Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda - XX əsrin əvvəllərində istiqlaliyyətinə qovuşub.
1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
108-cü ildönümünü fərəhlə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə də indiki kimi ikili standartlar var idi və AXC xadimləri cümhuriyyəti tanıtmaq, onun müstəqilliyini qorumaq üçün böyük əmək sərf ediblər. O dövrdə Ermənistanın təcavüzü, daxili və xarici düşmənlərin məkrli niyyətləri ilə qarşılaşan Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edəndə də eyni problemlərlə üzləşib. Lakin 1993-cü ildə ölkəmizdə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görməsi ölkədə ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını, ənənələrini müasir müstəqil Azərbaycanın quruculuğunda yaşadıb, öz yenilməz dühası ilə Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirən, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın”.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”.
Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edilib.
Prezident İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə onun müstəqilliyini sarsılmaz, gələcək inkişafını davamlı edib.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108 illiyi ilə bağlı Müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə dünya liderlərindən çoxsaylı təbriklərin gəlməsini Azərbaycanın və onun dövlət başçısının beynəlxalq aləmdə artan nüfuzu ilə əlaqəlidir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin əsasları daha da inkişaf edib və onun beynəlxalq aləmdə nüfuzu artaraq lider ölkəyə çevrilib.
Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin varisi müasir Azərbaycan Respublikasının müstəqilliyi ulu öndər Heydər Əliyevin dediyi kimi, əbədidir, daimidir, dönməzdir.
Elnarə Həziyeva