07 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon
Təşkilatında "Multikulturalizm və tolerantlıq diyarı - Azərbaycan” adlı
tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə
Mahmudova, YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev,
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev, rayon ictimaiyyəti və fəal
gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
müavini İradə Mahmudova bildirmişdir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda
"Multikulturalizm ili” elan etməsində məqsəd Azərbaycanda
multikulturalizmin ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf
etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir.
İ.Mahmudova qeyd etmişdir ki, artıq Azərbaycan multikulturalizmi bütün
dünya üçün örnəyə çevrilməkdədir və bir sıra dövlətlər
multikulturalizmin Azərbaycan modelinə üstünlük verərək, həmin modeli öz
ölkələrində tətbiq etmək istəyirlər.
Sonra çıxış edən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı
direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
layihələr şöbəsinin müdiri Sərxanbəy Xudiyev və digər çıxışçılar
bildirmişlər ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti
baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin
paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca
xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm
mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək
mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya
prosesi ilə əlaqədardır. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu
istiqamətdə də uğurlu inkişafını davam etdirəcəkdir. Bunun üçün
Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur.
Nərimanov rayonunda fəaliyyət göstərən 6 dinin icma, "Sodrujestvo”
Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin rayon şöbəsi, Rus
Mədəniyyət Mərkəzi, Şevçenko adına Ukrayna İcması, Azərbaycan – Rus
İcmasının rayon Şöbəsi ilə konstruktiv əməkdaşlığın və ictimai
əlaqələrinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır.