Zəfər Ordusu: güc amili, qürur mənbəyi

Ordu təkcə ölkənin müdafiə qabiliyyətinin təmin olunması üçün vasitə deyil. O həm də xalqın, dövlətin öz şərəfli mübarizəsini aparması üçün vacib amildir. Səmərəli sosial-iqtisadi siyasətə, sistemli ideoloji işə, uğurlu diplomatik fəaliyyətə paralel aparılan ordu quruculuğu milli məqsədlərə çatmağa imkan verən önəmli faktordur. Məhz Azərbaycan təcrübəsindən göründüyü kimi.

Bu gün Azərbaycan Zəfər marşındadır. Artıq üçüncü ildir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü Qələbə ovqatında qeyd edirik. Üçrəngli bayrağımızın Zəfər zirvəsində əbədi dalğalandığı bir vaxtda qalib dövlətin müzəffər Ordusu ilə fəxr etdiyimizi qürur və iftixarla vurğulayırıq. 

105 il əvvəl...

Tarix ən yaxşı bələdçidir. 105 il əvvəl yaradılan Azərbaycan Silahlı Qüvvələrinin tarixinə nəzər saldıqda gözümüzün önündə zəngin və şərəfli inkişaf yolu canlanır.

Günümüzün reallıqlarına keçməmişdən öncə tarixi faktlara diqqət yetirək. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissənin - əlahiddə Azərbaycan korpusunun yaradılması dövlətçilik tariximizin mühüm səhifələrindəndir. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, “Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır”. Bu vəzifəyə uyğun olaraq hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq məqsədi qarşıya qoyulur və avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunur. Milli ordumuz qısa müddətdə öz üzərinə düşən vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirir. Milli ordumuzun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməsi, Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda peşəkarlıq nümayiş etdirməsi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra Milli ordu da ləğv olunur, 15 general Nargin adasında güllələnir.

Ümummilli Liderin müstəsna xidməti

Dövlət müstəqilliyimizin bərpasından, daha dəqiq desək, 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusu yaradılıb. Amma Ümummilli Liderimiz hələ SSRİ dövründə respublikamıza rəhbərlik edərkən peşəkar hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılırdı. Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra sistemli ordu quruculuğuna start verməsi, nizami ordunun yaradılması Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi şəraitdə Azərbaycan Silahlı Qüvvələrinin öz vəzifəsini şərəflə yerinə yetirməsinə imkan verib. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında olub. Silahlı Qüvvələrimizin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Sonrakı dönəmdə Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirib, Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Xüsusi vurğulamaq gərəkdir ki, Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Dünyanın ən güclü orduları sırasında...

Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bu sahədə tarixi uğurlar qazanmasını təmin və mümkün edib.

İnkaredilməz reallıqdır ki, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Görülən işlərin nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək qüdrətinə malikdir.

Döyüş meydanında...

Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Faktlar və nümunələrə diqqət yetirək.

2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən döyüşlərdə Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri kontrol altına aldı.

 2-5 aprel 2016-cı il tarixində baş verən Aprel döyüşləri Azərbaycan dövlətinin siyasi iradəsini, ölkəmizin Ermənistanın işğalçı, dünya birliyinin isə ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri Azərbaycanın Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığını, düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu göstərdi. Digər tərəfdən, Azərbaycan Ordusunun şanlı Aprel qələbəsindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Bunlarla yanaşı, Aprel döyüşləri erməni təbliğat maşınının “Ermənistan ordusunun gücü” haqqında formalaşdırdığı mifi dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərdilər. Yəni 2016-cı ilin Aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində mühüm rol oynadı. Ən əsası, döyüşlər torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, Azərbaycanın şanlı hərb salnaməsinə düşən tarixi Zəfərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında əldə etdiyi Günnüt qələbəsi xalqımıza qürur və sevinc hissi bəxş etdi. Ali Baş Komandanın əmrinə əsasən verilən tapşırığın Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri tərəfindən uğurla icra edilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı  düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər, o cümlədən Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Qeyd olunan yollara nəzarət isə 44 günlük Vətən müharibəsi zamanı ermənilərin hərəkətlərini müşahidə edərək lazımi tədbirlər görməyə imkan verdi.

Aprel zəfərindən 4, Günnüt qələbəsindən 2 il sonra...

Aprel zəfərindən 4, Günnüt qələbəsindən isə 2 il sonra Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək 30 ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etdi və tarixi ədalətin bərpası təmin edildi.

Prezidentimiz dəfələrlə qeyd etmişdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. İlham Əliyevin sözünün imzası qədər dəyərli - keçərli olduğu növbəti dəfə sübuta yetirildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə 10 noyabr 2020-ci il tarixində Azərbaycan üçün qələbənin siyasi-hüquqi təsdiqi, Ermənistan üçün isə kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı.

XXI əsrin savaş modeli

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.

Bütövlükdə, Silahlı Qüvvələrimizin Aprel döyüşlərində, Günnüt əməliyyatında və nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu tarixi nailiyyətlər, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsidir.

Zəfər paradı - Qələbənin əzəmətli və təntənəli nümayişi

Şanlı tariximizin daha bir parlaq - qürurverici səhifəsi 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsidir. Parad ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə göstərdi.

Ümumiyyətlə, Zəfər paradı Azərbaycanın qələbəsinin əzəmətli və təntənəli nümayişi idi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu.

Dünyada indiyə qədər çoxsaylı müharibələr baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi. Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır.

Gün gələcək... Və o gün gəldi!

Paytaxt Bakının Azadlıq meydanında bir çox parad keçirilib. Lakin Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir. Prezident İlham Əliyev paradların birində demişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. O qətiyyətlə və əminliklə bildirmişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir.

Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Bütövlükdə, parad ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə sevinci və Zəfər paradı qüruru yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı.

Hərbi-sənaye kompleksinin yaradılması strateji faktor kimi...

Qüdrətli ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, bir çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi strateji əhəmiyyətə malikdir.

Yeni mərhələ - yeni çağırışlar və növbəti hədəflər

Müharibə başa çatsa, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, ordu quruculuğu keyfiyyətcə yeni mərhələdə - müasir çağırışlara uyğun davam etdirilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Prezident İlham Əliyev gələcəkdə ölkəmizin hərbi gücünün daha da artacağını diqqətə çatdıraraq “Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”, - deyə bildirib.

Azərbaycan prosesi İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla yeni yanaşma əsasında davam etdirir. Həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həm də yeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə xüsusi qeyd edilməlidir. Ekspertlərin qeyd etdikləri kimi, bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”, - deyə Müzəffər Ali Baş Komandanımız vurğulayıb.

Azərbaycan Ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına, dövlətimizin daimi təhlükəsizliyinə inamı daha da artırır. Xalqımız həm özünü güvəndə hiss edir,  həm də haqlı olaraq güclü - qüdrətli və qalib ordumuzla qürur duyur!

 

Nurlan QƏLƏNDƏRLİ

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri