Çığırdan ZƏFƏRƏ gedən YOL- Yunus Oğuzun “Cığır” romanının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Cığır" romanının təqdimat mərasimi keçirilib. Mərasimdə ölkənin elm adamları, ziyalılar, Yazıçılar Birliyinin rəhbərliyi və İdarə Heyətinin üzvləri, KİV nümayəndələri və paytaxtın 200 saylı məktəbinin bir qrup şagirdi iştirak edib.

Təqdimat mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Cığır" romanı haqqında ətraflı məlumat verib.

"Cığır" romanının Şuşanın salınmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizə həsr olunduğunu deyən Nizami Cəfərov diqqətə çatdırıb ki, roman Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın olduqca mürəkkəb dövrdə paytaxt üçün etibarlı bir yer axtarması, bu zaman rastına çıxan ağsaqqal Nəsrəddin kişi ilə məsləhətləşməsindən başlayır: "Yazıçı öz üslubuna sadiq qalaraq bütün əsər boyu dövrün siyasi mənzərəsini, baş verən hadisələrin tarixi köklərini, coğrafi miqyasını təsvir edir. Birinci növbədə heç də az olmayan tarixi mənbələrə əsaslanır, təxəyyülünün cilovunu buraxanda çalışır ki, bu mənbələrin verdiyi təəssüratları zədələməsin"

Şuşanın bizim mədəniyyət tarixi və intibah şəhərimiz olduğunu deyən Nizami Cəfərov yazıçının əsərdə Şuşanı çox gözəl tərənnüm etdiyini də iştirakçıların diqqətinə çatdırıb: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji hünəri və siyasi müdrikliyi sayəsində Azərbaycanın milli intibah şəhəri, bu gün isə mədəniyyət paytaxtı Şuşanın düşmən əsarətindən xilas edilməsi elə bir möhtəşəm hadisədir ki, bütövlükdə milli-tarixi yaddaşı hərəkətə gətirməklə ədəbi-ictimai şüur qarşısında geniş iştirak üfiqləri açdı. Və məhsuldar yaradıcılıq axtarışları ilə Azərbaycan xalqının  tarixinin müxtəlif dövrlərinə romanlar miqyasında müfəssəl analitik təhlil verməklə kifayətlənməyib keçmişlə bu günün sələf-xələflik münasibətlərinin genotipologiyasını aşkarlamağa xüsusi maraq göstərən Yunus Oğuzun Şuşanın "tərcümeyi hal"ına müraciət etməsi, əlbəttə, ilk növbədə həmin möhtəşəm hadisənin-Şuşa zəfərinin əks-sədasıdır. Görkəmli yazıçı-mütəfəkkirin on illərlə daxilində, ruhunda gəzdirdiyi nisgil Şuşa görüşlərindən, ziyarətlərindən sonra vulkan kimi püskürərək onun düşüncələrindəki milli təəssübkeşliyi bütün hərarətlə üzə çıxarır".

Nizami Cəfərov: "Yunus Oğuz Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib"

