“DiplomaSkills” layihəsi mədəniyyət gecəsi ilə yekunlaşıb   

15 dekabrda “DiplomaSkills: Gənc diplomatların bilik və bacarıqlarının artırılması proqramı” layihəsi çərçivəsində yekun tədbir — Mədəniyyət gecəsi keç irilib. Bakı şəhərində təşkil olunan tədbirdə 50 nəfər iştirak edib. Mədəniyyət gecəsi layihə iştirakçılarının bir araya gəlməsi, əldə etdikləri təcrübəni bölüşməsi və müxtəlif mədəniyyətlərin tanınması baxımından layihənin yekun mərhələlərindən biri olub. Layihə çərçivəsində keçirilən təlimlər zamanı gənclər beynəlxalq münasibətlər, diplomatik protokol, liderlik və effektiv ünsiyyət sahəsində nəzəri və praktiki biliklər əldə ediblər. Simulyasiya oyunları və praktiki tapşırıqlar iştirakçıların real diplomatik situasiyalara hazırlığını gücləndirib. Mədəniyyət gecəsi layihə iştirakçıları arasında ünsiyyətin və şəbəkələşmənin inkişaf etdirilməsi baxımından da əhəmiyyət daşıyıb. Layihənin nəticələrinə əsasən, iştirakçılar həmyaşıdları və digər iştirakçılarla fikir mübadiləsi aparmaq, komanda şəklində işləmək və yeni əlaqələr qurmaq imkanları əldə ediblər. Layihənin yekununda iştirakçılar əldə etdikləri bilikləri təsdiqləyən sertifikatlarla təltif olunublar. Hesabata əsasən, layihənin əsas məqsədləri — gənclərin diplomatiya sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq münasibətlərdə effektiv fəaliyyətə hazırlıq və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi — yerinə yetirilib.