Quş qripi gəlirmi? Özünü necə qorumalı? 7 suala cavabda

Son zamanlar Azərbaycanla həmsərhəd ölkələrdə quş qripi xəstəliyinin yayılma ocaqları qeydə alınıb. Bundan əvvəl Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi ilə bağlı əhaliyə xəbərdarlığında ev və vəhşi quşlarla təmas vaxtı gigiyena-sanitariya qaydalarına əməl etməyə səsləyib. BBC News Azərbaycanca virusun təhlükəsi, ona qarşı ehtiyat tədbirləri və infeksiyanın yayılma riskləri ilə bağlı məlumatları bir araya gətirib.

Quş qripi nədir?

Quş qripi və ya "avian influenza" müxtəlif növ quş və heyvanların yoluxucu xəstəliyidir. Virusun (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. Qeyd edilən növlər 2 qrupa bölünür ki, onlardan A(H5N1), həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur, AQTA bildirir.

Ümumən, son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2, Britaniyanın İctimai Səhiyyə Sistemi bildirir. İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb.

Azərbaycanda yayılma riski varmı?

Hazırda "yüksək patogen" quş qripi xəstəliyinin yayılma halları Rusiya, İran və Qazaxıstanın bəzi bölgələri də daxil, onlarla ölkədə qeydə alınıb.

Köçəri quşların miqrasiya marşrutlarının Azərbaycandan keçməsi, habelə onların ölkə ərazisində məskunlaşma yerlərinin mövcudluğu "quş qripi xəstəliyinin yayılma riskini artırır", ötən ay AQTA agentliyinin yaydığı bəyanatda qeyd olunur. Hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir.

"Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır"- Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev internetdə yayılan "Təhlükəsiz qida" verilişində qeyd edib.

Virus insandan insana ötürülürmü?

Ötən ay Rusiya insanların H5N8 virusuna ilk yoluxma halının təsbit edildiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın cənubundakı quşçuluq fabrikində işləyən heyət üzvlərinin quş qripinə yoluxması barədə rəsmi bildiriş aldığını təsdiqləyir.

Hərçənd ki, təşkilatın açıqlamasında virusun insandan insana ötürülməsi barədə məlumatın olmadığı vurğulanılır.

Rusiyada aşkar olunan virus mutasiya edə bilərmi?

Rusiyada istehlakçı hüquqlarının müdafiəsi üzrə Rospotrebnadzor qurumun rəhbəri A(H5N8) virusunun mutasiya nəticəsində insandan insana keçmək ehtimalının yüksək olduğunu bildirib.

"Bunun baş verəcəyi ilə bağlı proqnozun ehtimal dərəcəsi kifayət qədər yüksəkdir. Bu çox güman ki, baş verəcək," - Anna Popovanın sözləri TASS agentliyində iqtibas olunur.

Bundan əvvəl isə rusiyalı rəsmi virusun quşlardan insana ötürüldüyünü, yəni "növlərarası baryeri keçdiyini" deyib. "Ancaq bu gün qrip virusunun bu variantı (H5N8 variantı - red) insandan insana ötürülmür, - Popova davam edib. - Sonrakı mutasiyaların bu baryeri necə tez bir zamanda keçəcəyini vaxt göstərəcək".

Quş əti və quş əti məhsullarını yemək təhlükəsizdirmi?

ÜST-ün tövsiyələrinə görə, sanitariya-gigiyena tələblərinə əməl edilərsə, bu, təhlükəsiz sayılır. Çünki quş qripi virusu yüksək temperaturlara dözümsüzdür.

Ət hazırlanarkən onun bütün hissələrində temperatur +70 C çatdırılmalıdır, "çəhrayı" hissələr qalmamalıdır. Eyniylə, yumurta da "sərt" bişirilməlidir. Çiy ətdə olan virusun mənfi temperatur şəraitində bir il müddətinədək "sağ qaldığını" təsdiqləyən hallar mövcuddur. Əsas təhlükə çiy ət və diri quşlarla təmasdan irəli gəlir. AQTA-ya əsasən, quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Belə ki, xəstə quşların ifrazatları ilə çirklənmiş suda viruslar 10 günə qədər sağ qala bilər.

Özümü necə qorumalı?

Mütəxəssislər ilk öncə xəstəlik əlamətləri müşahidə edilən və ya ölən quş cəsədlərindən uzaq durmağı tövsiyə edirlər. Həmçinin quşlarla təmas vaxtı gigiyena qaydalarını gözləmək vacibdir.

AQTA saytında həmçinin aşağıdakı tövsiyələri görmək olar:

  • Vəhşi köçəri quşların miqrasiya dövründə fərdi quşçuluq təsərrüfatlarındakı quşların qapalı şəraitdə saxlanması təmin olunmalıdır;
  • Quşlar nəqliyyat vasitələrində açıq şəkildə və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmamalıdır;
  • Quşçuluq təsərrüfatlarına bu xəstəliyə görə şübhəli təsərrüfatlardan quş, yem və digər ləvazimatlar gətirilməməlidir.

Hansı ehtiyat tədbirləri görülür?

"Yüksək patogen" quş qripi aşkarlanan bölgələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Həmçinin, qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər "həyata keçirilməkdədir", AQTA bildirir.

Agentliyə əsasən, heyvanlar və heyvan mənşəli məhsulların "mənşə ölkəsində nəqliyyat" vasitəsinə yüklənməsi yalnız AQTA-nın icazəsindən sonra həyata keçirilməlidir.