8 Noyabr! Əslində bu günün əsl mənasını, mahiyyətini, əhəmiyyətini dərk etmək, izah etmək üçün təkcə sözlərin gücü yetməz, amma bunu bir cümlə ilə ifadə etmək məcburiyyətində qalsaq, onda belə demək olar: ”8 noyabr-Azərbaycan xalqının milli qürurun bərpası, dirçəlişin, sarsılmaz birliyin və tarixi ədalətin təntənəsi günüdür”
Bəşər tarixi zaman-zaman böyük sınaqlarla, fırtınalı dönəmlərlə və unudulmaz zəfərlərlə yazılır. Lakin bəzi tarixlər var ki, onlar təqvimlərin adi bir vərəqi deyil, bir millətin sınmış qürurunun bərpa olunduğu, mənliyinin, şərəfinin və azadlıq ruhunun yenidən doğulduğu möhtəşəm dönüş nöqtəsidir. Azərbaycanımızın müasir tarixində 30 illik həsrətdən sonra hər bir azərbaycanlının başını uca edən, gözlərdə qürur yaşına səbəb olan həmin tarixi gün — Müqəddəs Zəfər Günüdür!"
Zəfərə aparan yol: İllərin nisgili, tarixi şərait və sarsılmaz iradə
İyirmi səkkiz il çəkən işğal dövrü sadəcə zamanın axarı deyildi; hər bir azərbaycanlının qəlbində heç vaxt sönməyən, hər səhər bizimlə oyanan dərin bir nisgil, sızlayan bir yara idi. Qarabağın həsrəti, Xocalının fəryadı, dağıdılmış kəndlərimizin, təhqir olunmuş məscidlərimizin səssiz harayı illərlə çiyinlərimizdə ağır bir mənəvi yükə çevrilmişdi. Beynəlxalq təşkilatların kağız üzərində qalan, icra olunmayan qətnamələri, ikili standartlar və bitmək bilməyən nəticəsiz sülh danışıqları göstərdi ki, beynəlxalq hüquq bəzən susur və ədalət göydən düşmür — onu öz gücünlə, öz qanınla, polad iradənizlə və dəmir yumruğunla bərpa etməlisən.
Bu illər ərzində Azərbaycan xalqı bir an belə ümidini itirmədi, ruhən sınmadı. Ölkə başçısının uzaqgörən, məqsədyönlü siyasəti sayəsində addım-addım sarsılmaz iqtisadi təməllər quruldu, modern, ən müasir texnologiyalarla təchiz olunmuş nizamlı ordu formalaşdırıldı. Amma ən əsası — məktəb partalarından vətənpərvərlik ruhunda böyüyən, Qarabağı görməsə də onun uğrunda canından keçməyə hazır olan mərd bir gənclik nəsli yetişdi. Diplomatik müstəvidə atılan qətiyyətli addımlar və hərbi quruculuq ölkəmizi qaçılmaz Zəfər gününə adım-adım yaxınlaşdırdı.
44 günlük Vətən Müharibəsi: Qəhrəmanlıq, iradə, cəsarət və milli birlik
2020-ci ilin 27 sentyabrında səbrimiz daşdı, tarix saatınınədalətin zəngi çaldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın hərb tarixini qızıl hərflərlə təzədən yazdı. Keçilməz sayılan "Ohanyan səddi" yarıldı, düşmənin illərlə qurduğu istehkamlar darmadağın edildi. Mürəkkəb dağlıq coğrafiyada, sıldırım qayalıqları yalın əllə, xəncərlə dırmaşaraq, əlbəyaxa döyüşlərlə Şuşanı azad edən qəhrəman zabit və əsgərlərimiz dunya hərb elminə yeni bir dastan yazdı.
Əlbəttə ki, 44 günlük Vətən müharibəsinin ən taleyüklü və mürəkkəb mərhələsi, heç şübhəsiz, Şuşa uğrunda döyüşlər idi. Təkcə coğrafi mövqeyinə görə deyil, Azərbaycanın tarixi, mədəniyyəti və milli kimliyi baxımından da xüsusi əhəmiyyət daşıyan Şuşanın azad edilməsi müharibənin gedişində həlledici hadisəyə çevrildi.Məhz bu döyüşlərdə göstərdikləri şücaət Azərbaycan Ordusunun hazırlıq səviyyəsini və döyüş ruhunu nümayiş etdirdi. Bu, yalnız hərbi taktikanın deyil, həm də insan iradəsinin, Vətən sevgisinin və torpaq uğrunda ölümə hazır olmağın təntənəsi idi. Bir sözlə Şuşanın fathi, qəhrəmanlığın tarixə çevrildiyi gündür
Eyni zamanda 44 günlük müharibəni yalnız hərbi əməliyyatların xəritəsi, azad edilən şəhər və kəndlərin siyahısı ilə qiymətləndirmək düzgün olmazdı. Bu müharibənin ən mühüm xüsusiyyətlərindən biri də cəbhə ilə arxa cəbhə arasında yaranmış möhkəm vəhdət idi.Cəbhədə döyüşən əsgər və zabitlərimiz arxalarında bütöv bir xalqın dəstəyini hiss edirdilər. İnsanlar qanvermə aksiyalarında iştirak edir, könüllü yardımlar təşkil edir, hərbçilərin ailələrinə dəstək göstərir, informasiya mübarizəsində fəallıq nümayiş etdirirdilər. Yeri gəlmişkən bəlkə də uzun illərdən bəri ilk dəfə idi ki, düşmən həm də informasiya müharibəsində də məğlub edilmişdi. Azərbaycan cəmiyyətində siyasi baxışından, sosial vəziyyətindən və yaşından asılı olmayaraq, insanları birləşdirən əsas məqsəd torpaqlarımızın azad edilməsi idi.
Xüsusilə gənclərin müharibəyə münasibəti, könüllü olaraq orduya yazılmaq istəyi, xaricdə yaşayan soydaşlarımızın informasiya müstəvisində fəallığı milli həmrəyliyin miqyasını göstərirdi.
Bu mənada 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz dövlətinə, ordusuna və milli ideallarına bağlılığının böyük sınağı oldu.
Yuxarıda qeyd olunanları, qələbəmizdən keçən 6 il ərzində müxtəlif kürsülərdən deyilənləri, yazılanları, və s.təhlil edərək nəticəyə gəlmək olar ki, bu Zəfər üç sarsılmaz sütun üzərində yüksəldi:
Zəfərin ölkədaxili nəticələri:
8 Noyabr Zəfəri ölkəmizin daxili mənəvi dünyasında köklü bir dəyişiklik etdi. Otuz ilə yaxın çiyinlərimizdə daşıdığımız "məğlubiyyət" kompleksi bir anda yox oldu, yerini milli qürurun bərpasına, alnıaçıqlığa verdi. Bu qələbə cəmiyyətin bütün təbəqələrini vahid milli məfkurə ətrafında sıx birləşdirdi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng bir quruculuq meydanına çevrilib, yollar, hava limanları, smart kəndlər salınır, İllərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı ilə həmin torpaqlara təkcə insan axını deyil, ruh, həyat və gələcək də geri dönür. Zəfər təkcə torpaqlarımızı deyil, həm də həyatı o yerlərə geri qaytardı.
Zəfərin regional və qlobal siyasətə təsiri: Yeni geopolitik reallıq
Təbii ki, qazanılan Zəfər təkcə ölkəmizin sərhədləri daxilində qalan bir hadisə deyil, Cənubi Qafqazın və geniş mənada Avrasiya məkanının geopolitik xəritəsini kökündən dəyişən qlobal bir uğur olmaqla yanaşı, regional güc balansına və beynəlxalq münasibətlər sistemindəki bir sıra yanaşmalara da təsir göstərdi.
