Mottainai: İstehlakdan əvvəl başlayan ekologiya

 Dünyada ekologiya ilə bağlı müzakirələr getdikcə genişlənir. İqlim dəyişikliyi, plastik tullantılar, su qıtlığı və biomüxtəlifliyin azalması artıq bütün ölkələrin əsas gündəm mövzularındandır. Ekoloji aksiyalar, tullantıların təkrar emalı və yaşıl texnologiyalar mühüm addımlar olsa da, çox vaxt əsas sual diqqətdən kənarda qalır: ekoloji problem harada başlayır?

Səbəb kimi küçəyə atılan zibil, çeşidlənməyən tullantılar və ya sənaye çirklənməsi göstərilir. Halbuki bunlar daha çox nəticələrdir. Səbəb insanın istehlak üçün seçimindən başlayır. İstifadə etdiyimiz hər məhsul istehlakçıya çatana qədər resurs, enerji və insan əməyindən istifadə olunur. Buna görə də ekologiya zibil qutusundan deyil, istehlak seçimindən başlayır.

Məhz bu baxımdan Yaponiyanın təcrübəsi maraq doğurur. Burada ekoloji davranış yalnız qayda və texnologiyalarla deyil, insanların əşyalara münasibəti ilə formalaşır. Bu yanaşmanı ifadə edən əsas anlayış isə “mottainai”dir.

Bu sözü “israf etmə”, “qiymətini bil” və ya “heyifdir” kimi tərcümə etmək mümkündür. Lakin orijinal mənası daha dərindir. "Mottainai" hər bir əşyanın arxasında təbiətin resurslarını, insan əməyini və zamanın izini görməyi öyrədir.

Sadə bir köynək və ya taxta masa hazır olanadək müxtəlif resurslar sərf olunur. Onların hazırlanması üçün xammal, su, enerji və böyük əmək sərf olunur. İnsan bu görünməyən prosesi dərk etdikdə, əşyalara münasibəti dəyişir. Onları asanlıqla əvəz etmək əvəzinə, daha uzun müddət istifadə etməyə çalışır.

Beləliklə, "mottainai" insanı istehlakdan imtinaya deyil, düşünülmüş seçimə çağırır. Çünki ehtiyac olmadan alınan və ya qısa müddətdə tullantıya çevrilən hər bir məhsul təbiətin resurslarının da vaxtından əvvəl tükənməsi deməkdir.

Müasir iqtisadiyyat isə əks istiqamətdə hərəkət edir. Reklamlar və bazar mexanizmləri daha çox almağı daha yaxşı həyatın göstəricisi kimi təqdim edir. Yeni məhsullar köhnələri tez bir zamanda əvəz edir və nəticədə əşyaların istifadə müddəti getdikcə qısalır.

Amerikalı iqtisadçı və sosioloq Torsteyn Veblen hələ XIX əsrin sonunda insanların məhsulları bəzən ehtiyacdan çox, cəmiyyətdəki mövqelərini nümayiş etdirmək üçün aldıqlarını qeyd etmişdi. Rəqəmsal dövrdə bu meyl daha da güclənib. Sosial şəbəkələr istehlakı görünən davranışa çevirib və alış-veriş çox vaxt ehtiyacdan deyil, görünmək istəyindən qaynaqlanır.

Belə bir şəraitdə "mottainai" sadə, lakin düşündürücü sual verir: bu məhsula həqiqətən ehtiyac varmı? Məhz bu sual ekoloji məsuliyyətin başlanğıc nöqtəsini müəyyənləşdirir. Çünki təbiətə münasibət çox vaxt tullantını necə idarə etdiyimizlə deyil, onu ümumiyyətlə yaradıb-yaratmadığımızla ölçülür.

Bu fəlsəfəyə görə, hər bir əşyanın öz görünməyən bioqrafiyası var. Onun dəyəri yalnız yeniliyində deyil, yaranması üçün sərf olunan resurslarda və keçdiyi yoldadır. İnsan bunu dərk etdikdə, istehlaka münasibəti də dəyişməyə başlayır.

Bu baxış tərzi Yaponiyada yalnız nəzəri fikir deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Bunun ən maraqlı nümunələrindən biri kintsugi sənətidir.

Kintsugi qırılmış keramika qablarının xüsusi lak və qızılı toz vasitəsilə bərpa edilməsidir. Lakin burada məqsəd sadəcə əşyanı təmir etmək deyil. Çatlar gizlədilmir, əksinə, onun tarixinin bir hissəsi kimi vurğulanır. Beləliklə, sınmış əşya əvvəlki vəziyyətinə qaytarılmır, yeni dəyər qazanır.

Bu yanaşma müasir istehlak mədəniyyətindən tamamilə fərqlənir. Bu gün kiçik bir qüsur çox vaxt yeni məhsul almaq üçün kifayət edir. Kintsugi isə fərqli mesaj verir: qüsur əşyanın dəyərini azaltmır, onun keçdiyi yolu göstərir. Bu da insanı vacib bir sual üzərində düşünməyə vadar edir: biz əşyanı həqiqətən yararsız olduğu üçün atırıq, yoxsa sadəcə yenisini almaq istədiyimiz üçün?

Oxşar yanaşma furoşiki ənənəsində də özünü göstərir. Əsrlər boyu yaponlar hədiyyələri və gündəlik əşyaları parçalarla büküb, həmin parçaları dəfələrlə yenidən istifadə ediblər. Birdəfəlik qablaşdırmanın yaratdığı ekoloji problemlər fonunda bu ənənə göstərir ki, davamlı həll bəzən ən sadə vərdişlərdən başlayır.

Eyni məntiq bu gün geniş yayılan dairəvi iqtisadiyyat modelində də əks olunur. Məqsəd məhsulun ömrünü uzatmaq, onu təmir etmək, yenidən istifadə etmək və yalnız son mərhələdə təkrar emala yönəltməkdir. Başqa sözlə, ən yaxşı tullantı heç vaxt yaranmayandır.

Lakin "mottainai" dairəvi iqtisadiyyatdan daha geniş məna daşıyır. Dairəvi iqtisadiyyat iqtisadi modeldirsə, "mottainai" həmin modelin əsasını təşkil edən düşüncə tərzidir. İnsan əşyaya yalnız istehlak obyekti kimi baxdıqda, heç bir sistem tam səmərə verməyəcək. Resursların həqiqi dəyəri dərk edildikdə isə davranış da dəyişməyə başlayır.

Buna görə "mottainai"ni yalnız ekoloji termin kimi qəbul etmək düzgün olmazdı. O, insanla əşya arasındakı münasibəti yenidən müəyyənləşdirən mədəni prinsipdir. Bu prinsip göstərir ki, təbiətə hörmət bəzən yeni məhsul almaqdan deyil, artıq sahib olduğumuz əşyanın ömrünü uzatmaqdan başlayır.

Müasir dövrdə sosial şəbəkələr və reklam sənayesi istehlakı daha da sürətləndirir. Yeni alış-veriş çox vaxt ehtiyacın deyil, görünmək istəyinin ifadəsinə çevrilir. "Mottainai" isə insanı başqalarının gözündən deyil, öz məsuliyyəti prizmasından düşünməyə çağırır və sadə bir sual verir: bu əşyanın mənim həyatımda həqiqi dəyəri nədir?

Bu sualın cavabı yalnız iqtisadi davranışı deyil, ekoloji mədəniyyəti də formalaşdırır.

 

Fuad Hüseynzadə

 

Bu yazı Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikirlər müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.