“Ədəbiyyat adamı” mükafatı təqdim olundu

Azərbaycan Dillər Universitetində Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatının təqdimetmə mərasimi keçirilib.

Sabahinfo.az xəbər verir ki, mərasimdə çıxış edən fondun sədri, Xalq yazıçısı Kamal Abdulla “Ədəbiyyat adamı” mükafatı haqqında məlumat verib. Qeyd olunub ki, mükafat hər il təşkil olunur, il ərzində fəal və səmərəli yaradıcı fəaliyyətlə məşğul olan ədəbiyyat adamlarına təqdim olunur.

Kamal Abdulla qeyd edib ki, fond ədəbiyyatın, incəsənətin inkişafına öz töhfəsini vermək məqsədini qarşısına qoyub. "Ədəbiyyat adamı" layihəsi də bu işlərin bir parçasıdır.

Daha sonra “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar Nərmin Kamal, Xəyyam Rəfili, Yaşar Bünyad və təltif olunublar. 
Kulis.az saytının baş redaktoru Ulucay Akif təşkil etdikləri müsabiqənin qaliblərinə göstərilən diqqət üçün təşəkkürünün bildirib: “Kamal müəllim getdiyi hər yerdə ədəbiyyat mühiti yarada bilir. Bu universitetdə də, həmin mühiti yaratdı. Mən Kamal müəllimə təşəkkür edirəm ki, seçimini bizim keçirdiyimiz müsabiqənin qalibləri üzərindən etdi”.

Akademik Muxtar İmanov, professor Şahin Xəlilli, professor Həmidə Əliyeva və başqaları “Ədəbiyyat adamı” mükafatının təqdim olunmasının əhəmiyyətindən danışıb, təşəbbüsü yüksək dəyərləndiriblər.

Qeyd edək ki, “Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.