Tariximizə şanlı Qələbəni yazan Lider

2018-ci il respublikamızın ictimai-siyasi və iqtisadi həyatında  mühüm hadisələrlə yadda qaldı, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümləri təntənə ilə qeyd edildi.  Naxçıvandakı Günnüt qələbəsi isə təsdiq etdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil.

Həmin ilin ən əlamətdar və mühüm siyasi hadisəsi isə aprel ayının 11-də keçirilən prezident seçkiləri oldu. Xalqımız bu seçkidə də ən layiqli namizədi dəstəklədi, İlham Əliyevin ətrafında birləşməklə inkişafın davamlı olmasına, daha qüdrətli Azərbaycana səs verdilər. Bir daha təsdiq olundu ki, müdrik və qədirbilən xalq öz taleyini məhz illərin sınağından çıxan, ölkənin inkişafını təmin edən siyasətə etibar edir.

İlham Əliyevin hər bir prezidentlik dövrü xalqımıza verdiyi uğurlu hesabatdır. Bu hesabatın hər səhifəsi xalqımızın görmək istədiyi nailiyyətlərlə əlamətdardır. 2003-2018-ci illərdə milli iqtisadiyyatımızın 3, qeyri-neft iqtisadiyyatımızın 2,8 dəfə artması, ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması, yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi qısa dövrdə onilliklərə bərabər keçilən inkişafın təcəssümü idi.

İndiyədək iki dəfə prezident seçkilərində cənab İlham Əliyeviin vəkili olmuşam. Hər dəfə vətəndaşların İlham Əliyevə olan dərin rəğbətini görmüşəm. 2003-cü ildən sonrakı dövrdə həyata keçirdiyi uğurlu siyasətlə Azərbaycanı dinamik inkişaf yoluna çıxaran İlham Əliyevin 2018-ci ilin seçkilərində də qələbə qazanaraq Prezident seçilməsi xalqımızın arzusu idi. Ona görə seçicilərin 86,02 faizi məhz İlham Əliyevin adı üzərində dayanaraq öz seçimlərini etmişdilər. Beləliklə, 15 ildə ölkəmizin nail olduğu uğurlar, keçdiyi böyük inkişaf yolu

İlham Əliyevin növbəti prezident seçkilərində də qələbə qazanması ilə nəticələndi. Başqa cür ifadə etsək, Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin dövlətimizə və xalqımıza verdiyi dividendlərin, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinin və digər nailiyyətlərin məntiqi yekunu həm də İlham Əliyevin prezident seçkilərində qazandığı  möhtəşəm qələbə oldu.

Cəmiyyətdəki çoxluğun mənafeyinə cavab verən praqmatik və realist siyasət yürüdən Prezident İlham Əliyevin son seçkilərdəki möhtəşəm qələbəsini şərtləndirən əsas amillərdən biri də dövlət başçısının məhz Heydər Əliyev siyasi kursuna istinad etməsi, Ulu Öndərin ideyalarını bütün sahələrdə gerçəkləşdirməsi, zənginləşdirməsi idi. Həm də İlham Əliyev əvvəlki prezidentlik müddətlərində Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını yeni dövrün tələbləri, modern yanaşma ilə uğurla davam etdirməklə Ümummilli Liderin siyasi kursunun alternativsizliyini birmənalı təsdiqləmişdi. 2018-ci ilin aprel seçkisi bir daha Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqlədi. Hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən bu siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğu növbəti dəfə sübuta yetdi.

Aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev həmişəki kimi lider görkəmində idi. O, inkişaf yoluna çıxardığı Azərbaycanın iftixar doğuran yüksəlişinin icmalını verdi və qarşıdakı 7 ildə respublikamızın  hədəflərini diqqətə çatdırdı, inkişafının  yeni priorietlərini elan etdi. Bir daha İlham Əliyev kimi prezidentimizin olması ilə fəxr etdik, qürur duyduq. Proqram xarakterli həmin çıxışında İlham Əliyev dedi: “Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Bu gün dönüb geriyə baxanda İlham Əliyevin ötən 3 ildə nə qədər möhtəşəm işlər gördüyünün, andiçmə mərasimində toxunduğu məsələlərin qısa dövrdə reallığa çevrilməsinin şahidi oluruq. Bu 3 ilin hər bir dövrü möhtəşəm və gələcəyimizə işıq salan, dövlətimizi yüksəldən, xalqımıza sonsuz sevinc bəxş edən hadisələrlə, uğurlarla, qələbələrlə zəngindir. 2018-ci ilin seçkilərindən sonrakı aylar Prezident İlham Əliyevin müəllifi olduğu möhtəşəm infrastruktur layihələrin icrasının başa çatması ilə əlamətdar oldu. Həmin ilin may ayının sonlarında “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi, əsas seqmentlərindən olan TANAP kəmərinin açılışı göstərdi ki, Ulu Öndərin əsasını qoyduğu enerji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm də bütün dünya bir daha gördü ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müəyyən etdiyi vəzifələri vaxtında yerinə yetirən, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Bunlarla yanaşı, “Star” neft emalı zavodunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi, üçüncü peykimizin orbitə çıxarılması isə təsdiq etdi ki, Azərbaycan təkbaşına qlobal layihələri həyata keçirməyə qadirdir.

2019-cu ildən isə cəmiyyətimizdə mühüm yeniliklərə səbəb olan islahatlara start verildi. Bu barədə cənab İlham Əliyev hələ andiçmə mərasimində məlumat vermişdi. Bu islahatların əsas hədəfləri Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq idi. Ötən illərin reallıqları göstərir ki, ölkəmiz bu hədəflərə doğru sürətlə və inamla irəliləyir.

Prezident İlham Əliyevin ötən 3 ildəki rəhbərliyini xarakterizə edən ən böyük göstərici isə işğal altında olan ərazilərimizin azad edilməsi oldu. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını ifadə edən Prezident İlham Əliyev onu da bildirmişdi ki, gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü yetişdirdi və indi işğaldan azad edilmiş bütün torpaqlarımızda, Qarabağın qəlbi Şuşada üçrəngli müqəddəs bayrağımız qürurla dalğalanır. İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza Şuşadan etdiyi müraciətində deyildiyi kimi, heç kim bundan sonra bizi buradan çıxara bilməz.

İlham Əliyev son 200 ildə ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı azad edən böyük sərkərdədir. İlham Əliyev tariximizə şanlı Qələbəni yazan liderdir. Ona görə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın İlham Əliyevə olan inam və etimadını qat-qat artırdı. Eyni zamanda bu zəfər Azərbaycanın bundan sonrakı inkişafı üçün yeni perspektivlər açıb. Bu yolda xalqımız cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx səfərbər olacaq və tariximizə bundan sonra da möhtəşəm uğurlar həkk olunacaq.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti