Naxçıvan ölkəmizə yeni strateji üstünlüklər qazandıracaq

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.

Dövlət başçısının mesajlarından aydın görünür ki, qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş mənada Mərkəzi Asiya–Avropa xəttinin kəsişməsində yerləşən Naxçıvan yeni nəqliyyat və enerji xəritəsinin mühüm qovşaqlarından biri olmaq potensialına malikdir.

Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim edilməsidir. Dövlət başçısı “yaşıl enerji”, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması deməkdir.

Bu bölgədə nəqliyyat kommunikasiyalarının açılması xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması təkcə ölkəmizin daxili kommunikasiya məsələsi deyil. Bu, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanlar yaradacaq.

Prezidentin müsahibəsində qeyd etdiyi kimi, yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da istifadə edə bilər. Dövlət başçısının bu məsələdə ortaya qoyduğu yanaşma çox aydındır: yeni əməkdaşlıq modelində iqtisadi və nəqliyyat baxımından uduzan tərəf olmamalıdır.

Naxçıvanın inkişaf strategiyasının digər mühüm istiqaməti enerji sektorudur. Muxtar respublikanın günəş enerjisi potensialı, burada həyata keçirilən yeni enerji layihələri Naxçıvanın gələcəkdə “yaşıl enerji” istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropa istiqamətinə enerji bağlantılarının inkişafı bu bölgənin əhəmiyyətini milli sərhədlərdən kənara çıxarır.

Eyni zamanda, Naxçıvanda sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr kompleks xarakter daşıyır. Burada əsas məqsəd təkcə yeni obyektlərin tikilməsi deyil, uzunmüddətli və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır.

Prezident İlham Əliyevin Naxçıvan şəhərinin və bütövlükdə muxtar respublikanın inkişafı ilə bağlı Baş Plana xüsusi diqqət yetirməsi də bu baxımdan mühüm məqamdır. Söhbət gələcək onillikləri əhatə edən sistemli şəhərsalma və regional inkişaf modelindən gedir. Yəni bugünkü layihələr Naxçıvanın gələcək iqtisadi və demoqrafik inkişaf perspektivləri nəzərə alınmaqla həyata keçirilir.

Naxçıvanın tarixi və mədəni potensialının qorunması da bu inkişaf modelinin ayrılmaz hissəsidir. Möminə xatun türbəsi kimi dünya əhəmiyyətli memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə göstərilən diqqət, tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim olunmasına imkan verəcək.

Bütövlükdə Prezident İlham Əliyevin Naxçıvana səfəri və müsahibəsində verdiyi mesajlar bir strateji nəticəni ön plana çıxarır: Naxçıvan Azərbaycanın yeni regional siyasətində periferik coğrafiya deyil, əksinə, ölkəmizin Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni və daha geniş mənada Türk dünyasını birləşdirən əsas strateji məkanlardan birinə çevrilir.

Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində Naxçıvan nəqliyyat və logistika qovşağı, “yaşıl enerji” mərkəzi, sənaye və ticarət platforması, eyni zamanda mühüm turizm məkanı kimi inkişaf etdirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid iqtisadi və kommunikasiya məkanında birləşdirilməsi isə Azərbaycanın regional gücünü və tranzit imkanlarını daha da artıracaq.

Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcək onilliklərdə Azərbaycanın regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı