Zəfərimiz tariximizin qüruru, dövlətimizin qüdrəti, xalqımızın əbədi iftixarıdır

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir.

Otuz ilə yaxın davam edən işğal dövründə xalqımız ağır məhrumiyyətlərə, faciələrə və ədalətsizliklərə məruz qaldı. Ancaq heç zaman torpaqlarımızın işğalı ilə barışmadı, qələbəyə olan inamını itirmədi. Azərbaycan dövləti isə bu müddət ərzində öz gücünü səfərbər etdi. Prezident İlham Əliyev ən mürəkkəb geosiyasi şəraitdə belə milli maraqlarımızdan bir addım da geri çəkilmədi. Məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi potensialı gücləndirildi, müasir və qüdrətli ordu formalaşdırıldı, Azərbaycanın tarixi Zəfərinə möhkəm zəmin yaradıldı.

6 il öncə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ermənistanın ölkəmizin ərazilərinin təxminən 30 il davam etmiş işğalına son qoyulub. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi hərb tariximizə qızıl hərflərlə yazılan, hərbi məharətin, cəsarətin və qəhrəmanlığın misilsiz nümunəsinə çevrilən tarixi əməliyyat oldu. Şuşa Zəfəri Azərbaycanın qələbə əzmini sarsıtmağa çalışan bütün qüvvələrə verilən ən tutarlı cavab idi.

2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam olaraq bərpa edilib. Vətən müharibəsində qazanılmış Zəfər sübut etdi ki, heç bir qüvvə milli birliyi, dövlətçilik əzmini və xalqımızın öz torpaqlarına sahib çıxmaq qətiyyətini sarsıda bilməz. Son illər ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. “Böyük Qayıdış” Proqramı çərçivəsində müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir.

XXI əsrdə öz ərazi bütövlüyünü və suverenliyini kənar hərbi müdaxilə və himayəyə arxalanmadan, öz milli gücü və iradəsi hesabına bərpa edən Azərbaycan bu gün dünyada suverenlik uğrunda mübarizə aparan dövlətlər üçün mühüm örnəyə çevrilib. Biz sübut etdik ki, güclü dövlətçilik, milli birlik və qətiyyət olduqda heç bir tarixi ədalətsizlik əbədi davam edə bilməz.

Bu Zəfər, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, onun ən böyük arzusunun gerçəkləşməsi idi. Prezident İlham Əliyev öz qətiyyətli liderliyi ilə Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, iki əsr ərzində müstəqil, bütöv və suveren Azərbaycan arzusu ilə yaşamış ziyalılarımızın, mütəfəkkirlərimizin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin arzularını reallığa çevirdi.

Bu, sadəcə torpaqların azad edilməsi deyildi. Bu, xalqın tarixi yaddaşının, milli qürurunun və öz gücünə inamının bərpası idi. Bu Qələbə əyilmiş qəddimizi dikəltdi, milli ruhumuzu yüksəltdi və tariximizin gedişatını dəyişdi!

Azərbaycan həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini irəlilədir. Azərbaycanın keçən dövr ərzində Ermənistana münasibətdə qarşılıqlı etimadın yaradılması istiqamətində atdığı məqsədyönlü və ardıcıl addımlar Cənubi Qafqaz regionunun münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilməsinə xidmət edir. Bütün bunlar Azərbaycanın yaratdığı reallıqlara görə mümkün olub. Zəfərimiz tariximizin qüruru, dövlətimizin qüdrəti, xalqımızın əbədi iftixarıdır.

Cənubi Qafqaz revanşizmin, qarşıdurmanın və silahlanma yarışının deyil, sülhün, sabitliyin, mehriban qonşuluğun və qlobal əməkdaşlığın məkanına çevrilməlidir. Bunun üçün ilk növbədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, ölkəmizə qarşı yönəlmiş düşmənçilik siyasətindən və revanşist iddialardan birdəfəlik imtina olunmalıdır.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.

Zəfər Günümüz mübarək!

Elnarə Həziyeva