Erkən nikahların qarşısının alınmasında ailə və məktəb əməkdaşlığı gücləndirilməlidir   

Erkən nikah uşaqların hüquqları, təhsili və gələcək inkişaf imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərdən biridir. Qanunvericilikdə nikah yaşı ilə bağlı müəyyən edilmiş tələblərə baxmayaraq, problemin sosial səbəblərinin aradan qaldırılması üçün davamlı maarifləndirməyə ehtiyac qalır. Xüsusilə yeniyetmə qızların hüquqlarını bilməsi və gələcəkləri ilə bağlı məlumatlı qərarlar verə bilməsi vacibdir.

 

Erkən nikahın qarşısının alınmasında yalnız hüquqi mexanizmlər kifayət etmir. Məktəb, ailə, yerli icma və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir. Yeniyetmə qızların qarşılaşa biləcəyi risklər barədə həm onların özləri, həm də valideynləri düzgün və sadə dildə məlumatlandırılmalıdır.

 

Fond olaraq apardığımız fəaliyyətlərdə əsas diqqəti qızların maarifləndirilməsinə, onların özünəinamının artırılmasına və liderlik bacarıqlarının inkişafına yönəltməyi vacib hesab edirik. Öz hüquqlarını bilən, təhsil və peşə imkanlarından xəbərdar olan qızın gələcəklə bağlı seçim imkanları da genişlənir.

 

Valideynlərlə aparılan söhbətlər zamanı erkən nikah məsələsinə yalnız ailə və ənənə prizmasından yanaşmaq düzgün deyil. Burada uşağın təhsil hüququ, sağlamlığı, gələcək əmək imkanları və sosial inkişafı da nəzərə alınmalıdır. Ailələrə problemin mümkün nəticələri barədə obyektiv və maarifləndirici məlumat verilməlidir.

 

Bizim əsas məqsədimiz ailə ilə qarşıdurma yaratmaq deyil, ailəni problemin həllinin bir hissəsinə çevirməkdir. Erkən nikahların qarşısının alınması üçün maarifləndirmə məktəblərdən başlayaraq icmalara qədər genişləndirilməli və qızların gələcəyi üçün daha çox alternativ imkanlar yaradılmalıdır.

 

Müzəffər Ələddinov

Fondun prezidenti