Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan ənənəvi tədbirlər ictimai sektor nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Gəncə şəhərində keçirilən IV QHT Əməkdaşlıq Forumunun yekunları və tədbirin əhəmiyyəti barədə təəssüratlarını bölüşən “Qadın dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva qeyd edib: “QHT Agentliyi tərəfindən QHT-lərin Əməkdaşlıq Forumunun keçirilməsi artıq bir ənənə olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin, dəyərli Aygün xanımın, eləcə də Agentliyin peşəkar komandasının təşkilatçılığı ilə Forumun keçirildiyi 2 gün ərzində çox lazımlı bilgilər əldə edə bildik, yeni tanışlıqlar qazandıq. Eləcə də əvvəldən tanıdığımız dostlarımızın uğur hekayələri ilə tanış olduq.
İki gün ərzində Agentliyin rəhbərliyi və əməkdaşları tərəfindən hər bir iştirakçıya göstərilən diqqət və qayğının şahidi olduq. Panel müzakirələrində fikir mübadilələri ilə yanaşı, zamanın tələbindən irəli gələn vacib məlumatlar da əldə etdik.
Forumda həmçinin dövlətimiz tərəfindən istər ölkəmizin, istərsə də vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qarşıda duran prioritet vəzifələrlə bağlı mühüm mesajlar aldıq.
Bir daha Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədri Aygün xanım Əliyevaya və agentliyin səmimi və işgüzar kollektivinə öz təşəkkürümü bildirirəm! Siz möhtəşəm Forumun möhtəşəm təşkilatçıları idiniz!
Agentliyə, iştirakçılara, o cümlədən QHT-lərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!”