"Maklersiz bağ kirayə götürənlərin söhbəti həmişə dava-dalaşla bitir. Çünki axırda bağ sahibi bir söz deyir, kirayənişin başqa bir söz". Bunu alqı-satqı firmasında çalışan Kamil Verdiyev deyir. Yay başlanan gündən bağ kirayəsi mövzusu da aktuallaşıb.
Makler Fərhad Nemətov deyir ki, bəzən insanlar üçün şərait o qədər də önəmli olmur: "Adam var, deyir ki, mənə bağ hər gün dənizə gedib-gəlmək üçün lazımdır. O halda həmin müştəri şəraitə çox da önəm vermir. Köhnə mebel, hamam-tualetin səliqəsiz olması kimi məsələlər qalır arxa planda. Yox, əgər kirayənişin ailəlidirsə və uşaqları ilə birgə keyfiyyətli bir tətil keçirmək istəyirsə, hər cür şəraiti, hovuzu olan bağ arzulayır".
"Yeni Müsavat"ın araşdırması zamanı o da üzə çıxdı ki, dəbdəbəli, yüksək təmirli bağların sahibləri azyaşlı uşaq sahiblərinə bağ kirayələməkdən uzaq dayanırlar. Çünki zəng etdiyimiz əksər bağ sahiblərinin ilk sualı "ailəlisiz, uşaqlarınızın yaşı neçədir?" oldu. Onlar bunu belə əsaslandırırlar ki, uşaqlı ailə dağınıq olur, evin təmirinə, əşyalara ziyan verir və sonradan onların təmiri baha başa gəlir.
Yazının girişində rəyinə yer verdiyimiz Kamil Verdiyev isə deyir ki, məhz bu kimi məqamlara görə firma vasitəsilə bağ kirayələmək daha sərfəlidir: "Çünki bizim iştirakımızla müştəri bağı təhvil alır. Əşyaların durumu, sayı qeyd olunur. Səhəri gün ev sahibi kirayənişinə "sən filan şeyi xarab elədin, qırdın, sıradan çıxardın" ittihamını irəli sürə bilmir. Bundan başqa, ev sahibi yalandan müştəriyə "mənim filan əşyam vardı, sən oğurladın" tipli söz də deyə bilməz".
400 manatdan 800 manatadək...
Ötən illərlə müqayisədə 400-500 manat olan bağ tapmaq mümkünsüzdür. Araşdırmalarımız zamanı aylıq kirayəsi 800 manat olan bağların sayca azlıq təşkil etdiyini gördük. Onlar da təmirsiz, hovuzsuz, nimdaş əşyalarla. Amma lüks, hovuzlu, şıq əşyalı villaların aylıq kirayəsi 3000-4000 manatdan aşağı deyil.
Fatmayi, Novxanı qəsəbələrində, dəniz kənarına yaxın yerlərdə villaların kirayəsi üçün ayda 2500-3500 manat ödəmək lazım gəlir. Dənizdən 500-700 metr aralı 1-2 otaqlı mənzil icarəyə götürmək üçün 800 manat, 3-4 otaqlı, hər şəraitli, dənizdən 500 metr aralı olan mənzildə qalmağa isə 1000-2000 manat xərc çəkmək lazımdır. Amma Fatmayidə aşağı şəraitli, 2 otaqlı bağ evlərinin kirayəsi 700 manatdan başlanır.
Hövsanda şəraitsiz 1 otaqlı bağ evinə 700 manat, şəraiti olanlara isə 800-1000 manat pul vermək lazımdır.
Zuğulbada 400 metr dənizə yaxın olan bağ evlərinə ayda 700 manat, villalara isə 1000-1500 manat pul vermək lazımdır.
Mərdəkanda dənizə yaxın villa kirayələmək üçün 3500-4000 manat, 1-5 otaqlı, hər cür şəraiti olan bağ evi tutmağa 1000-2000 manat arası, şəraitsiz tək otaq icarəyə götürməyə isə 500-1000 manat arası xərc çəkməlisən.
Günlük kirayə - 25 manatdan 700 manata qədər
Builki araşdırmamızda üzə çıxan bir başqa nüans isə gündəlik bağ kirayəsinin sayının artması idi. Bu kateqoriyada əsasən çox şıq villalar yer alır. Ev partiləri, ad günləri, nişan, hətta ailə arası toy keçirmək üçün villa kirayələyənlər var. Villanın durumundan asılı olaraq birgünlük kirayə 300-700 manat arası dəyişir.
Amma əməkdaşımız axtarış zamanı birgünlük kirayəsi 25 AZN olan bağ da tapdı. Fotolardan və bağ sahibi ilə danışıqdan məlum oldu ki, bura əsasən kasıb ailələr müraciət edir. Bağda paltaryuyan maşın, kondisioner yoxdur. İkiotaqlı bağda kirayənişinə ancaq quru taxt verilir.
Çox vaxt bağ sahibləri ilə kirayənişin arasında hər hansı müqavilə də bağlanmır. Bu halda isə kirayənişinlə ev sahibi arasındakı öhdəliklər problemə çevrilir: "Biz daha çox sıradan çıxmış kondisioner, ya su motoru, eləcə də evdə sınmış qab-qaşığa görə ev sahibi ilə kirayənişin arasında problem yarandığını görürük. Ev sahibi deyir ki, bunu ödəməlisən. Kirayənişinsə deyir, mənim evim deyil, bunu əvvəldən deməliydiniz. Ona görə də müqavilə şərtdir".
Bu arada bir aylıq bağ kirayəsi bir çox hallarda 10 günlük ölkə xaricindəki istirahətdən daha başa gəlir. Rəyini soruşduğumuz paytaxt sakinləri deyirlər ki, quruca divara 1 ay boyunca 1000 manat ödəmək heç də sərfəli deyil. Bağ istirahəti məsrəfli prosesdir - alış-verişi, yeməyi, dəniz istirahəti pul tələb edir. Təkcə bir dəfə dənizə getmək, masada oturmaq üçün 10 manat ödəmək bir ay boyunca 300 manat deməkdir. Belə də bağ istirahəti insana minimum 2000-2500 manata başa gəlir. Bunun yemək bişirmə, qab-paltar yuma, ev yığışdırma kimi fiziki əziyyətlərini də nəzərə alanda... Həmin məbləğə Türkiyədə 10 günlük ailəlikcə istirahət etməyi daha perspektivli hesab edənlər var. Üstəgəl, daha təmiz dəniz və yüksək səviyyədə qulluğun müşayiəti ilə...