Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı

Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.

Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:

“Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.

Məlumata görə, qızın bir ay əvvəl 16 yaşı tamam olub. 

Xatırladaq ki, Ailə Məcəlləsinə dəyişiklik edilməmişdən əvvəl nikah yaşı qızlar üçün 17, oğlanlar üçün isə 18 yaş müəyyən olunmuşdu. 2011-ci ildə Ailə Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq müəyyən olunub.

Yalnız üzürlü səbəb olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.