15 iyun Milli Qurtuluş Günü münasibəti ilə umumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə
tədbir iştirakçıları Umummilli liderin xatirəsini ehtiramla yad etmiş, abidəsi
önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Heydər Əliyev Mərkəzində
davam etdirilmişdir.sabahinfo.az-a verilən məlumata görə tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim
Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etmiş,
Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulamışdır. Rayon rəhbəri
qeyd etmişdir ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı
arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox
idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını
kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı.
Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə
təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız
təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac
duyulurdu. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda
xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı
düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. O
dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində
narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc
münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə
bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb
olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç
nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və
dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət
anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz
müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən
ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm
də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı
parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin
iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin
başladığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını,
səriştəsizliyini göstərdi. Qardaş qanı axıdılarkən belə, nəticə çıxarılmadı,
vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi. Cənub
bölgəsinə Əlikram Hümbətovun qanunsuz hərəkətləri, şimalda separatçılıq
meyllərinin güclənməsi ilə müşayət olunan vəziyyət daha da gərginləşməyə
başladı. Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və
bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi
ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş günü kimi
xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
Xalqın
təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də
Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən,
fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş
idi.
Sonra rayon prokuroru Azər Hətəmov, Gənclər və İdman
İdarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5
saylı tam
orta məktəbinin tarix müəllimi Nigar
Vəliyeva çıxış
etmişlər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri
olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-məciliyə, xaosa,
vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirmişlər. Qeyd olunmuşdur
ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.
Tədbirin
sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə
vəsiqələr təqdim edilmişdir.
Sonra
tədbir "Heydər park”ında rayon mədəniyyət evinin "Tərtər” xalq çalğı alətləri
ansamblının konsert proqramı ilə davam etmişdir.