair bu qətliamlarla
paralel olaraq götərir ki, azərbaycanlıların qanının töküldüyü bir zamanda "Hələ
Bakı Sovetində iclas gedir, məşvərətdi. Bu məşvərət qırğınlara bəraətdi Bu bəraət-
bu millətə xəyanətdi”. Müəllif xalqımızı bu qırğınlara gətirən tarixə də nəzər
salır. Qüdrətli türk imperiyalarını və imperatorlarını detalları ilə
xatırladır:
Səlcuqların əli çatmır bu haraya, şahı matdı.
Şah babam Eldəniz yatmır, Atabəylər narahatdı.
Xətayinin
qılıncını göndərərdi Səfəvilər,
dilində "Allahu-Əkbər!”,
Türkün
qılınc ləhcəsində danışardı erməniylə.
Bu
misralarda şair dövlətçiliyimiz tarixinə xronoloji ardıcıllıqla nəzər salır. Səlcuqlar,
Atabəylər, Səfəvilər kimi beynəlxalq nüfuza malik olan türk imperatorluqlarının
varislərinin çağdaş durumu ilə barışa bilmir. O cür imperiyaların qurucusu olan
türklərin ermənilərlə onların başa düşəcəyi "qılınc ləhcəsində” danışmasını
haqlı hesab edir.
Bəllidir ki, türkün öz döyüş qaydaları var. Əsərdə
o da xüsusilə önə çəkilib ki, "Türk qaçanı nişan almaz kürəyindən. Tikan çıxdı
Avropanın, Rusiyanın ürəyindən”. Tükün mərdi-mərdanə savaşına girməkdən çəkinən
həmin adları çəkilən böyük dövlətlər tarixən sünni-şiə məsələsi ilə türkləri
bir-birinə qarşı qoymağı bacarmışlar. Türkün qaçanı qovmadığı böyük sərkərdələrin
əmməllərində də sübut olunub. Bu kimi real həqiqətlər heç kəsə sirr deyil. Bununla
belə, qovulmalı olan işğalçını qovmaq lazım olanda həmrəylik göstərmək vacib şərtdir.
Yaranmış möcud tarixi şəraitdə türk sərkərdələri də Azərbaycanın köməyinə gəlməyi
əsl qardaşlıq borcu bilirlər.
Şair xilaskarın missiyasını qabartmaq üçün o gələnədək
ölkəmizdə baş verən faciələrin böyüklüyünü təqdim edir: "Bir cəhənnəm səhnəsiydi,
Şamaxı zəlzələsiydi, Şamaxıda qətl-qarət!”. Bu misralarda ermənilərin törətdikləri
soyqırımların həddi göstərilir. Amansız erməni-xristian birliyi varsa, onlara
qarşı mərdanə duruş gətirən türk birliyi də var. Əslində poemadan çıxan məntiqi
nəticə budur. Əsərin son bölümündə şairin ümidləri yenidən pöhrələnir:
Ey türk oğlu,
haraylasan onu nə vaxt,
- Nuru paşa doğulacaq,
doğulacaq,
doğulacaq elə o vaxt.
Bununla da bir-birinə qardaşlıq dəstəyi göstərən
iki türk dövlətinin apardığı milli siyasətə işarə edilir. Təbii ki, yenidən
doğulacaq Nuru Paşalar əcdadları tərəfindən müəyyən edilmiş adət-ənənələrə
böyük ruh yüksəkliyi ilə əməl etməlidirlər.
Gülnar
Səma