Azərbaycan cəmiyyəti istənilən ideoloji təxribatın qarşısını almağa qadirdir  

Azərbaycanın müstəqil dövlət kimi ardıcıl nailiyyətlər qazanmasında milli həmrəylik, dövlətçilik ənənələrinə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq mühüm rol oynayır. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir. Bu modelin başlıca xüsusiyyəti milli kimliyin qorunması ilə dünyəvi dövlətçilik prinsiplərinin uzlaşdırılması, hər bir vətəndaşın hüquq və azadlıqlarına hörmət edilməsidir. Azərbaycanın dövlətçilik təcrübəsi təsdiqləyir ki, milli-mənəvi dəyərlərə bağlılıq, dini müxtəlifliyə ehtiram və qanunun aliliyi bir-birini tamamlayan prinsiplərdir.

Müasir dövrdə ideoloji təhlükəsizlik məsələsi xüsusi aktuallıq kəsb edir. İnformasiya texnologiyalarının geniş imkanları, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, dini amildən siyasi məqsədlərlə istifadə cəhdləri cəmiyyətin dünyagörüşünə təsir göstərmək üçün müxtəlif vasitələr yaradır. Belə şəraitdə milli maraqların qorunması yalnız dövlət sərhədlərinin və fiziki təhlükəsizliyin təmin olunması ilə məhdudlaşmır. Vətəndaşların informasiya savadlılığının artırılması, gənc nəslin zərərli təbliğatdan qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi də mühüm vəzifələrdəndir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirməsi bu məsələnin dövlətçilik baxımından əhəmiyyətini nümayiş etdirir. Savadlı, müstəqil düşüncəli, milli tarixini və dəyərlərini dərindən bilən gənclər məlumatları daha düzgün qiymətləndirə, manipulyativ çağırışları ayırd edə bilirlər. Bu baxımdan ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq: “Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Məktəb yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətəndaşlıq mövqeyinin formalaşdığı sosial mühitdir. Burada şagirdlər birgə yaşamağı, qarşılıqlı hörməti, məsuliyyəti və ümumi qaydalara riayət etməyi öyrənirlər. Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi də bu mühitin formalaşmasına xidmət edir. Vahid forma kollektivə aidlik hissini gücləndirir.

Təhsilverənlər üçün işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi isə məktəbdə peşəkar münasibətlərin və müəllim nüfuzunun qorunması ilə bağlıdır. Müəllimin səliqəli, sadə və işgüzar görünüşü təhsil müəssisəsinin ümumi mədəniyyətini əks etdirir. Bu yanaşma geyimə formal tələb kimi deyil, məktəbdə nizam-intizamın, peşə etikasının və qarşılıqlı hörmətin təmin olunmasının bir elementi kimi baxılmasını nəzərdə tutur.

Şagird və müəllimlərin geyimi ilə bağlı tələblər qanunvericilik əsasında tənzimlənir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alır. Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarı ilə təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul edilmiş qərarla isə təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu normalar təhsil müəssisələrində vahid yanaşmanın təmin olunmasına və ümumi qaydalara riayət edilməsinə yönəlib.

Məsələnin ictimai müzakirəsində hüquqi normaların mahiyyətinin düzgün izahı da vacibdir. Geyim qaydalarının dini azadlıqlara qarşı addım kimi təqdim edilməsi mövzunun mahiyyətini təhrif edə və cəmiyyətdə yanlış təsəvvürlər yarada bilər. Azərbaycanda dini etiqad azadlığı qanunla qorunur, dini-mədəni irsin yaşadılmasına və ibadət ocaqlarının bərpasına xüsusi diqqət göstərilir. Eyni zamanda, təhsil müəssisələrində uşaqların hüquqlarının müdafiəsi, bərabər imkanların yaradılması və dünyəvi təhsil prinsipinin qorunması dövlətin üzərinə düşən vəzifələrdəndir. Bu məsələlər bir-birinə qarşı qoyulmamalı, qanunvericiliyin tələbləri əsasında uzlaşdırılmalıdır.

Azərbaycanın dini dəyərlərə ehtiramı məscidlərin bərpasında, yeni ibadət ocaqlarının tikintisində və tarixi-mədəni irsin qorunmasında aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası xalqımızın tarixi yaddaşının yaşadılması baxımından xüsusi məna daşıyır. Dünyəvilik isə bu dəyərlərin qorunması ilə yanaşı, dövlət və cəmiyyət həyatının hüquqi əsaslarla təşkil edilməsini təmin edir.

Beləliklə, milli həmrəyliyin qorunması, gənc nəslin savadlı və vətənpərvər yetişdirilməsi, dini və mədəni müxtəlifliyə hörmətlə yanaşılması Azərbaycanın ideoloji təhlükəsizliyinin əsas istiqamətlərindəndir. Cəmiyyətdə sağlam düşüncə mühitinin formalaşdırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və yanlış təbliğata qarşı obyektiv məlumatlandırmanın aparılması olduqca önəmlidir. Milli dəyərlərə bağlılıq, dünyəvilik və qanunun aliliyi əsasında qurulan ictimai münasibətlər dövlət müstəqilliyinin möhkəmlənməsinə və gələcək nəsillərin sağlam inkişafına xidmət edir.

Asif Əsgərov,

Milli Məclisin deputatı