İlk növbədə, müharibə regionda onilliklər ərzində formalaşmış status-kvonu alt-üsüt etdi. Uzun müddət həll olunmamış münaqişə və nəticəsiz danışıqlar fonunda yaranmış vəziyyət artıq əvvəlki şəkildə davam edə bilməzdi. Azərbaycan hərbi əməliyyatlar nəticəsində ərazilərinin mühüm hissəsini azad etməklə münaqişənin siyasi və hərbi reallıqlarını dəyişdirdi. Məhz Azərbaycan Cənubi Qafqazda yeni sülh mənzərəsinin konturlarınıcızdı. İşğalın amilinin aradan qaldırılması ilə regionda dayanıqlı sülh, təhlükəsizlik və strateji nəqliyyat-logistika layihələrinin gerçəkləşməsi üçün tarixi şans yarandı.
İkincisi, bu nəticə beynəlxalq münasibətlərdə mühüm bir məqamı da gündəmə gətirdi: beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qəbul olunmuş qərarların real həyatda təmin edilməsi məsələsi, beynəlxalq təşkilatların münaqişələrin həlli mexanizmlərinin effektivliyi barədə də ciddi suallar doğurdu. Azərbaycan göstərdi ki, beynəlxalq hüquq kağız üzərində qalmamalıdır; ölkəmiz öz gücü ilə BMT qətnamələrini icra edərək dünyada ədalətin haqlının tərəfində olması gərəkdiyini sübut etdi, yəni dolayısı ilə Beynəlxalq hüququn təntənəsinə zəmin yaratdı.
Üçüncüsü, bu Qələbə Türk dünyasının tarixi inteqrasiyasına güclü təkan verdi, türk dövlətlərinin birliyini, qardaşlığını və strateji mütəffiqliyini keyfiyyətcə yeni bir mərhələyə qaldırdı, Türk Dövlətləri Təşkilatının güclənməsinə şərait yaratdı.
Həmçinin Zəfərin beynəlxalq siyasi təsirlərindən danışarkən daha bir vacib məqamı unutmaq olmaz. Azərbaycan müharibədən sonra da öz xarici siyasətində ərazi bütövlüyü və suverenlik məsələlərini prioritet saxladı. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri və Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası prosesi bu tarixi mərhələnin sonrakı mühüm hadisəsi oldu. Beləliklə, 2020-ci ilin Zəfəri ilə başlayan proses dövlət suverenliyinin ölkənin bütün ərazisində təmin olunması ilə yeni mərhələyə keçdi.
Nəhayət, Zəfərimiz, eyni zamanda, Azərbaycanınbeynəlxalq münasibətlər sistemindəki mövqeyinin yenidən qiymətləndirilməsinə səbəb oldu. Artıq dövlətimiz yalnız enerji resursları, coğrafi mövqeyi və regional əməkdaşlıq imkanları ilə deyil, həm də müstəqil siyasi qərarlar qəbul etmək, milli maraqlarını müdafiə etmək və öz təhlükəsizlik məsələlərini həll etmək imkanlarına malik dövlət kimi diqqət mərkəzində idi.
. Bu baxımdan qazanılan Qələbə Azərbaycanın qlobal siyasətdə iradə diktə edən müstəqil subyekt kimi mövqeyini sarsılmaz etdi, ölkəmizin strateji çəkisini artırdı, beynəlxalq münasibətlər sistemində güclü aktor və regional geo-siyasəti müəyyən edən əhəmiyyətli güc mərkəzi olduğunu təsdiqlədi.
Yekun olaraq;
8 Noyabr — bizim namusumuzun, ləyaqətimizin və əbədi azadlığımızın bayramıdır. Bu Zəfər bizə həm də böyük bir məsuliyyət qoyur: müqəddəs Zəfərimizi göz bəbəyi kimi qorumaq, şəhidlərimizin bizə əmanət etdiyi övladlarına və bu torpaqlara sahib çıxmaq.
Biz bu tarixi günü bizə bəxş edən, canını Vətən torpağına fəda edən bütün müqəddəs şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik, qazilərimizə şərəfli ömür arzulayırıq.
Zəfərimiz əbədi, Bayrağımız uca, Müzəffər Xalqımız və Qüdrətli Vətənimiz daim var olsun!
Siyai şərhçi
Əhməd N. Abbasbəyli