SABAHİNFO-nun yazısına ADPU-dan-REAKSİYA

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov Sabahinfo.az internet saytında 2019-cu il aprel ayının 2-də "Lerikdən Prezident İlham Əliyevə müraciət” sərlövhəli yazıya cavab olaraq redaksiyamıza məktub göndərib. Məktubu olduğu kimi sizə təqdim edirik: "Sabahinfo.az internet saytında 2019-cu il aprel ayının 2-də "Lerikdən Prezident İlham Əliyevə müraciət” sərlövhəli yazı dərc olunmuşdur. Həqiqətdən uzaq, əsassız, yalan və böhtan xarakterlihəmin yazıya cavab olaraq bildiririk ki, Vidadi Fərzəli oğlu Hüseynov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin Tədrisin keyfiyyətinin idarə olunması və monitorinq bölməsinin nəzarətçisi vəzifəsində işləmişdir. Vidadi Hüseynovun 06.02.2017-ci il tarixli ərizəsinə əsasən ADPU Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. Vidadi Hüseynova qarşı heç bir haqsızlığa, ədalətsizliyə yol verilməmişdir. Dövlət başçısına ünvanlanan müraciəti imza edən 207 nəfər Lerik rayon sakininin görünür ki, bu barədə dəqiq məlumatı yoxdur. Çox təəssüflər olsun ki, Vidadi Hüseynov onları yanlış məlumatlandırmış, hətta məsələni siyasiləşdirməyə çalışmışdır.

Müraciətdə iddia edilir ki, guya Vidadi Hüseynovdan iki ərizə alınıb. Bu fikirlər həqiqəti əks etdirmir. Əgər belə bir hal olmuşdursa, birincisi, Vidadi Hüseynov niyə ərizə yazırdı, ikincisi, bu barədə məhkəməyə, yaxud digər müvafiq dövlət təşkilatlarıına niyə müraciət etmirdi? Əmək müqaviləsinə xitam verildikdən uzun müddət sonra Vidadi Hüseynov Azərbaycan Respublikasının dövlət və hakimiyyət orqanlarına saysız-hesabsız məktublar yazaraq işdən haqsız çıxarılmasını iddia etmişdir. ADPU adıçəkilən orqanlara Vidadi Hüseynovun yazdığı ərizənin və barəsində verilmiş əmrin surətlərini təqdim etmişdir. Bütün bu həqiqətlərə əhəmiyyət verməyən Vidadi Hüseynov Lerik rayon sakinləri adından dövlət və hakimiyyət orqanlarına haqsız müraciətlər yazır, əsassız tələblər qoyur. Diqqətinizə çatdırmaq istəyirik ki, Vidadi Hüseynov Kimya və biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kaferdrasında müəllim işləmək istəyir. Vidadi Hüseynov bilməlidir ki, müəllim vəzifəsini tutmaq üçün Əmək Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq müsabiqədən keçmək lazımdır. ADPU-nun Vidadi Hüseynovun qarşısında hər hansı bir öhdəliyi yoxdur.Müraciətdə göstərilən digər məqamlarda Vidadi Hüseynovun subyektiv fikirləri, şəxsi mülahizələridir. Bu fikir və mülahizələrin isə heç bir hüquqi əsası yoxdur. Onu da qeyd etmək istəyirik ki, Vidadi Hüseynovun eyni mahiyyətli ərizələri araşdırılaraq 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə və Təhsil Nazirliyinə müvafiq yazılı cavablar verilmişdir.

Son illər ADPU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, aşkarlığın, şəffaflığın və obyektivliyin təmin edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün böyük islahatlar, yeniliklər, layihələr həyata keçirilir. ADPU–nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, tədqiqat universiteti statusunu qazanması üçün səmərəli məqsədyönlü fəaliyyət gerçəkləşdirilir. Bu səmərəli məqsədyönlü fəaliyyət ADPU-nun çoxminlik professor-müəllim heyəti və tələbə kollektivi, eyni zamanda ölkənin təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir.

Xüsusi qeyd etmək istəyirik ki, ölkəmizin bütün vətəndaşları dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim üçün dəyərlidir. Belə olan halda reqionçuluğu, yaxud etnik mənsubiyyəti iddia etmək əsassızdır və ədalətsizlikdir. Belə həqiqətə uyğun olmayan müraciət isə minlərlə əməkdaşın işlədiyi universitetdə aparılan uğurlu yeniləşmə, müasirləşmə prosesinə kölgə salmağa çalışmaqdır.

Biz belə gerçəklikdən uzaq yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək, universitetin rəhbərliyinin şərəf və ləyaqətinə kölgə salmaq cəhdi kimi qiymətləndiririk. İctimaiyyətin, xüsusilə də, ictimai rəyin ölkədə aparılan islahatlara dəstəyi olduqca vacibdir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin bütün kollektivində böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Bu tip yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Buna görə də hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq daxil olan məlumatları tam və hərtərəfli araşdırmağı, yoxlanılmadan dərc edilməməsini xahiş edirik”.

P.S SABAHİNFO.AZ saytı olaraq məsələni diqqətdə saxlayacayıq. Yaxın günlərdə məsələ ilə bağlı geniş araşdırmanı siz oxucularımızın diqqətinə çatdıracayıq.