"Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun güc-qüdrəti ilə bərabər, işğalçının faşist xislətini də göstərir"

Ötən ilin payızında ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrətinin, yüksək döyüş ruhunun nəticəsində təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad edildi. Bu möhtəşəm Qələbə bütün dünyaya xalqımızın torpaq-yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, milli birliyini nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, Vətən müharibəsində ordumuz erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğularını qəhrəmanlıqla dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını, canlı qüvvəsini sıradan çıxardı. Bununla da Silahlı Qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyi təsdiqləndi.

Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti Ermənistan və onun havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Dövlətimizin başçısı müdrik siyasəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi, ədalətli Qələbəni reallaşdırdı.

Azərbaycanın haqq savaşı Ermənistanın Azərbaycana qarşı qaldırdığı əsassız iddialar fonunda bir daha işğalçı ölkənin faşist ideologiyasına xidmət etdiyini bütün dünyaya göstərdi.

Rəşad Mahmudov daha sonra deyib: “Prezident İlham Əliyev ölkəmizə müdrik rəhbərliyi ilə 17 il ərzində Azərbaycanı bu Qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşdırmışdı. Dövlətimizin başçısı münaqişənin davam etdiyi uzun bir dövrdə çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırmışdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya yaymış, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırmışdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təminatı üçün ciddi səylər göstərmişdi.

Prezident İlham Əliyev müharibənin davam etdiyi günlərdə də xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə alırdı”.

Deputat, həmçinin xatırladıb ki, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı da Azərbaycan Ordusunun 44 gündə yüksək döyüş ruhunun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu Qələbə bayramında uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin qənimət kimi götürülən hərbi texnikasının bir hissəsinin nümayişi də qürurverici hadisə kimi yadda qaldı. Bu, eyni zamanda, kapitulyasiyaya imza atan Ermənistanın, həmçinin ona havadarlıq göstərən dövlətlərin illərlə yaratdıqları “məğlubedilməz erməni ordusu” mifinin darmadağın edildiyinin bir daha təsdiqi faktına çevrildi.

Düşmənin qənimət kimi götürülən hərbi texnikasından söz düşmüşkən, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev paytaxtda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 3 dekabr 2020-ci il tarixli müvafiq Sərəncam imzaladı. Ötən müddətdə sənədin icrası istiqamətində mühüm işlər görüldü və nəhayət dövlətimizin başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi.

Paytaxtın Xətai rayonunda yaradılan parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları bir tərəfdən Azərbaycan Ordusunun güc-qüdrətindən, digər tərəfdən işğalçının faşist xislətindən, vəhşiliyindən, hərbi cinayətindən xəbər verir.

Milli Məclisin deputatı açıqlamasını belə yekunlaşdırıb: “Erməni faşistləri tərəfindən işğaldan azad edilən ərazilərimizdə tarixdə heç zaman unudulmayacaq vandalizm əməlləri törədilib, şəhər və kəndlərimiz yerlə bir edilib, tarixi irsimiz tamamilə dağıdılb, təbii sərvətlərimiz talanıb. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında bu barədə deyib: “İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq.

Dövlətimizin başçısı çıxışında vurğuladığı kimi, bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur. Bu parlaq nailiyyətlə yeni reallıq yaranıb. Bu reallıq qan tökülərək, cəsarət göstərilərək, düşməni qovaraq reallaşdırılıb. İndi isə düşməndən təmizlənən ərazilərimizdə həmin reallıqdan irəli gələn genişmiqyaslı bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsinə başlanılıb. Əsas diqqət, istək isə bir məqsədə – insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımızın tez bir zamanda canlanmasına, yurd yerlərimizin gülüstana çevrilməsinə yönəldilib”.