Akademik qeyd edib ki, Yunus Oğuz  romanında Ali Baş Komandanın çox dəyərli bir obrazını yaradır. Onun hərbi sahədə gördüyü işlər, Ali Baş Komandan kimi Qarabağın azadlıq mübarizəsinə başladığı əksini tapır.  Nizami Cəfərov deyib ki, yazıçı öz əsərində Qarabağın azadlığının Valdayda, "Qarabağ Azərbaycandır, nida"  ilə başladığını oxucuların diqqətinə çatdırıb: "Hələ Tovuz döyüşlərindən bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində çıxış edərkən belə bir cümlə işlətdi. "Qarabağ Ermənistandır, nöqtə". Prezident İlham Əliyev isə onun cavabını çox gecikdirmədi. Soçidə, Valday konfransında, daha çox dünya siyasətçilərinin toplaşdığı bir məclisdə demişdi. "Qarabağ Azərbaycandır, nida". Tezliklə bu şüar xalqın dilində əzbər oldu, hər yerdə "Qarabağ Azərbaycandır!" deyilməyə başlanıldı". Nizami Cəfərov deyib ki, yazıçı Qarabağın azadlığı mesajının məhz Valdayda, Ali Baş Komandan tərəfindən verildiyini oxucuların diqqətinə çatdıraraq daha sonra mübarizənin diplomatik müstəvidən hərbi müstəviyə keçdiyini mərhələli şəkildə əsərdə ifadə edib: "Şuşanın, ümumən Qarabağın düşmən işğalından xilası barədəki komandanı Azərbaycan Prezidenti, əslində Valdayda-bütün dünyanın gözləri qarşısında hər bir azərbaycanlının ruhunu silkələyən, canına-qanına işləyən "Qarabağ Azərbaycandır, nida" sözlərilə vermişdi. Silahları hərəkətə gətirən sonrakı əmr isə yalnız ordu üçün idi. O ordu üçün ki, Azərbaycan xalqının və Ali Baş Komandanın iradəsini bilavasitə həyata keçirirdi. Qarabağ uğrunda aparılan Vətən müharibəsində xalqla hakimiyyət arasındakı anlaşmadan doğan mənəvi-ruhi rezonans, hər bir vətəndaşın daxilindən gələn qeyri-adi vətənpərvərlik romanda təqaüdünü orduya köçürən şəkili Hikmət babanın, üç oğlunu birdən müharibəyə göndərən Gülbaba kişinin, şəhid ərinin cənazəsini qəbir evinə öz çiynində aparan xanımın bədii təxəyyüldən yox, həyatdan gələn obrazlarında əks olunmuşdur". 

Nizami Cəfərov onu da deyib ki, əsərdə fəlsəfi baxışlar, ədəbi düşüncələr də yer alır. Akademik onu da deyib ki, yazıçı "Cığır" romanında Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib və bu cığırın sonradan Zəfər yoluna çevrildiyini oxucuların diqqətinə çatdırıb: "Ermənilər işğal etdikləri Şuşanın təbiətinə, ruhuna bələd olmadıqları üçün cığırdan da xəbərləri olmur. Şuşaya hücuma hazırlaşan Azərbaycan xüsusi təyinatlılarına bu barədə Nəsrəddin kişi, (Pənahəli xan dövründəki Nəsrəddin kişinin törəmələrindən) məlumat verir və əsgərlər Şuşaya məhz həmin cığırla qalxırlar". Nizami Cəfərov deyib ki, romanın sonluğu, Şuşanın işğaldan azad edilməsi səhnələri xüsusi sənətkarlıq, hətta demək olar ki, eşqlə, vəcdlə işlənilib. Yazıçının təsvir-təfərrüatdan daha çox detallara üstünlük verməsi də buradan irəli gəlir. Roman Ali Baş Komandanın 2020-ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə bitir. "Əziz Şuşa, Sən Azadsan!", "Əziz Şuşa, Biz Qayıtdıq!". O sözlərlə ki, Şuşaya qalxan yalnız azərbaycanlılara məlum cığırı bütün dünyada məşhur, geniş Zəfər Yoluna çevirdi".

Yunus Oğuz yaradıcılığı, onun yazdığı tarixi romanlar, əsərlərin təkcə Azərbaycanda deyil, eyni zamanda ölkədən xaricdə də geniş yayıldığını, ayrı-ayrı dillərə tərcümə edildiyini diqqətə çatdıran Nizami Cəfərov deyib ki, qardaş Türkiyədə də Yunus Oğuz yaradıcılığı diqqət və maraqla izlənilir. O bildirib ki, indiyə qədər Yunus Oğuzun bir çox romanları, əsərləri Hüseyn Adıgözəl tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılaraq qardaş ölkədə çap edilib. Nizami Cəfərov müəllifin "Cığır" romanının da  türkiyəli dostlarımız tərəfindən Türkiyə türkcəsinə də uyğunlaşdırılaraq çap olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nizami Cəfərov Yunus Oğuz yaradıcılığına olan həm daxili, həm də xarici marağı onunla əlaqələndirib ki, o həm keyfiyyətli, həm də məhsuldar işləyir.

