Qusar rayonunda şəhid məzarları ziyarət edilib 

Sentyabrın 29-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Düztahir, Böyük Muruq, Ukur, Nəcəfkənd, Mucuq, Piral, Cibir və Hil kəndlərində respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib. Ziyarətdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunulub. Daha sonra icra başçısı Sahir Məmmədxanov şəhid ailələrinin üzvləri, kənd sakinləri, Düztahir və ətraf 4 kəndin qaz təchizatını həyata keçirən podratçı təşkilatın nümayəndəsi və digər qurumların nümayəndələri ilə görüşüb və rayonun Düztahir kəndinin qazlaşdırılması ilə bağlı məsələləri müzakirə edib.
Hil kəndində şəhidlərin qəbirləri ziyarət edildikdən sonra şəhid ailələri ilə çay süfrəsi ətrafında görüş təşkil edilib. Görüşdə şəhid ailələrinin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin kənddə RİHB Aparatının məsul şəxslərinin, podratçı təşkilatın və Qusar Elektrik Şəbəkəsinin rəhbərliyinin və kənd sakinlərinin də iştirakı ilə kənddə elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində görülən işlər müzakirə olunub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov görülən işləri təhlil edərək qarşıda duran həlli vacib məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb.
Rayon İcra Hakimiyyətinin başçısı elektrik şəbəkəsinin yenidən qurulması işlərinin keyfiyyətlə və sürətlə aparılaraq havaların soyumasına qədər başa çatdırılmasını tapşırıb və müvafiq tövsiyələrini verib.