Azərbaycan Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji bağlantıları birlikdə Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdırır.
““Bakı Enerji Həftəsi” çərçivəsində səslənən mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil. Bakı yeni geosiyasi reallıqlar fonunda Avrasiyanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional inteqrasiyasını formalaşdıran əsas aktorlardan birinə çevrilməkdədir. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub, Vaşinqton nümayəndələrinin açıqlamaları və Bakı ilə ABŞ arasında artan strateji dialoq bunu bir daha nümayiş etdirdi”.
Bunu Ölkə.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Tramp Administrasiyasının “Bakı Enerji Həftəsi”nə verdiyi xüsusi önəm təsadüfi deyil. “Çünki hazırkı qlobal şəraitdə enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, geosiyasi və təhlükəsizlik məsələsinə çevrilib. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhranlar və qlobal enerji bazarlarında qeyri-müəyyənlik fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Qərbin diqqət mərkəzinə yüksəlir”, o vurğualyıb.
Deputat əlavə edib ki, Donald Trampın məktubunda yer alan “Azərbaycan enerji təhlükəsizliyi sahəsində liderlik nümayiş etdirir” fikri əslində Vaşinqtonun Bakıya strateji baxışını ortaya qoyur: “ABŞ açıq şəkildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu dəstəklədiyini bəyan edir və bu tərəfdaşlığın gələcək illərdə daha da genişlənəcəyini vurğulayır. Burada diqqət çəkən əsas məqamlardan biri enerji ilə regional sülh prosesinin əlaqələndirilməsidir. Tramp Administrasiyası Azərbaycan-Ermənistan sülh prosesini regional enerji inteqrasiyasının əsas sütunu kimi təqdim edir. Bu isə onu göstərir ki, Vaşinqton Cənubi Qafqaza artıq yalnız təhlükəsizlik prizmasından deyil, həm də geoiqtisadi platforma kimi yanaşır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq-Qərb dəhlizi artıq uğurla fəaliyyət göstərir və Zəngəzur dəhlizi onun yeni strateji qoluna çevriləcək. Ağ Evdə ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında əldə edilən razılaşmalar Vaşinqtonun regionda yeni əməkdaşlıq modelini dəstəklədiyini göstərir.
Əslində burada söhbət yalnız nəqliyyat marşrutundan getmir. Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji bağlantıları birlikdə Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdırır. ABŞ və Qərb üçün bu marşrutlar Çindən Avropaya qədər uzanan alternativ ticarət və enerji arteriyası deməkdir. Azərbaycan isə bu sistemin əsas tranzit və enerji mərkəzinə çevrilir”.
Deputat bildirib ki, Vaşinqtonun Bakı ilə münasibətlərdə yeni mərhələyə keçməsi təsadüfi deyil: “ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakıya səfəri, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.
Ən mühüm mesajlardan biri isə 907-ci düzəlişlə bağlıdır. Prezident İlham Əliyevin Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması ilə bağlı paylaşımı Vaşinqtonun Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətini yenidən təsdiqlədiyini göstərir. Çünki 907-ci düzəliş uzun illər ABŞ-Azərbaycan münasibətlərində siyasi maneə kimi çıxış edirdi. Bu məhdudiyyətlərin faktiki olaraq tətbiq edilməməsi Vaşinqtonun regional siyasətində Bakının roluna verdiyi önəmi ortaya qoyur.
Bu gün Azərbaycanın geosiyasi üstünlüyünü artıran əsas amillərdən biri də enerji diplomatiyasıdır. Bakı artıq yalnız enerji ixrac etmir, eyni zamanda enerji üzərindən regional əməkdaşlıq platformaları yaradır. TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və yeni yaşıl enerji layihələri Azərbaycanın Avrasiyanın enerji xəritəsində əsas oyunçuya çevrildiyini göstərir.
Azərbaycanın enerji strategiyasının fərqli cəhəti isə onun çoxşaxəli xarakter daşımasıdır. Bakı bir tərəfdən neft və qaz ixracını artırır, digər tərəfdən bərpa olunan enerji və yaşıl enerji dəhlizlərinə sərmayə yatırır. Bu isə Azərbaycanın gələcəyin enerji bazarına hazırlaşdığını göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft və qaz Azərbaycanın məqsədi deyil, vasitəsidir. Əsas məqsəd isə milli gücün artırılması, iqtisadi müstəqillik, regional təsir imkanlarının genişləndirilməsi və Azərbaycanın qlobal strateji aktora çevrilməsidir. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi qəbul edilir. Bakı həm Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin, həm də Avropanın enerji təhlükəsizliyinin əsas qovşaqlarından birinə çevrilib. Məhz buna görə “Bakı Enerji Həftəsi” artıq sıradan enerji tədbiri deyil. Bu platforma qlobal enerji bazarlarının, regional geosiyasətin və yeni iqtisadi marşrutların müzakirə olunduğu strateji mərkəzə çevrilir.
Vaşinqtondan Bakıya verilən mesaj da aydındır: Azərbaycan regionda sabitlik, enerji təhlükəsizliyi və geoiqtisadi inteqrasiyanın əsas tərəfdaşlarından biridir. Bu isə Azərbaycanın beynəlxalq sistemdə artan rolunun və yeni geosiyasi çəkisinin göstəricisidir”.