1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) tərəfindən N saylı hərbi hissənin əməkdaşları, onların övladları və ailə üzvləri üçün genişmiqyaslı tibbi aksiya həyata keçirilib.
Aksiya çərçivəsində 250-yə yaxın uşağa və ailə üzvlərinə pediatriya, ultrasəs müayinəsi (USM), kardiologiya, stomatologiya, otorinolarinqologiya (LOR), oftalmologiya, cərrahiyyə, uroloqiya, travmatologiya, nevrologiya, psixiatriya, psixologiya, loqopediya, ginekologiya və laborator xidmətlər üzrə peşəkar tibbi müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən iştirakçılara müvafiq tibbi tövsiyələr verilib, zəruri hallarda isə əlavə müayinə və müalicə istiqamətində yönləndirmələr edilib.
Uşaqların və ailələrin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktik tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə təşkil olunan aksiya iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Könüllü Həkimlər Assosiasiyası bu mühüm sosial layihənin həyata keçirilməsində əməyi olan bütün könüllü həkimlərə, tibb işçilərinə, təşkilati dəstək göstərən tərəfdaşlara və hərbi hissə rəhbərliyinə təşəkkürünü bildirir.
AKHA bundan sonra da “Sağlam Azərbaycan naminə” şüarına sadiq qalaraq, cəmiyyətin müxtəlif təbəqələrinin keyfiyyətli tibbi xidmətə çıxışının genişləndirilməsi, ictimai sağlamlığın qorunması və sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.