ÜST-dən COVID-19-la bağlı açıqlama: Ardıcıl altı həftədir azalma var

COVID-19-a yeni yoluxma halları, həmçinin dünyada infeksiya qurbanlarının sayı azalmağa davam edir, virusun mutasiyasının tapıldığı ölkələrin sayı isə artır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

“Dünyada yeni yoluxma hallarının sayı ardıcıl altı həftədir azalır. Ötən həftə koronavirusa 2.4 milyon yoluxma qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 11 faiz azalma deməkdir. Ölüm hallarının sayında da ardıcıl üç həftədir azalma müşahidə olunur. Ötən həftə təxminən 66 min ölüm halı qeydə alınıb ki, bu da ondan əvvəlki həftənin göstəricisindən 20 faiz az olub.

ÜST həmçinin koronavirusun yeni ştammlarının yayılmağa davam etdiyi də qeyd edib. “Britaniya ştammı” artıq dünyanın 101, “Cənubi Afrika ştammı” 51, “Braziliya ştammı” isə 29 ölkəsində aşkarlanıb.