Azərbaycan və Türkiyə Prezidentlərinin Zəfər Günündə Şuşada təşkil olunan birgə mətbuat konfransı və orada verilən mesajlar, sadəcə, iki liderin cari siyasi görüşü deyil, regional və qlobal miqyasda geostrateji balansı yenidən müəyyənləşdirən tarixi bir hadisədir. Liderlərin əl-ələ verərək dünyaya nümayiş etdirdikləri səmimi və qətiyyətli duruş Bakı-Ankara oxunu sarsıtmaq və iki dövlət arasında nifaq toxumu səpmək istəyən bütün qüvvələrin çoxillik planlarını alt-üst edərək tam bir uğursuzluğa məhkum etdi.
Noyabrın 8-də Şuşadan verilən bəyanatlar Azərbaycan dövlətinin strateji qətiyyətinin və Prezident İlham Əliyevin Türk dünyasının birliyinə verdiyi müstəsna önəmin təcəssümü olmaqla, münasibətlərimizin, sadəcə, diplomatik protokollar və ya keçici siyasi maraqlar üzərində deyil, sarsılmaz qan, dil, tarix və mənəviyyat təməli üzərində qurulduğunu və bu dostluğun həm də gələcək nəsillərə əmanət edilən ən böyük sərvət olduğunun direktivinə çevrildi. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi Cənubi Qafqazda mənfur məqsədlərə xidmət edən təhlükəli manevrlərlə gərginliyi arzu edən qlobal aktorlara bölgədə Bakı və Ankaranın birgə iradəsinin həlledici amil olduğunu göstərmiş oldu. Azərbaycan-Türkiyə münasibətlərində süni qarşıdurma yaratmaq, "fake news" hücumları ilə təxribatlara yol açmağa çalışanların bütün xəyalları məhz Şuşa zirvəsi ilə yerlə-yeksan oldu.
Bu mənada, Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Şuşaya səfəri və Prezident İlham Əliyevlə həmrəylik nümayişi Azərbaycan-Türkiyə münasibətlərinin mühüm bir sınaqdan keçərək keyfiyyətcə daha yüksək və sarsılmaz bir mərhələyə yüksəldiyini göstərmiş oldu.
İbrahim Zahidli, politoloq.