İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına təsir göstərib

Asəf Kazımov,
ADPU-nun Tədris departamenti,
Monitorinq vəqiymətləndirmə
şöbəsinin müdiri


Azərbaycan son 18 ildə dünyada bənzəri olmayan bir inkişaf yolu keçib. Sosial sahədə çoxsaylı islahatlar aparılıb, iqtisadiyyat üç dəfədən çox artıb, iqtisadiyyata 300 milyard dollara yaxın investisiya yatırılıb. Ölkənin strateji valyuta ehtiyatları son 10 ildə 2 dəfəyə yaxın artaraq 52 milyard ABŞ dollarına çatıb və bu rəqəm bütövlükdə ölkənin ÜDM-ni üstələyib.

Yola saldığımız 2021-ci ildə də iqtisadiyyatın artım tempi müşahidə edilib və inkişaf göstəriciləri yüksəlib. Ölkə başçısı cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycanın hərtərəfli inkişafına təminat yaradan iqtisadi uğulara daha geniş yer ayıraraq ölkəmiz ötən ildə bu sahədə yeni uğurlar qazandığı qeyd etmişdir. Ölkənin neft sahəsindən asılılığını aradan qaldırmaq istiqamətində görülən tədbirlər öz səmərəsini verib və qeyri-neft sektorunda artım əldə olunub. İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına təsir göstərib. İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye artım məhz bu rəqəmdə özünü əks etdirir.

Xatırladaq ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

İqtisadi strategiyanın uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib. Minimum əməkhaqqı və minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.

Azərbaycanın strateji valyuta ehtiyatları respublikada makroiqtisadi sabitliyin qorunması, fiskal dayanıqlığın, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və layihələrin maliyyələşdirilməsində ciddi rol oynamaqla yanaşı, ölkənin iqtisadi cəhətdən qüdrətlənməsində və etibarlı tərəfdaş kimi beynəlxalq imicinin formalaşmasındada mühüm rol oynayır. Keçənilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilib.

Son illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcminin əhəmiyyətli dərəcədə artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Respublikamızda bu məsələ ilə əlaqədar Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda müvafiq sərəncamlarla Dövlət proqramları və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib, həmçinin digər sənədlər qəbul olunub. Məhz bunun nəticəsidir ki, COVID-19 pandemiyası ilə bağlı çətinliklər fonunda, habelə quraqlıq və su qıtlığı şəraitində ötən il dövlətimizin başçısının müsahibədədə diqqətə çatdırdığı yüksək göstəricilər əldə edilib.

Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Ölkəmizin əsas təchizatçısı olan Rusiyada taxılın həm qiymətləri, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Bununla əlaqədar Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb. Dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.

Ümumiyyətlə, Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı proqram icra edilir. Sıfırdan salınan şəhər və kəndlərdə yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası nəzərdə tutulub. Yeni hava limanınları tikilir, 100 kilometrlərlə dəmir yolu, minlərlə kilometr avtomobil yolu çəkilir, digər irihəcmli işlər reallaşdırılır. Qısa müddətdə bütün istiqamətlərdə xeyli işlər görülüb. Bütün bunlar yalnız Azərbaycanın maliyyə resursları hesabına, heç bir kənar dəstək olmadan həyata keçirilir. Aparılan işlərin sürəti də onu göstərir ki, yaxın zamanlarda bu proses yekunlaşacaq, sakinlər öz ata-baba yurduna qayıdaraq orada əbədi xoşbəxt yaşayacaqlar.