Prezident İlham Əliyev: “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu”
Qlobal enerji
bazarlarının sürətlə dəyişdiyi, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizlik
strategiyalarının ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə Azərbaycan etibarlı
tərəfdaş və mühüm enerji təchizatçısı kimi beynəlxalq mövqeyini daha da gücləndirir.
Xəzər hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılmasında
mühüm rol oynayan ölkəmiz son üç onillik ərzində həyata keçirdiyi uzaqgörən
enerji siyasəti sayəsində regional enerji mərkəzindən qlobal enerji gündəliyinin
vacib iştirakçısına çevrilib.
Məhz bu strateji inkişafın
və uğurlu enerji diplomatiyasının növbəti təzahürü olan Bakı Enerji Həftəsi hər
il dünyanın aparıcı enerji şirkətlərini, siyasətçilərini, investorlarını və
ekspertlərini Bakıda bir araya gətirir. 2026-cı il iyunun 1-də tədbirin rəsmi
açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji
sektorunda əldə etdiyi nailiyyətləri, "Şahdəniz" layihəsinin tarixi əhəmiyyətini,
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcəyə
hesablanmış enerji strategiyasını diqqətə çatdırdı. Dövlət başçısının səsləndirdiyi
fikirlər Azərbaycanın enerji sahəsində keçdiyi inkişaf yolunun və qarşıda duran
yeni hədəflərin dolğun mənzərəsini ortaya qoydu. Prezidentin çıxışı həm Azərbaycanın
enerji tarixinin mühüm mərhələlərinə nəzər saldı, həm də gələcək inkişaf
perspektivlərini əhatə etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Xəzər
Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının əsasını qoyan mühüm
platformalardan biri olub. İlk illərdə daha məhdud formatda keçirilən bu tədbir
zaman keçdikcə genişlənərək beynəlxalq enerji sənayesinin nüfuzlu görüş məkanına
çevrilib. Bu gün həmin sərgi və konfranslar kompleksi “Bakı Enerji Həftəsi” adı
altında dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərinin
rəhbərlərini, investorları və ekspertləri bir araya gətirir.
Bakı Enerji Həftəsi artıq təkcə sərgi deyil, həm
də yeni tərəfdaşlıqların qurulduğu, enerji bazarlarının gələcəyinin müzakirə
edildiyi və strateji qərarların formalaşdırıldığı beynəlxalq platformadır. Bu tədbir
Azərbaycanın enerji diplomatiyasının mühüm alətlərindən birinə çevrilib.
Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, dünyanın ən iri qaz
yataqlarından biri olan Şahdəniz qaz-kondensat yatağı ilə bağlı müqavilənin
imzalanmasından düz 30 il ötür. 1996-cı ilin iyun ayında imzalanan bu müqavilə
Azərbaycanın qaz sənayesində yeni mərhələnin başlanğıcı oldu.
“Şahdəniz” yatağının işlənilməsi ölkənin təbii
qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaratdı. Sonrakı
illərdə həyata keçirilən iri infrastruktur layihələri nəticəsində Azərbaycan
etibarlı qaz ixracatçısına çevrildi. Bu layihə yalnız iqtisadi gəlirlər
baxımından deyil, həm də ölkənin geosiyasi mövqeyinin güclənməsində mühüm rol
oynadı.
Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin
vacib elementlərindən biri hesab olunur. Bir çox dövlətlər enerji mənbələrinin
şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirirlər.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan artıq yalnız enerji
istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı
tərəfdaş kimi tanınır. Son illərdə ölkənin qaz ixrac etdiyi dövlətlərin sayı
artıb və yeni bazarlar formalaşıb. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub
Qaz Dəhlizi layihəsi Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarlarına
çatdıran strateji enerji dəhlizinə çevrilib. Bu layihə regionlararası əməkdaşlığın
uğurlu nümunəsi kimi qiymətləndirilir və enerji təhlükəsizliyi sahəsində mühüm
rol oynayır.
Qlobal
enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın sabit və
etibarlı təchizatçı kimi mövqeyi daha da möhkəmlənib. Müxtəlif ölkələr Azərbaycanla
uzunmüddətli enerji əməkdaşlığına maraq göstərirlər. Prezident İlham Əliyev
çıxışında Bakı Enerji Həftəsinin əhəmiyyətinin beynəlxalq səviyyədə də yüksək
qiymətləndirildiyini qeyd etdi. Bu kontekstdə o, ABŞ Prezidenti Donald Trump tərəfindən
göndərilən nəzakətli məktuba diqqət çəkdi: “Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin
tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş
naziri Starmerə təşəkkürümü bildirirəm.
Enerji məsələsini yenidən
normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür.
Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və
şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin
dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə
sıxışdırılırdılar”. Məktub
Azərbaycanın qlobal enerji bazarındakı roluna, enerji təhlükəsizliyinə verdiyi
töhfələrə və beynəlxalq əməkdaşlıq siyasətinə verilən önəmin göstəricisi kimi dəyərləndirilə
bilər. Bu cür mesajlar Azərbaycanın enerji diplomatiyasının beynəlxalq səviyyədə
qəbul olunduğunu və ölkənin strateji tərəfdaş kimi nüfuzunu təsdiqləyir.
Azərbaycan ənənəvi enerji sektorunda qazandığı
uğurlarla yanaşı, bərpa olunan enerji sahəsinə də ciddi investisiyalar yönəldir.
Xəzər dənizinin külək potensialı, günəş enerjisi layihələri və yaşıl enerji
ixracı istiqamətində görülən işlər ölkənin enerji strategiyasının yeni mərhələsini
formalaşdırır. Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji, enerji keçidi,
karbon emissiyalarının azaldılması və innovativ texnologiyalar da geniş müzakirə
olunur. Bu isə Azərbaycanın gələcəkdə həm ənənəvi, həm də alternativ enerji sahələrində
regional lider mövqeyini qorumaq niyyətini nümayiş etdirir.
2026-cı il Bakı Enerji Həftəsinin açılış mərasimində
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklər ərzində enerji
sektorunda keçdiyi uğurlu inkişaf yolunu bir daha nümayiş etdirdi. Xəzər Neft və
Qaz Sərgisindən başlayan yol bu gün qlobal enerji gündəmini formalaşdıran Bakı
Enerji Həftəsinə çevrilib.
“Şahdəniz” layihəsinin 30 illiyi, Azərbaycanın
artan qaz ixracı, beynəlxalq tərəfdaşlarla möhkəmlənən əməkdaşlıq və enerji təhlükəsizliyinə
verilən töhfələr ölkənin strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı,
yaşıl enerji istiqamətində atılan addımlar Azərbaycanın gələcəyin enerji xəritəsində
də mühüm yer tutacağını göstərir. Bakı Enerji Həftəsi artıq təkcə bir tədbir
deyil, Azərbaycanın iqtisadi gücünün, enerji diplomatiyasının və beynəlxalq
nüfuzunun simvoluna çevrilmiş qlobal platformadır.
Rüstəmova
Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent