İbtidai siniflərdə dərsdənkənar məşğələlərin faydası və zərərləri.

Kiçikyaşlı məktəblilərin gündəlik rejimində məktəbdən sonrakı vaxtın proqramlaşdırılmasının böyük əhəmiyyəti var.Ancaq bu proqram cox ehtiyatla və müəyyən limit daxilində tərtib edilməlidir.

Ümumiyyətlə, uşaqlar enerji ilə doludurlar və onların bu enerjini bir şəkildə sərf edib ,xərcləməyə ehtiyacları var.Lakin şübhəsiz ki , bu enerjinin düzgün şəkildə çıxarılması və bunda valideynin rolu çox əhəmiyyətli məsələdir.Biz hər zaman övladlarımızın yanında olmalıyıq, onları düzgün istiqamətləndirib, stimul verməliyik ki,bədii, akademik, atletik və bu kimi digər yaradıcı sahələrdə öz əlavə enerjilərini səmərəli  işlədə bilsinlər.Məktəb kurikulumunda bu sahələrin bir çoxu var və müəyyən dərəcədə əhatə olunur.Məsələn, bədən tərbiyəsi,rəsm, musiqi,texnologiya, həyati bacarıqlara əsaslanan elm və s.Bu dərslərin keçirilməsi şagirdlər üçün imkan yaradır ki, özlərinin daha çox maraq göstərdikləri və istedadlı olduqları sahələri kəşf edib, inkişaf etdirsinlər.Lakin, bu dərslərin məzmunu və tədris saatlarının miqdarı onlara sonsuz və ölçüyəgəlməz imkanlar tanımır və yaradıcı təfəkkürlərini və istedadlarını ümidverici şəkildə inkişaf etdirmir.Belə olduqda isə dərsdənkənar məşğələlər üçün ehtiyac yaranır.Lakin , övladınızı öz istəyiniz və seçiminizlə hər hansı bir dərnəyə, məşğələyə və ya digər bir münasib inkişaf proqramına yönəltməmişdən əvvəl bəzi nüansları diqqətlə nəzərdən keçirmək lazımdır.

Qərarı kim verməlidir?

Haqqqında söhbət gedən kiçikyaşlı bir məktəbli olsa belə, ona dərsdənkənar məşğuliyyət növünü seçmək hüququ tanımaq lazımdır.Bir az diqqətlə yanaşıb, həssaslıqla götür-qoy edib, onun seçiminin arxasında dayanan və onun üçün mühim olan motivasiyanı görmək lazımdır.Bəs görəsən uşaqlar zaman-zaman hər hansı bir məşğuliyyətə istiqamətlənərkən öz böyük bacı və qardaşlarından, yaşıdlarından, müəllimləri və valideynləri tərəfindən hər hansı bir təzyiqlə üzləşirlərmi? Sözsüz ki, kiçik qız və ya oğlan uşağı saysız-hesabsız dəfə bu cümlələri özündən böyüklərdən eşidib:”Sən ailənin musiqiçisi olacaqsan! Sənin rəsm sahəsində böyük istedadın var! Sən idmançı, bacınsa rəqqasə olacaq” və s.Baxmayaraq ki, bu ifadələrlə biz onları həvəsləndirmək, istiqamətləndirmək niyyətində oluruq, nəticə isə tamami ilə fərqli olur.Bu təsir uşaqda gizli hədəflərə yönəlir  və onda başqalarının gözləntilərini doğrultmaq üçün gostərilmiş təzyiq təəssüratı yaradır.Uşaq nə vaxtsa bir gün , öz –özünə sizin istədiyiniz bir istiqamətə könüllü meyl edə bilər.Lakin sizin ondan hər hansı bir sahədə ən üstün olmasını gozləməyiniz və istəməyiniz fikri onun əslində bu sahədə var olan istedadını və bacarığını boğub , məhv edə bilər.

Bəs nə etməli?

Uşaqlarınızı tanımağa çalışın,onlarla söhbət edin, suallar verin və çalışın  müəyyənləşdirəsiniz ki, onları nə etmək, nə ilə məşğul olmaq həyacanlandırır.