Elnarə Qaragözova: ""Cığır" yeni dövrün ən gözəl nümunəvi  romanıdır"

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə Qaragözova deyib ki, ədəbi mühitdə gedən proseslərə, tendensiyalara nəzər saldıqda Vətən müharibəsindən sonrakı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının başlandığını əminliklə qeyd edə bilərik. Onun sözlərinə görə, bu tendensiya müstəqillik dövrü ədəbiyyatının əsas mövzularından biri olan Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranması ilə bağlıdır: "44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması XXI əsrin müharibəsi və XXI əsrin hərbi-siyasi liderinin dünyada qəbul olunması kimi xalqımız üçün önəmli olan, vətənimizin nəinki müasir, hətta yüzillər sonrakı taleyini müsbət yöndə dəyişdirən hadisələrin ədəbiyyatımızda əksini tapması bu etapın əsas xüsusiyyətidir. Bu kontekstdə Zəfərimizin simvolu olan və gələcəkdə qələbəmizin arxetipik obrazına çevriləcək olan Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin  2022-ci ili "Şuşa İli" elan etməsi ədəbiyyatın qarşısında yeni kontekstdə, yeni reallıqda, yeni mövzu ilə bağlı məsuliyyətli vəzifələr qoyur. Daim tarixi roman janrı ilə bağlı intensiv yaradıcılıq axtarışlarında olan Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş yeni romanı -"Cığır" məhz bu vəzifələrin  həlli baxımından ədəbiyyatımız üçün böyük önəm kəsb edir". Elnarə Qaragözova deyib ki, "Cığır" romanında hadisələr 3 zaman kəsiyində təqdim edilir: "Şuşanın inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal olunduğu 1992-ci il və Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin ortalarında coban Nəsrəddinin Pənahəli xana göstərdiyi gizli cığır Şuşanın inşası üçün əsas rol oynayır. Pənahəli xanın göstərişi ilə Nəsrəddin kişinin oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri bu cığırın sirrini nəsildən-nəsilə keçirərək qoruyurlar. "Nəsrəddin cığırı" tarix boyu Şuşanın qorunmasında, düşmənə zərbə vurulmasında mühüm rol oynayır". Natiq qeyd edib ki, Məhəmmədhəsən xanın Şuşaya hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batalyonu məhz bu cığır vasitəsilə düşmənə sarsıdıcı zərbələr vurur. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın 28 il ərzində tapa bilmədikləri  Pənahəli xandan yadigar sirrini, heç  bir xəritədə əks olunmayan cığırın varlığını məhz Pənahəli xanın mühafizə rəhbəri qəhrəman Muradın nəslinin sonuncu  nümayəndəsi olan 70 yaşlı Nəsrəddin Murad dövlət orqanlarına bildirir. Yunus Oğuz "Cığrı" da daha öncəki tarixi romanlardan oxucuya tanış olan Murad obrazını yeni strixlərlə təqdim edir. Yazıçı romanda çoban Nəsrəddinin Səfəvi xanədanı ilə bağlılığını dilə gətirməklə onun nəslinin Azərbaycan dövlətiçiliyinin  qorunmasındakı rolunun, cığırın qoruyucusu olmasının təsadüfi olmadığını vurğulayır.  Maraqlıdır ki, hər üç tarixi dövrdə cığırdan istifadə edən "kölgə döyüşçülər" düşməni eyni üsulla, xəncərlə (biçaqla) boğazlarını kəsərək zərərsizləşdirirlər. Bu faktla yazıçı yalnız Muradın daşıdığı sirrin deyil, "kölgə əsgər" taktikasının da hərbi-tarixi ənənə formatında ötürülməsini göstərir". Elnarə Qaragözova deyib ki, Tovuz döyüşlərinin aurası, dövlətin xalq və Vətən sevdası, xalqın Vətən və dövlət eşqi romanda gerçəkliyin bədii boyalarla əksinin ən gözəl nümunəsi kimi diqqəti cəlb edir: "Koronavirusla mübarizə fonunda xarici dövlətlərin təzyiqləri altında Ali Baş Komandan Azərbaycan üçün yeni cığır açır, sentyabrda isə "Dəmir Yumruq" işə düşərək bu cığırı 44 gün ərzində Zəfər yoluna çevirir".

Natiq hesab edir ki, Yunus Oğuzun bu romanı yeni dövr Azərbaycan ədəbiyyatının əsərlərindəndir və "Cığır" yeni dövrün ən gözəl nümunəvi  romanıdır: "Artıq ədəbiyyat tarixi zəfəri cəmiyyətə təqdim etməyə başlayıb və müxtəlif əsərlər, romanlar yazılır, işıq üzü görür. Bu baxımdan "Cığır" romanı mühüm əhəmiyyət kəsb edir". Elnarə Qaragözova onu da diqqətə çatdırıb ki, əsərdə həm erməni, həm də Azərbaycan dövlət xadimlərinin obrazları realist boyalarla təsvir edilib: "Ali Baş Komandan İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, general-mayor Polad Həşimovun, millət vəkili Qənirə Paşayevanın, Prezidentin köməkçisi Hikmət Hacıyevin, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin və digərlərininn parlaq obrazları oxucuda nə qədər rəğbət doğurursa, Ermənistanın baş naziri Nikol Paşinyanın, Anna Akopyanın, Tonoyanın, Ter-Petrosyanın, Zori Balayanın obrazları bir o qədər ikrah və nifrət yaradır". Natiq sonda onu da qeyd edib ki, yazıçı əsərdə Türk ruhunu da ortaya qoyur, Türkün gücünü oxucularına, dünyaya çatdırır: "Əmir Teymurun əsrlər öncə söylədiyi "Mənim xalqım da, ordum da bir yumruqdur. Hara yönəltsəm ora gedəcək" sözləri XXI əsrdə Azərbaycan lideri İlham Əliyevin timsalında, "Dəmir Yumruq" formatında türkün qüdrətini bir daha dünyaya hayqırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir. Rəcəb Tayyib Ərdoğan  və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən sərlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır".

Azərbaycan Yazıçılar Birliyinin sədrinin birinci müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Yunus Oğuzun yaradıcılığı, xüsusilə son illərdəki fəaliyyətini xüsusi qeyd edib və bildirib ki, yazıçı kifayət qədər məhsuldar işləyərək Azərbaycan oxucularına dəyərli əsərlər, tarixi romanlar bəxş edir. Rəşad Məcid Yunus Oğuzun daimi oxucularından birinin onun anası olduğunu da söyləyib: "Yunus Oğuzun yazdığı əsərlər, tarixi romanların ilk oxucularından biri mənim anamdır. Adətən onun işıq üzü görən kitablarını anam oxuyur, öz münasibətini mənə bildirir. Mən də anamın həmin əsərə, kitaba olan münasibətini Yunus Oğuza çatdırıram. Sonuncu romanı da anam oxuyub bir xeyli tərif etdi". Rəşad Məcid qeyd edib ki, bu kimi kitablar, tarixi əsərlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini hesab edir ki, bu kimi tarixi romanlar, kitablar nə qədər çox çap edilsə, gənclərimiz də bir o qədər vətənpərvər olar, dövlətə, Vətənə məhəbbət hissi onlarda daha çox formalaşar. Rəşad Məcid də qeyd edib ki, Yunus Oğuz yaradıcılığına təkcə Azərbaycanda deyil, eləcə də ondan kənarda, xüsusilə Türkiyədə böyük diqqət var. O, indiyə qədər Yunus Oğuzun bir neçə kitabının Türkiyədə çap edilməsini bu marağın, diqqətin bariz nümunəsi kimi xarakterizə edib. Sonda AYB-nin sədr müavini Yunus Oğuza yeni yaradıcılıq uğurları arzulayıb.

Mehmet Nuri Parmaksız: "Yunus Oğuz türk dünyası sevdalısıdır"

"Cığır" romanının Türkiyə türkcəsinə çapını reallaşdıran Mehmet Nuri Parmaksız Yunus Oğuz yaradıcılığından söz açıb. Bildirib ki, Yunus Oğuz bir türk tarixçisi və tarixi roman yazarıdır. O bildirib ki, Türkiyə sərhədləri xaricində ən çox əsərləri Türkiyədə, Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunan Azərbaycan, Türk yazarıdır. Mehmet Nuri Parmaksız bu illər ərzində Yunus Oğuzun bir sıra əsərlərinin Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edildiyini diqqətə çatdırıb: "Yunus Oğuzun bütün əsərlərində ana mövzu Türk millətidir. Yunus Oğuz türk dünyası sevdalısıdır. Onun üçün maddiyyat əsas deyil. Əsas dövlət, xalq, türk dünyasıdır".

Mehmet Nuri Parmaksız çıxışında Şuşanın və romanın əhəmiyyətlindən də danışıb. Bildirib ki, romanda onun diqqətini çəkən bir neçə qəhrəman var: "Romanda adları keçən və cığırın sirrini açan şuşalı Nəsrəddin Murad, şəhid ərinin tabutunu çiyinlərində daşıyan Narıngül, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba, 3 oğlunu müharibəyə yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub tökülsə də silahdaşını çiynində daşıyan kəşfiyyatçı Kamran, ayaqları Qubadlıda basdırılan Camal və s. real qəhrəmanlardır".

Mehmet Nuri Parmaksız əmin olduğunu bildirib ki, Qarabağa, Şuşaya açılan bu cığır qısa vaxtda Zəngəzur yoluna istiqamət götürəcək. Natiq erməni vəhşiliyi, terrorizmi və separatizmindən bəhs edən daha çox kitabların yazılıb işıq üzü görməsi, dünyaya yayılmasını zəruri hesab edib. Bildirib ki, ermənilər dünyanın müxtəlif ölkələrində öz yalanlarını yayırlar: "Biz də çalışmalıyıq ki, bu kimi romanlar müxtəlif dillərə tərcümə edilib yayılsın. Biz bir olduğumuz müddətcə kimsə bizə yalnış gözlə baxa bilməz".

Mehmet Nuri Parmaksız onu da iştirakçıların diqqətinə çatdırıb ki, indiyə qədər Qarabağ uğrunda çalışdıq və bundan sonra da çalışacağıq: "Bundan sonrakı fəaliyyətlərimiz də Qarabağın bərpası və  türk dünyasının daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində olmalıdır".

Yazıçı Elçin Hüseynbəyli də "Cığır" romanının kifayət qədər zəngin olduğunu deyib, romanda həm tarixilik, həm də müasirliyin əks olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bu kimi romanlar tarixilik, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından önəmlidir: "Yunus Oğuzun tarixi romanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun əsərləri bir qayda olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onların vətənpərvər böyüməsində mühüm rol oynayır". Elçin Hüseynbəyli Yunus Oğuza yeni yaradıcılıq uğurları diləyib, yeni-yeni sanballı, cəmiyyəti, xüsusilə gənclərimizi maarifləndirə biləcək əsərlər yazıb ərsəyə gətirməyi arzulayıb.

Vaqif Yusifli: "Azərbaycanın tarixi romanları içərisində Yunus Oğuzun öz cığırı var"

Filologiya elmləri doktoru, professor Vaqif Yusifli deyib ki, Yunus Oğuzun bütün romanlarında tarixilik  özünü göstərir: "Tarixi romanlarında tarixi şəxsiyyətləri doğru- düzgün formada təqdim edən Yunus Oğuz "Cığır" romanında da buna sadiq qalır. Yunus Oğuzun romanlarında tarixiliklə müasirlik vəhdət təşkil edir". Vaqif Yusiflinin sözlərinə görə, romanda ayrı-ayrı səhnələr var ki, orada qəhrəmanlar ən yüksək səviyyədə təqdim edilir. Professor sonda onu da qeyd edib ki, Azərbaycanın tarixi romanları içərisində Yunus Oğuzun öz cığırı var.

"Xalq" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının  İdarə Heyətinin üzvü Əflatun Amaşov Yunus Oğuzun zəngin yaradıcılığa malik olduğunu deyib.  Onun əsərlərinin qardaş ölkədə çap edilməsini alqışlayan Əflatun Amaşov bu istiqamətdə digər yazarların da fəallıq nümayiş etdirməsini, öz əsərlərini xarici ölkələrdə çap etdirib yaymalarını məqsəduyğun hesab edib: "Yaxşı olardı ki, Azərbaycanın digər yazıçı və şairlərinin əsərləri də Türkiyə türkcəsinə çevrilərək işıq üzü görsün. Eyni zamanda qardaş ölkənin imkanlarından istifadə edilərək həmin əsərlər dünyaya çatdırılsın. Bununla yazarlarımız dünyaya çıxış əldə edə bilərlər".

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı Yəhya Babanlı Yunus Oğuzun "Cığır" romanını olduqca unikal və milli dövlətçiliyimiz baxımından əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, Yunus Oğuz artıq ölkə miqyaslı yazıçı çərçivəsindən çıxaraq dünya miqyaslı bir yazara çevrilib: "Yunus Oğuz artıq dünya azərbaycanlılarının oxucusuna çevrilib". Yəhya Babanlı da "Cığır" romanının gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə müsbət təsirlərindən danışıb: "Yunus Oğuzun əsəri ona görə olduqca uğurludur ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə hesablanıb. Belə əsərlərin yazılması gənclərin vətənpərvər ruhda böyüməsi baxımından çox önəmlidir".

Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Teyyub kitabın məziyyətlərindən, onun gənclərin vətənpərvər ruhda tərbiyə olunmasındakı rolundan, eləcə də Yunus Oğuz yaradıcılığından danışıb. O, Yunus Oğuzun bütün romanlarında, əsərlərində Azərbaycan tarixinin məşhur sərkərdələri, qəhrəmanlarının öz layiqli yerini tapdığını, müsbət obrazlarının xalqa çatdırıldığını dilə gətirib. "Yunus Oğuz mənim üçün şəxsiyyətdir. Onun çığırı artıq yola çevrilib. Həm də bu yol artıq Dünya azərbaycanlılarının yoludur".

Sonda çıxış edən müəllif təqdimat mərasiminə təşrif buyuran hər kəsə öz dərin minnətdarlığını bildirib. Roman yazmağın heç də asan olmadığını deyən Yunus Oğuz deyib ki, roman yazmaq həm də belə demək mümkünsə bir xəstəlikdir: "Onun içinə girdinsə oranı tərk edə bilmirsən. Gərək davam edəsən". İndiyə qədər bir çox tarixi romanlarının işıq üzü gördüyünü diqqətə çatdıran yazıçı onların bir çoxunun xarici dillərdə də çap edildiyini, Orta Asiya respublikaları, qardaş Türkiyədə oxucuların ixtiyarına verildiyini iştirakçıların diqqətinə çatdırıb. Yunus Oğuz hələlik yazmağa davam edəcəyini, oxucuları üçün yeni əsərlər yazacağını vurğulayıb. Sonda iştirakçılara müəllifin "Cığır" romanı təqdim edilib, xatirə çəkili çəkdirilib.

Qeyd edək ki, tədbirdə həmçinin "Cığır" romanının Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edilmiş variantı da təqdim edilib.