Dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi müasir beynəlxalq münasibətlər sisteminin əsas tələblərindən biridir. Azərbaycan da dövlət müstəqilliyini bərpa etdikdən sonra milli maraqlarına söykənən, balanslaşdırılmış və praqmatik xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa nail olub. Bu siyasət ölkənin dünya birliyinə uğurlu inteqrasiyasını təmin etməklə yanaşı, milli maraqların qorunmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Hazırkı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri region ölkələri və beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qlobal təşəbbüslərdə fəal iştirakın təmin edilməsidir. Bu baxımdan regional sülhün, təhlükəsizliyin və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması iqtisadi inkişaf, xarici investisiyaların cəlb edilməsi və yeni əməkdaşlıq imkanlarının yaranması üçün əsas şərtlərdən hesab edilir. Buna görə də qonşu dövlətlərlə konstruktiv dialoqun inkişafı və regional kommunikasiya layihələrinin həyata keçirilməsi Azərbaycanın strateji prioritetləri sırasında mühüm yer tutur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda". Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirir və bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və praqmatik münasibətlərə üstünlük verir.
Bu gün Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də qlobal enerji təhlükəsizliyinə töhfə verməkdir. Xüsusilə Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat-logistika layihələri Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir və ölkənin geoiqtisadi əhəmiyyətini artırır.
Bununla yanaşı, Azərbaycan BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığını ardıcıl şəkildə inkişaf etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq". Bu münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Azərbaycan eyni zamanda müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq edən etibarlı körpü rolunu uğurla yerinə yetirir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, forumlar və qlobal təşəbbüslər onun beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirir.
Müasir dövrdə yaşıl enerji, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və dayanıqlı inkişaf kimi istiqamətlər beynəlxalq əməkdaşlığın yeni prioritetlərini müəyyən edir. Azərbaycan da bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, innovativ texnologiyaların tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl addımlar ataraq dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirir.
Bütün bunlarla yanaşı, Azərbaycanın artan beynəlxalq nüfuzu, əldə etdiyi siyasi və iqtisadi uğurlar bəzi qərəzli dairələrin narahatlığına səbəb olur. Ayrı-ayrı qərəzli mərkəzlər ölkəmizin inkişafına kölgə salmağa, onun beynəlxalq imicinə xələl gətirməyə və uğurlarını gözdən salmağa yönəlmiş müxtəlif əsassız kampaniyalar aparmağa cəhd göstərirlər. Lakin həyata keçirilən müstəqil və prinsipial siyasət, əldə olunan real nəticələr, beynəlxalq tərəfdaşlarla qurulan etibarlı münasibətlər və Azərbaycanın qlobal layihələrdə artan rolu bu destruktiv cəhdlərin tamamilə nəticəsiz qaldığını nümayiş etdirir. Ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və regional əməkdaşlıq təşəbbüslərində aparıcı mövqe tutması qərəzli dairələrin planlarının iflasa uğradığını bir daha təsdiqləyir.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə, milli maraqlarının etibarlı şəkildə təmin olunmasına, regionda sülhün və əməkdaşlığın təşviqinə, eləcə də ölkəmizin etibarlı və məsuliyyətli tərəfdaş kimi nüfuzunun davamlı şəkildə artmasına xidmət edir.