Dünya nəhəngi Çinlə siyasi əlaqələrimiz və iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir

30 illik düşmən işğalına son qoyaraq və ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək müstəqillik tariximizin ən qüdrətli dövrünü yaşadığımz müasir zamanda ölkəmizin fenomenal idarəetmə qabiliyyətinə, siyasi qətiyyətə, beynəlxalq nüfuza malik liderə sahib olması, dünya dövlətlərinin enerji böhranı yaşadığı bir dövrdə etibarlı enerji təminatçısına çevrilməsi, beynəlxalq hüququn prinsiplərinə hər zaman sadiq qalaraq dövlətlərin suverenliyi və ərazi bütövlüyünə daim hörmət etməsi Azərbaycanı nəinki region dövlətlərinin, dünya dövlətlərinin dostluq əlaqələri qurmağa can atdığı etibarlı tərəfdaşa çevirmişdir. Ölkəmizlə siyasi dostluğa və iqtisadi əməkdaşlığa böyük önəm verən belə dünya dövlətlərindən biri də dünyanın siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Çindir.

Hələ ötən ilin payızında Çinin dövlət başçısı Si Cinpin “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində cənab Prezidenti “Çinin böyük dostu” adlandırmışdır. Həqiqətən də 30 illik müstəqillik dövrümüzdə Çinlə qurulan uğurlu əlaqələr bizi bir-birinə etibar edən mehriban tərəfdaşa çevirmişdir.

Cənab Prezidentin ölkəmiz üçün gördüyü, son dövrlərdə isə bu istiqamətdə təşəbbüsləri daha da artırdığı ən böyük işlərdən biri Azərbaycanı tranzit-nəqliyyat və logistik mərkəzə çevirməkdir. Əlbəttə, bu məqsədə çatmaq üçün dünyanın ən mühüm beynəlxalq nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olan Çinlə əlaqələr ölkəmiz üçün çox vacibdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyir və biz artıq Orta Dəhlizlə bağlı nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Xəzər dənizində ən böyük ticarət limanlarından biri məhz ölkəmizə məxsusdur. Yeni avtomobil yollarının, hava limanlarının inşası, dəmir yolu xətlərinin çəkilməsi, eləcə də tranzit nəqliyyatın, beynəlxalq yükdaşımaların ölkəmizin ərazisində ən təhlükəsiz və yüksək səviyyədə təşkil olunması Azərbaycanı həm Şimal-Cənub, həm də Şərq-Qərb marşurutunun ən qabaqcıl ölkələrindən birinə çevirmişdir.

Çin həm də dünyanın ən güclü iqtisadiyyata sahib dövlətlərindən biridir. Çinin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır, onun qlobal iqtisadiyyata təsiri çox böyükdür. Bu mənada Çinlə iqtisadi əlaqələr də ölkəmizin iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıyır. Artıq uzun illərdir ki, bir çox Çin şirkətləri informasiya texnologiyaları sahəsində ölkəmizdə fəaliyyət göstərir. Bundan əlavə ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, enerji sahələrində də əməkdaşlıq etmək üçün böyük potensial var. Xüsusilə, enerji sahəsini qeyd etmək lazımdır. Bilirsiniz ki, bərpa olunan enerji mənbələrindən istifadə bizim üçün son dövrlərin prioritet məsələlərindən biridir. Həm də cənab Prezident əminliklə bildirmişdir ki, biz öz enerji təhlükəsizliyimizi təmin etdiyimiz üçün, bərpa olunan enerji mənbələrindən istifadə ölkəmizin enerji potensialından istifadə olunması və enerji ixracatının artırılmasına xidmət edəcək. Bu baxımdan Azərbaycanın böyük enerji potensialı olduğunu, Çinin isə böyük texnoloji nailiyyətlərinin olduğunu nəzərə alsaq, yaşıl enerji sahəsində bu səylərin birləşdirilməsi ölkələrimiz üçün mühüm iqtisadi qazanc gətirə bilər.

Ölkəmiz həm də son dövrlərdə qaz ixracatının artırılmasına nail olmuşdur. Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və maliyyə cəhətdən çox bahalı layihədir. Gələcəkdə qaz ixracatının daha da artırılması nəzərdə tutulur. Odur ki, Çinin yüksək texnoloji imkanlarından bu sahədə də istifadə olunması istisna edilmir.

Ümumiyyətlə, ölkəmizdə son vaxtlar xarici investisiyanın cəlb olunması üçün olduqca əlverişli mühit formalaşmışdır və ümid edirik ki, bu mühit Çin şirktləri ilə əməkdaşlığımızı daha da artırmağa xidmət edəcək.

Ardıcıl 4 il Qoşulmama Hərəkatına uğurla sədrlik edən ölkəmizin beynəlxalq təşkilatlar və əməkdaşlıq sferasında da nüfuzunun artması danılmazdır. Böyük siyasi güclər arasında qütbləşmənin artdığı müasir dövrdə ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində balanslaşdırılmış siyasəti və Çin kimi güclü dövlətlərlə qarşılıqlı ikitərəfli əlaqələrin sağlam qurulması, daha dəqiq desək, dünyanın istər siyasi, istərsə də iqtisadi cəhətdən ən nəhəg güclərindən biri olan Çinin ölkəmizlə qarşılıqlı əməkdaşlığa böyük önəm verməsi bizim çox böyük uğurumuzdur. Əlbəttə, bu uğurun arxasında cənab Prezidentin böyük əməyi, onun uğurlu diplomatiyasi, siyasi nüfuzu və etibarı dayanır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə Komitəsinin

sədri Ziyafət Əsgərov