Şamaxıda “Green Genius Academy” layihəsi çərçivəsində ekoloji təlim keçirilib  

 7 dekabrda Şamaxı rayonunda “Green Genius Academy” layihəsi çərçivəsində dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi mövzusunda maarifləndirici təlim keçirilib.

 

Təlim zamanı iştirakçılara ekoloji problemlər, təbii sərvətlərin qorunması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişafın əsas prinsipləri barədə məlumat verilib.

 

Görüşdə iqlim dəyişikliklərinin ətraf mühitə təsiri, tullantıların azaldılması və düzgün idarə olunması, təkrar emal və ekoloji davranışların gündəlik həyatın bir hissəsinə çevrilməsinin əhəmiyyəti müzakirə olunub.

 

Təlim iştirakçıları ətraf mühitin qorunmasında fərdi məsuliyyətlə yanaşı, gənclərin həyata keçirə biləcəyi ictimai və yerli təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Gənclərin ekoloji maarifləndirmə prosesində fəal iştirakının vacibliyi vurğulanıb.

 

Keçirilən təlim “Green Genius Academy” layihəsinin məqsədlərinə uyğun olaraq gənclərin ekoloji biliklərinin artırılmasına və onların dayanıqlı inkişaf məsələlərinə daha fəal münasibət göstərməsinə töhfə verib.