Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına sayca 17-ci səfəri regionun təhlükəsizliyi, iqtisadi inkişafı və Azərbaycanın ümumi geoiqtisadi strategiyasında oynadığı rol baxımından strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının səfər zamanı iştirak etdiyi açılışlar və verdiyi bəyanatlar səfərin əsas strateji və regional əhəmiyyətini ifadə edir. 

Qeyd edək ki, müstəqillik tariximizdə Naxçıvanın xüsusi siyasi və strateji əhəmiyyəti həmişə olub. Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı düşməsi muxtar respublikanı həm təhlükəsizlik, həm enerji, həm də nəqliyyat baxımından xüsusi yanaşma tələb edən əraziyə çevirib. Prezident İlham Əliyevin səfər zamanı verdiyi mesajlardan görünür ki, artıq əsas məqsəd Naxçıvanın mövcud problemlərinin aradan qaldırılması ilə kifayətlənmək deyil. Məqsəd Naxçıvanı gələcək regional proseslərin fəal iştirakçısına çevirməkdir. Bu baxımdan səfər çərçivəsində hərbi təhlükəsizlikdən enerjiyə, sənayedən nəqliyyata, sosial siyasətdən şəhərsalma və mədəni irsə qədər bütün sahələrin eyni proqram daxilində təqdim edilməsi təsadüfi deyil. Bu, vahid inkişaf konsepsiyasının formalaşdırıldığını göstərir.

Dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibəyə və səfərdən dərhal sonra qəbul edilmiş qərarlara kompleks şəkildə nəzər saldıqda, bunun daha geniş siyasi və geostrateji məzmun daşıdığı görünür.

Hazırda bölgədə hərbi və təhlükəsizlik siyasətinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirildi.

Eyni zamanda alternativ enerji potensialının gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir. Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması xüsusi vurğulanmalıdır. Bu mənada, Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin reallaşdırılması imkanları böyükdür. 

Cənab Prezidentin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ Prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək. 

Həmçinin Prezident İlham Əliyevin səfərinin Naxçıvanın sosial-iqtisadi inkişafı və yeni idarəetmə konsepsiyası baxımından da əhəmiyyətinə diqqət çəkib. Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ artıq eyni idarəetmə və inkişaf mexanizmləri əsasında tərəqqi edəcək. Eləcə də, muxtar respublikada sosial xidmətlər də modernləşdirilir. Regionda açılan yeni DOST Mərkəzi və ekoloji təmiz elektrik avtobuslarının xəttə buraxılması əhalinin rifahının artırılmasına xidmət edir.

 

Belə ki, son illərin hadisələri göstərib ki, Bakı həm yumşaq gücdən, həm iqtisadi diplomatiyadan, həm nəqliyyat diplomatiyasından, həm də sərt güc potensialından eyni strateji sistem daxilində istifadə edə bilir.

 

Nizami NOVRUZOV,  texnika üzrə fəlsəfə doktoru