26 avqust – Laçın Şəhəri Günü tarixi Zəfərin, milli iradənin, doğma torpaqlara qayıdışın rəmzi kimi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu tarixi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş və Sərəncama əsasən, hər il avqustun 26-sı ölkəmizdə Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Laçın Şəhəri Gününün təsis edilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi hadisələrin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün yalnız hərbi-siyasi qələbənin qeyd edilməsi deyil, həm də Laçının keçmişdən bu günə və gələcəyə uzanan tarixinin, zəngin mədəni irsinin, təbii gözəlliklərinin və yenidən dirçələn həyatının nümayişidir.
1992-ci ildə Laçının işğalı Azərbaycan üçün ağır nəticələr doğurmuş, rayonun əhalisi doğma yurdlarından didərgin salınmışdır. İşğal illərində Laçının yaşayış məntəqələri və infrastrukturu ciddi dağıntılara məruz qalmış, tarixi-mədəni irsə böyük ziyan vurulmuşdur. İşğal dövründə rayon ərazisində çoxsaylı mədəniyyət, təhsil, səhiyyə və digər obyektlərin dağıdılmış, tarixi abidələr vandalizmə məruz qalmışdır.
Laçın faciəsi uzun illər ərzində yüz minlərlə azərbaycanlının yaşadığı məcburi köçkünlük taleyinin bir hissəsinə çevrilmişdi. Laçınlıların doğma şəhər və kəndlərinə qayıtmaq arzusu Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə bağlı milli istəyinin ayrılmaz hissəsi idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə Qarabağ münaqişəsinin hərbi-siyasi reallıqlarını köklü şəkildə dəyişdi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin həmin mərhələdə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan nəzarətində deyildi. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, şəhər, həmçinin Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Laçının tam azadlığı təmin edildi və uzun illər davam edən torpaq həsrətinə son qoyuldu. Məhz bu tarixi hadisə 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsinin əsasını təşkil edir.
Prezident İlham Əliyev 26 avqust 2023-cü ildə Laçın Şəhəri Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bu günün məhz Laçın şəhərinin tam azad edildiyi tarix olduğunu vurğulamışdır.
Laçın Şəhəri Gününün əsas mahiyyəti Azərbaycan xalqının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin yaratdığı tarixi qürurun ifadəsidir.
2023-cü ildə ilk dəfə Laçında Şəhər Günü böyük təntənə ilə qeyd edilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin tədbirlərdə iştirak etmişlər, Həkəri çayının sahilində, şəhərin müxtəlif məkanlarında mədəniyyət və incəsənət proqramları, sərgilər, xalq sənətləri təqdimatları, Laçın mətbəxindən nümunələr və digər tədbirlər təşkil olunmuşdur. Bu tədbirlər Laçının yalnız fiziki baxımdan deyil, mənəvi və mədəni baxımdan da dirçəldiyini nümayiş etdirir. Xalq yaradıcılığının, milli sənət nümunələrinin, musiqinin, poeziyanın və yerli mətbəxin təqdim olunması Laçının zəngin mədəni kimliyinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Laçının azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun yenidən qurulması, müasir infrastruktura malik yaşayış məkanına çevrilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi olmuşdur.
2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı başlanmışdır. Bu hadisə Laçının tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Laçında yaşayış binaları, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, mühəndis-kommunikasiya sistemləri və digər infrastruktur layihələri həyata keçirilir. Həmçinin, şəhərdə məktəblər, səhiyyə obyektləri, elektrik enerjisi infrastrukturu və müxtəlif inzibati və ictimai obyektlər istifadəyə verilmişdir.
Laçının dirçəldilməsi yalnız yaşayış məntəqələrinin inşası ilə məhdudlaşmır. Rayonun iqtisadi potensialının bərpası və yeni iş yerlərinin yaradılması da Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindəndir.
Laçında sənaye, kənd təsərrüfatı, enerji, turizm və digər sahələrin inkişafı üçün imkanlar genişdir. 2023-cü il avqustun 26-da Laçın Aqro-Sənaye Parkının açılışının keçirilməsi də bu baxımdan əhəmiyyətli hadisə olmuşdur. Bu gün parkda müəyyən müəssisələr fəaliyyət göstərir və istehsal imkanları genişləndirilir.
Bununla yanaşı, rayonun zəngin su ehtiyatlarından istifadə etməklə kiçik su elektrik stansiyalarının yaradılması enerji potensialının artırılmasına xidmət edir. Belə layihələr Laçının iqtisadi dirçəlişini sürətləndirməklə yanaşı, regionun dayanıqlı inkişafına da töhfə verir.
Bu gün 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd edilməsi ilk növbədə tarixi yaddaşın qorunmasına xidmət edir. Bu tarix həm Vətən müharibəsində əldə olunmuş Zəfərin nəticələrini, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdış sevincini özündə birləşdirir.
Laçınlılar üçün bu gün doğma torpağa qayıdışın, ata-baba yurduna yenidən sahib çıxmağın və şəhərin həyatının bərpa olunmasının rəmzidir. Azərbaycan cəmiyyəti üçün isə Laçın Şəhəri Günü dövlətin ərazi bütövlüyünün bərpası, milli həmrəyliyin və dövlət-xalq birliyinin təntənəsini ifadə edən əlamətdar tarixdir.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva