Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gücünü və sarsılmazlığını nümayiş etdirən mühüm siyasi hadisədir. Bu səfər iki ölkə arasındakı qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla yanaşı, Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesaj kimi də qiymətləndirilməlidir.
Milli Məclisin deputatı Samir Vəliyev *“Realist.az”*-a açıqlamasında bildirib ki, Türkiyə Prezidentinin məhz Şuşada və Zəfər Günündə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olması xüsusi rəmzi məna daşıyır.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə münasibətləri siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində də ardıcıl şəkildə inkişaf edir. Bu səfər mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə hərbi-texniki əməkdaşlığın gücləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi və enerji təhlükəsizliyi məsələlərində koordinasiyanın artırılması mühüm əhəmiyyət daşıyır.
Samir Vəliyev hesab edir ki, səfərin digər mühüm tərəfi Cənubi Qafqazın geosiyasi gələcəyi ilə bağlıdır. Hazırda region yeni siyasi və iqtisadi reallıqlar mərhələsinə daxil olur. Azərbaycan və Türkiyənin əsas hədəflərindən biri bu reallıqları regional əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inkişaf üçün əlverişli imkanlara çevirməkdir.
O qeyd edib ki, Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, Şərq-Qərb ticarət əlaqələrinin inkişafı Azərbaycan-Türkiyə əməkdaşlığının regional əhəmiyyətini daha da artırır.
Deputatın fikrincə, Şuşa səfəri Ermənistana da mühüm siyasi mesajdır. Azərbaycan və Türkiyə regionda davamlı sülhün, qarşılıqlı etimadın və iqtisadi əməkdaşlığın tərəfdarıdır. Bunun üçün region dövlətlərinin suverenliyinə hörmət edilməsi, qarşılıqlı maraqların nəzərə alınması və əldə olunmuş razılaşmaların icrası vacibdir. Cənubi Qafqazın gələcəyi qarşıdurma və rəqabət deyil, əməkdaşlıq və iqtisadi inteqrasiya üzərində qurulmalıdır.
Samir Vəliyev vurğulayıb ki, Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə uzlaşdırılmış siyasəti Türk dünyasının inteqrasiyasına, regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə və beynəlxalq platformalarda ortaq maraqların müdafiəsinə də mühüm töhfə verir.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə ünvanladığı təbrikdə Şuşa Bəyannaməsinə, “Bir millət, iki dövlət” prinsipinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinin vacibliyinə xüsusi diqqət yetirməsini də səfərin siyasi mahiyyətini ifadə edən mühüm məqam kimi dəyərləndirib.
“Ərdoğanın Şuşaya səfəri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisədir. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız ortaq tarix və qələbələrlə deyil, həm də gələcəyə dair vahid strateji baxışla bir-birinə bağlıdır. Əminəm ki, iki ölkənin siyasi iradəsi, qarşılıqlı etimadı və strateji əməkdaşlığı Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynamaqda davam edəcək. Şuşadan verilən əsas mesaj isə budur: Azərbaycan və Türkiyə regionun gələcəyinin müəyyənləşdirilməsində fəal rol oynayan, sabitlik və əməkdaşlıq naminə birgə hərəkət edən iki strateji müttəfiqdir”, – deyə deputat bildirib.
Şəlalə Camal Realist.az