Kürdəmirdə su ehtiyatlarından səmərəli istifadə mövzusundə tədbir keçirildi

Kürdəmir rayon Gənclər evində rayon Su idarəsi, kənd və şəhər bələdiyyə rəhbərləri, Meliorasiya və su təsərrüfatı idarəsi, icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın məhdud su ehtiyatlarından səmərəli istifadə və alternativ mənbələrdən istifadənin təşviqi” layihəsi çərçivəsində tədbir keçirib.

Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra hakimiyyətinin nümayəndəsi Emil Hüseynov açıb. E.Hüseynov qeyd edib ki, Azərbaycan ən az su ehtiyatı olan ölkələrdən sayılır, Kürdəmir rayonu isə sudan birbaşa asılıdır və su olmadığı dövrlərdə əkin sahələrini suvarmaq mümkün olmur.

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov çıxışını təqdimat formasında başlayaraq bildirdi ki, su ehtiyatları dünya üzrə çox azdır, baxmayaraq ki, yer kürəsinin 70%-i su ilə örtülüdür, bu suların cəmi 3,5% içməli su kimi istifadə olunur. Buda əsasən çaylar, göllərdə formalaşır. Azərbaycanda bu ehtiyatlar daha azdır və Cənubi Qafqazda ən az su ehtiyatına, cəmi 28% malikdir. Bu ehtiyat Gürcüstanda 85%, Ermənistanda 82% təşkil edir. Kürdəmir rayonu əsasən əkinçilik rayonu olduğundan əkin sahələrinimn daim suvarılması xüsusilə yay aylarında, məhsul yetişən vaxtı suya tələbat artır. Rayon Mingəçevir su anbarından çəkilən Şirvan kanalı vasitəsilə əkinçilikdə su ilə təmin olunur. Kür çayında suyun azalması əkin sahələrinə çox ciddi təsir edir, burada əsasən torpaq kanallarından istifadə edildiyindən və böyük əksəriyyət sahələr ənənəvi səthi(selləmə) metodundan istifadə etdiyindən su itkiyə gedir.

S.Həsənov davam edərək bildirdi ki, ölkə üzrə qəbul edilən dövlət proqramında (2026-2030) əkin sahələrinin müasir suvarma sistemləri və qurğularının tətbiqi gözlənilir. Kənd təsərrüfatı üzrə suvarılan əkin sahələrinin ümumilikdə təxminən 10 faizində müasir suvarma sistemləri (damcı, yağmurlama və pivot(mərkəzi oxlu suvarma)) qurulub. Damcı suvarma xüsusilə intensiv meyvə və tərəvəzçilikdə geniş tətbiq olunur, qalan əkin sahələrində isə əsasən ənənəvi (səthi) suvarma üsulları üstünlük təşkil edir. S.Həsənov təqdimatda su istifadəsi və qənaəti ilə bağlı geniş məlumatı iştirakçılara təqdim etdi.

Kürdəmirdən olan jurnalist Ruslan Xəlil bildirdi ki, rayonda müəyyən qədər su çatışmazlığı var: "Hazırda iyul ayında ikinci əkin dövrü başlayır lakin bəzi kəndlərdə su çatışmadığından ikinci əkini edə bilmirlər".

Kürdəmir rayon İcra hakimiyyətinin nümayəndəsi Azər Kərimov çıxış edərək rayonda əkin sahələrinin suvarılmasının təşkili barədə məlumat verdi və suyun bərabər paylanmasına icra strukturlarının birbaşa nəzarət etdiyini bildirdi.

Sığırlı kənd sakini Zaur Həsənov çıxış edərək suvarmada Girdman çayından istifadə etdiklərini bildirdi və suyun keyfiyyətinin aşağı olduğunu, əkin sahələri üçün yararsızlığını diqqətə çatdırdı. Müzakirədə Sığırlı bələdiyyəsinin sədri Balamirzə Ağayev və digər iştirakçılar çıxış edərək kəndin su sisteminin idarə edilməsi barədə danışdı.

Tədbir müzakirələrlə davam etdirildi.

Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial