Dünya Teatrı Zəfər Gününə həsr olunmuş “Kamança” tamaşasını təqdim edib

Xəzər Universiteti Dünya məktəbində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 1920-ci ildə Şuşada qələmə aldığı “Kamança” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Zəfər Gününə həsr edilən səhnə əsəri klassik Azərbaycan dramaturgiyasının humanist ideyalarını milli yaddaş və Vətən sevgisi kontekstində təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Murad Allahverdi, rejissoru Elçin Muradov, təşkilati işlər üzrə rəhbəri Dilarə İsgəndərzadə, prodüseri isə Nailə Mirzəzadədir. Dünya Teatrının təqdimatında müəllim və şagirdlər eyni səhnəni bölüşərək əsərin obrazlarını canlandırıblar. Tamaşada millət vəkili Cavanşir Feyziyev və digər dəvətli qonaqların iştirakı ilə keçirilib.

Tamaşada iştirak edən aktyorlar: Elçin Muradov, Kübra Quliyeva, Tahirə Bayramova, Lalə Namazova, Elşad Rzayev, Əli Əhədzadə, Ülviyyə Rza, Arian Zamiri, Hüseyn Nağıyev, Ayaz Məmmədov və Tunar Behbudludur. Əsərin mərkəzində dayanan Qəhrəman yüzbaşı obrazı pyesin əsas mənəvi konfliktini-qisas hissi ilə mərhəmət arasındakı mübarizəni ifadə edir. Dostlarının ermənilər tərəfindən öldürülməsi onun daxilində intiqam istəyi ilə insan həyatına və mənəvi dəyərlərə hörmət arasında dərin qarşıdurma yaradır.

Cəlil Məmmədquluzadə bu obraz vasitəsilə müharibənin insan talelərində açdığı yaraları, milli ədavətin faciəvi nəticələrini və humanizmin mənəvi gücünü ön plana çəkir. Tamaşanın yaradıcı xüsusiyyətlərindən biri də orijinal əsərin süjetinə daxil edilən improvizasiya elementləri olub. Pyesdəki erməni kamançaçı Baxşının ifası ilə yanaşı, səhnə təqdimatında azərbaycanlı kamançaçı obrazına da yer verilib. İki kamançaçının ifası üzərində qurulan səhnələr musiqinin dili ilə münaqişənin yaratdığı faciəni, qarşıdurmanı və sənətin birləşdirici gücünü ifadə edib. Bu yaradıcılıq əsərin ideya xəttini genişləndirərək tamaşaya əlavə bədii çalarlar qazandırıb.

Pyesin finalında qisas hissinin mərhəmət qarşısında geri çəkilməsi müəllifin humanist mövqeyini ifadə edir. Bu baxımdan “Kamança” milli yaddaşı, insanlıq dəyərlərini və mənəvi seçimin əhəmiyyətini ön plana çəkən dramaturji nümunədir. Tamaşadan sonra çıxış edən professor Hamlet İsaxanlı səhnə əsərini yüksək qiymətləndirib.

O, xüsusilə orijinal süjetə əlavə olunan improvizasiya elementlərinin təqdimata gətirdiyi yaradıcı yeniliyi qeyd edib və vurğulayıb: “Sənət bizi birləşdirir”. Dünya Teatrının bu təqdimatı Cəlil Məmmədquluzadənin klassik əsərini Zəfər Gününün tarixi və mənəvi məzmunu ilə əlaqələndirib. Vətənə bağlılıq, milli-mədəni irsə hörmət və kamançanın Azərbaycan musiqi mədəniyyətindəki yeri tamaşanın əsas ifadə vasitələri kimi çıxış edib.