Bəs biz onlar üçün  istirahətə,dostlarla oynamağa, ailə ünsiyyətinə və ev tapşırıqlarına kifayət qədər asudə vaxt saxlayırıqmı?

Əvvəldə də qeyd etdiyim kimi, ibtidai sinif şagirdləri çox enerjilidirlər və onların öz enerjilərini sərf etmək üçün müəyyən məşğuliyyətə ehtiyacları var. Lakin eyni zamanda böyüklər kimi istirahətə və asudə vaxta da ehtiyac duyurlar.Bundan əlavə sosiallaşmaq və ailə ilə qarşılıqlı ünsiyyətdə olmaq onların psixoloji, emosional və nisbi inkişafında həlldici nüansdır.Bu səbəblərdən ,əlbəttə, onlara kifayət qədər istirahət və ev tapşırıqları üçün zaman saxlamaq lazımdır.Diqqətli olmaq lazımdır ki, onların cədvəllərini əlavə məşğələlərlə məşğul edərkən, uşaqlar istirahət və oyun şanslarından məhrum olmasınlar.

Bəs əgər övladınız heç bir kənar məşğuliyyətə meyl etmirsə, nə etməli?

Bəzi ailələrdə bu sahədə problem məşğuliyyət növünün seçilməsi və müddətinin müəyyən edilməsində deyil, ümümiyyətlə olmamasında yaranır.Çünki, uşaqların bir qismi utancaq, evdən kənara çıxmağı sevməyən, özünəinamsız və ya həddindən artıq özgüvənli olurlar.Nəticə etibari ilə də heç bir sahədə irəliləyiş və ya uğur qazana bilmirlər.Əgər siz valideynlər aşağıda qeyd olunanlara uyğun davransanız, heç bir təzyiq göstərmədən onları hər hansı bir məşğuliyyətə istiqamətləndirmək olar:

1.Onda özünəinamı onun gücünə inanmağınızla təsdiqləmək.

2.Başqa uşaqlarla dostluq bağları qurmağına yardımçı olmaq.

3.Son dövrlər məktəbdə hansı dərslərdən daha çox xoşlandığını araşdırmaqla onu buna yaxın  və əlaqəli bir fəaliyyət növünə yönəltmək.

4.Hansı məşğuliyyətin onu həyacanlandırdığını diqqətlə müşahidə etmək və bu isiqamətdə tərəddüdlərinin nədə olduğunu müəyyənləşdirməyə çalışmaq.

Ən əsası odur ki, uşağınızı heç bir şeyə məcbur etməyin və təzyiq göstərməyin .Onun qərarları ilə zaman zaman hesablaşmağı və onalara hörmətlə yanaşmağı öyrənin.Yanlışlarını düzəldərkən belə ona nə qədər güvəndiyinizi hiss elətdirin.Onun dərsdən sonrakı vaxtını sevdiyi və maraqlarına uyğun bir məşğuliyyətlə keçirməsini təmin edin.

Əgər uşagınızın fiziki enerjisi çoxdursa və məktəbdə yaşıdları ilə tez tez əl-qol savaşına çıxırsa, bunun qarşısını almaq üçün secdiyiniz atletik fəaliyyət sahələri onun akademik nəticələrinin zəifləməsinə və məktəbdə geriləməsinə səbəb olmaz ki?

Qətiyyən! Bu səbəblə  heç bir zaman narahatlıq keçirməyin.Əksinə,əyləncəli və fiziki yorğunluq yaradan məşğələlər uşaqlarınızın həm fiziki sağlamlığına, həm də zehni inkişafına təkan verə bilər.Onların akademik uğurlarını hətta artıra bilər. Əlavə məşğələlərdə düzgün zaman və məkan bölgüsü aparılarsa, məktəbdəki uğurları daha da artar.

Hər bir valideynin borcu uşaqlarına dərsdənkənar məşğuliyyətin məqsədəuyğun növünü seçmək üçün komək etməkdir.Əsas odur ki, bu məşğuliyyət faydalı olmaqla yanaşı onu əyləndirsin və onu cəlb etsin.Ona əlavə bir yükə çevrilməsin.

Kürdəmir şəhər 1 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova.