Nicat Həşimzadə
Həm Azərbaycan, həm də dünya ədəbiyyatının gənclər arasında təbliğində müstəsna rolu olan Səbuhi Şahmursoyu tərifləmək fikrim yoxdur, sadəcə həqiqəti deyəcəm. Bu gənc yazarın belə mükəmməl yaza biləcəyini heç vaxt ağlıma gətirməzdim. " Uçmağı öyrənən mələk ” hekayəsində daxili dünyanın ziddiyətli məqamları, anlaşılmaz düşüncələrə görə həyatla insan arasındakı inkarçılıq hiss olunur. Hadisələri danışan obraz nələrisə xatırlayır. Və bir də hekayədə qız obrazı var, hansı ki, qəhrəmanımızla məcburən eyni evi paylaşmalı olur. Kirədə qalan qız onun həyatını necə dəyişir və niyə dəyişir ? Haqqında danışdığım hekayədə bu sualın cavabı qismən gizli qalır. Oxucu öz fanyaziyasına əsasən hekayəni davam etdirə bilər. Müasir dünya ədəbiyyatında bu tip hekayələrin yazılmasına şahidlik edirik. Lakin qız gerçək obrazdır, yoxsa xəyali ? Düşündürücü sualdır. Kitabda ən çox sevdiyim hekayə " Təlxək ” adlı hekayədir. Səbuhi Şahmursoy təlxəyin xarakterini obrazlı şəkildə gözəl təsvir edib. Onun sevgisində nə qədər səmimiyyət var. Təlxək şənliyini , şad – xürrəm həyatını eşqinə görə itirir. Bu hekayənin sonluğu çox maraqlıdır.” Yad küçələr zəbanisi ” mənə nədənsə magik realizmi xatırlatdı . Kişilərlə əylənən, onlardan istifadə edən, dünyaya meydan oxuyan qadın istintaqa cəlb olunur. Müstəntiq onun yalanlarına uyacaqmı ? Əlbəttə ki, oxusanız biləcəksiz . " Pul tapmaq adəti ” adlı hekayə uşaqlıq dövrümü yadıma saldı. Bu hekayənin qəhrəmanından fərqli olaraq mən nə qədər çalışsam da pul tapa bilmirdim. Bu mənada bəxtim gətirmirdi. İnsan pul tapırsa və bunu etiraf edib sahibinə təqdim edirsə nə üçün günahkar bilinməlidir ? Bu hekayəni oxuyun, əniməm ki, nostaliji hisslər yaşayacaqsız . Müəllif bildirir ki, özgəsinin pulunu tapmaq səadətdir, lakin özgəsinin pulu elə özgəsini xoşbəxt edir. Əsasən də hekayədə məhz bu fikrin təsdiq olunmasını çox bəyəndim. Qeybə məhkum hekayəsi məni sözün əsl mənasında sarsıtdı. Orta məktəb illərində yaşadığım hadisəni yadıma saldı. Üzü ləkəli qız oxuyurdu bizim sinifdə martın 7 – si bütün qızlara gül dəstələri hədiyyə etdilər. Lakin üzü ləkəli qız unudulmuşdu. Partamın altına gül qoyan qız tənəffüs zamanı mənə söylədi , o gülləri mənə verib, 8 mart münasibəti ilə təbrik edə bilərsən ? Bu hekayədə siz tənhalığın insan həyatına gətirdiyi fəlakəti görəcəksiz.
Ayrı –ayrılıqda bütün hekayələr maraqlı və oxunaqlıdır. Amma mənim diqqətimi daha çox iki hekayə cəlb etdi. "Təlxək” və "Divar” hekayələri. Hər iki hekayədə fəlsəfi – psixoloji məqamlar var. Ümumilikdə bu kitabı oxuduğum zaman dünya ədəbiyyatından bir müəllifi xatırladım. Görünür ki, Səbuhi Şahmursoy Herman Hesseni çox oxuyub. Daxili gərginliyi bu dərəcədə səlist ifadə etmək bacarığı heç nədən yarana bilməz.
1 – ci və 2 – ci hekayələrdəki bədii təsvir, fikri ifadə etmək bacarığını çox bəyəndim. Hekayələrdə məntiqi təfəkkür hiss olnur. İntelektuallığa meyillilik görünür. Bunlar da hər bir yazar üçün vacib məsələdir.
Sükutun səsi hekayəsində məsum insanın aldadılmasından, hiyləgər qadın qurbanına çevrilə bilməsindən danışılır. İnsan nə üçün tərk edilir, hansı səbəblərə görə insanlarda inam duyğusu itib ? Nə üçün onlar xoşbəxt deyillər ?
Sükutun səsi kitabı haqqında daha çox yaza bilərdim. Lakin sizi yormadan kitabı oxumağa dəvət edirəm . Mütləq oxuyun. Səbuhi Şahmursoy Azərbaycan gəncliyini cəhalətdən xilas etməyə çalışan intelektual gənclərin simvoludur . Ümid edirəm ki, müəllif daha mükəmməl əsərlər yazacaq. Bunu etmək üçün yüksək potensiala sahibdir .