Gələcəyə yönəlik çox vacib olan yol xəritəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi əhatəli və geniş məzmunlu müsahibəsi nəyinki ölkəmizdə böyük marağa səbəb olub həmçinin, xarici ölkə mediası dövlətimizin başçısının müsahibəsindəki mühüm məqamları fikir və mülahizələrini fərqli başlıqlarla dünya ictimaiyyətinin diqqətinə təqdim edib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müsahibəsində Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair gələcəyə yönəlik çox vacib olan yol xəritəsi cızdı.

Cənab Prezident İlham Əliyev xalqımızı düşündürən və qayğılandıran proseslər, eləcə də xoş məzmunu ilə hər birimizi ürəkdən sevindirən, gələcəyə daha da ümidləndirən hadisələr haqqında olduqca maraqlı, vacib və təsirli açıqlamalar verdi.

Ölkə başçımız: “İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”. Bəli, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Azərbaycanın dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınmasında dünyanın ən aparıcı islahatçı lideri İlham Əliyevin sayəsindədir. Buna görə də Cənab Prezident vurğulamışdır ki, “Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır”

Dövlət başçısı İlham Əliyev bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımının müşahidə olunması barədə fikirlərini bildirərək qeyd edibi ki: “Bizim iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır” İki ildir bəşəriyyəti çətin sınaqla üz-üzə qoyan qlobal böhranla mübarizəyə, Qarabağın inkişafı istiqamətində bərpa-quruculuq və yenidənqurma işlərinə baxmayaraq Azərbaycanda bir dənə də olsa sosial layihə təxirə salınmayıb. Bu da bir daha təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının yüksək təminatı prinsipi dayanır. Bunu Prezident İlham Əliyevin sosial sahədə gerçəkləşdirdiyi islahatlar da bir daha təsdiqləyir. Təkcə postmüharibə dövründə reallaşan sosial layihələrə nəzər yetirsək, buna şahidlik etmiş olarıq. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır.

Cənab Prezidentin mətbuat konfransında toxunduğu vacib məqamlardan biri də “Qərbi Azərbaycan” mövzusunun beynəlxalq arenaya çıxarılması idi. Xüsusi işçi qrupunun yaradılıması və vahid konsepsiyalar üzərində işlərin başlandığını bir daha diqqətə çatdırıb. Mən əminik ki, tarixi zəfərimiz Qərbi Azərbaycana qayıdışımızı yaxınlaşdırır.

Ölkə başçısının qarşıda duran hədəflərlə bağlı dediyi sitatı xatırlatmaq istərdim: - Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar.

Bu gün Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik - Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var. Bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir. Bununla bağlı Prezident öz çıxışında bildirib: “2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. Komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrimizin sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarıb, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir; - Azərbaycanın orta hesabla ixrac imkanları təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri, – iki layihə artıq reallaşır, biri günəş, biri külək elektrik stansiyası, üçüncü layihənin reallaşması yaxın aylarda nəzərdə tutulur, - bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Azərbaycan bu layihələrə 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir, - onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan - “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik;

- Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub; Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək. Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”.

Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalış­maqla, xalqın maraq və mənafelərinə ca­vab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Qeyd edilənlər nəzərə alınmaqla tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalış­maqla, xalqın maraq və mənafelərinə ca­vab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaq­la ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyası­nın layiqli daşıyıcısı olduğunu təsdiqləyib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Hicran Hüseynova