Hacı Zaur Tarverdiyevdən Zəfər Günü TƏBRİKİ

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm günlərdən biri də 8 Noyabr-Zəfər Günüdür. Bu elə bir tarixdir ki, bu tarixin içində vandalizmə qarşı mübarizə, haqsızlıqların dəf edilməsi, torpaq sevgisi, vətən sevdası yatır.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və indiki şərtlərdə və indiki geosiyasi vəziyyətdə cəmi 44 günə ərsəyə gələn Zəfərimiz sözün həqiqi mənasında bizim haqqımız idi.

Bu Zəfərin arxasında xalq-iqtidar birliyi, milli iradə, dövlət və dövlətçilik sevgisi dayanır.

Müasir hərb tarixinə XXI əsrin yeni nəsil müharibəsi kimi daxil olan 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, texnoloji üstünlüyünü, sarsılmaz döyüş ruhunu nümayiş etdirdi. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizi daha da gücləndirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, Silahlı Qüvvələrimiz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı.

Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində hərbi məhsullarımız nümayiş olunur.

44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu çağırışı da edir ki, ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunasından, müxtəlif mötəbər platformalardan bu çağırışı da edir ki, biz əraziləri işğal altında olan ölkə, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.

Noyabrın 8-də Şuşa şəhərinin unikal, sıldırım qayalara dırmanmaqla əlbəyaxa döyüş taktikası ilə azad edilməsi Ermənistan ordusunun hərbi müqavimətini tamamilə qırdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Zəfərimizə gedən yolda canında keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik.

Allah Ali Baş Komandan, cənab prezident İlham Əliyevi qorusun. Onun həyata keçirdiyi siyasəti dəstəkləyir və bu siyasətin daha da geniş arenada təbliği yolunda hər zaman əlimizdən gələni edirik.

Hacı Zaur Tarverdiyev

SAHİBKAR