İsmayıllıda “Green Genius Academy” layihəsi çərçivəsində ilk təlim keçirilib  

9 noyabrda İsmayıllı rayonunda dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl düşüncə mövzularına həsr olunmuş maarifləndirici təlim keçirilib. Tədbir “Green Genius Academy” layihəsi çərçivəsində təşkil olunub.

 

Təlim zamanı iştirakçılara dayanıqlı inkişaf anlayışı, ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji problemlərin qarşısının alınması istiqamətində görülə biləcək işlər barədə məlumat verilib.

 

Müzakirələr zamanı tullantıların azaldılması, onların düzgün idarə olunması, təkrar istifadə və təkrar emal imkanları, həmçinin gündəlik həyatda ekoloji məsuliyyətli davranışların formalaşdırılması məsələlərinə toxunulub.

 

Təlimdə gənclərin ətraf mühitin qorunması prosesində fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb. İştirakçılar öz yaşadıqları ərazilərdə ekoloji maarifləndirmə və təşəbbüslərin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər.

 

“Green Genius Academy” layihəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədi gənclərin dayanıqlı inkişaf və ekologiya sahəsində biliklərinin artırılması, onların yaşıl təşəbbüslərə marağının gücləndirilməsi və ekoloji məsuliyyətli davranışların təşviq edilməsidir.